SON XƏBƏRLƏR

Borçalıya "dil muxtariyyatı"

2021.10.20, 07:36
Borçalıya "dil muxtariyyatı"

Gunaz.tv
Zəlimxan Məmmədli: "Bu məsələ rəsmi Tiflislə müzakirə olunmalıdır" Zərdüşt Əlizadə: "Qoy, zəhmət çəkib gürcü dilini öyrənsinlər" Nəsib Nəsibli: "Sənədləri gürcü dilinə çevirib, arxivlərə və ya başqa instansiyalara göndərmək nə çətin işdir?" DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Bu günlərdə Gürcüstanda fəaliyyət "Qeyrət" Xalq Hərəkatının rəhbəri Əlibala Əsgərov Bakıda keçirdiyi tədbirdə Borçalıda Azərbaycan dilinə "bölgə dili" statusunun verilməsi məsələsini qaldırıb. Onun bu barədə fikirləri mətbuatda geniş işıqlandırılıb və mövzu ətrafında müəyyən polemikaya başlanılıb. Ümumiyyətlə, bir sıra ciddi sosial-iqtisadi problemləri olan Borçalıda Azərbaycan dilindən istifadə məsələsinə gönəlik həssaslıq daha böyükdür. Qonşu ölkədə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin bir çoxunun bağlanması haqda faktlar da ciddi müzakirə olunan məsələlər sırasında idi. İndi Borçalı ziyalıları Bakıya gələrək, oraya heç olmasa, "dil muxtariyyatı" verilməsi məsələsində dəstək istəyirlər. Ümumiyyətlə, Borçalıda belə düşünürlər ki, bölgədə yaranmış vəziyyət Azərbaycanın Gürcüstana diqtə imkanlarını xeyli genişləndirib və bu mənada Bakı istənilən məsələdə Tiflisə təzyiq göstərə bilər. Bununla belə, Zümrüd Əsgərovun haqqında böyük həyəcanla danışdığı həmin məsələyə münasibət birmənalı deyil. Bu barədə fikir bildirən politoloqlar fərqli mövqelərdən çıxış edirlər. "Borçalı" cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli mətbuata açıqlamasında deyib ki, bu mövzuda çox ucadan danışmadan, taktik davranmaq lazımdır. Zəlimxan Məmmədliyə görə, deyilən məsələni Gürcüstan hakimiyyəti ilə ətraflı müzakirə etmək və onun həllinə çalışmaq lazımdır: "Birincisi, mən tərəfdarıyam ki, Borçalıda yaşayan hər bir soydaşımız dövlət dili olan gürcü dilini öyrənsin. Bölgədə Azərbaycan dilinin tətbiqinə gəlincə, bunun sərhədləri müəyyən olunmalıdır. Məsələn, sənədləşmə işlərində bu qaydanın tətbiqi müəyyən problemlər yarada bilər. Təsəvvür edin ki, Azərbaycan dilində yazılmış sənədlər sonradan Tiflisə, arxivlərə göndərilir. O sənədləri Tiflisdə gürcülər oxuya biləcəklərmi? Bu, ciddi problemdir. Ancaq mədəni sahələrdə dilimizin işlənmə arealının yenişlənməsinə müsbət yanaşıram". Politoloq Zərdüşt Əlizadənin bu barədə mövqeyi isə daha konkretdir. O, belə düşünür ki, bu məsələnin həlli mümkün görünmür: "Gürcüstan dövləti heç vaxt razı olmaz ki, Azərbaycan dövlətinin bir atributu - dövlət dilin onun ərazisində rəsmi status qazansın. Orada yaşayan soydaşlarımız anlamalıdırlar ki, Gürcüstan Respublikasının vətəndaşlarıdırlar. Qoy, zəhmət çəkib gürcü dilini öyrənsinlər". Əslən Borçalıdan olan millət vəkili Nəsib Nəsibli isə qaldırılmış məsələnin aktuallığına şübhə etmir. Onun fikrincə, Borçalıda Azərbaycan dilinə müəyyən status verilməsə, oradan soydaşlarımızın axını daha da sürətlənəcək: "Hesab edirəm ki, Borçalıdan olan ziyalıların qaldırdıqları həmin məsələ oradakı vəziyyətin ağırlığına adekvatdır. Bu baxımdan, Əlibala Əsgərovun Gürcüstanda Azərbaycan dilinə bölgə dili statusu verilməsi haqda təklifi müdafiə olunmalıdır. Dəfələrlə yazılıb, deyilib ki, Gürcüstanda Azərbaycan dilli məktəblər bir-birinin ardınca bağlanır. Bunun da nəticəsində övladının doğma dildə təhsil almasını istəyən valideynlər Azərbaycana üz tutmalı olurlar. Təəssüf ki, bu qədər təşəbbüslərə baxmayaraq, rəsmi dövlət orqanları bu problemin aradan qaldırılmasına ciddi yanaşmırlar. Yüksək səviyyədə dəstək görməyn borçalılar isə dediyim səbəbdən öz dədə-baba torpaqlarından çıxıb gedirlər. Bunun qarşısını almaq üçün dil məsələsi öz həllini tapmalıdır. Əks halda, soydaşlarımızın Borçalıdan axını daha da sürətlənəcək". Millət vəkili Gürcüstanda Azərbaycan dilinə bölgə dili statusu verilməsinin problem yaradacağı haqda fikirlərlə razılaşmır: "Başa düşmürəm, bu məsələnin həlli nə problem yaradacaq ki? Söhbət yerli əhəmiyyətli sənədləşmənin Azərbaycan dilində aparılmasının rəsmiləşməsindən gedir. Həmin sənədlərin lazım olanını gürcü dilinə çevirib, arxivlərə və ya başqa instansiyalara göndərmək nə çətin işdir? Yenə deyirəm, qaldırılan məsələ həqiqətən də, çox aktualdır və onun baş tutmasına çalışmalıyıq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar