SON XƏBƏRLƏR

Levon Ter-Petrosyan demişdi: “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”...

2021.10.20, 07:36
Levon Ter-Petrosyan demişdi: “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”...

Gunaz.tv
İran prezidenti Mahmud Əhmədinejad qonşu ölkələri yenə hədələyib. Motiv həmənkidir, Əhmədinejad qonşuları İsraillə isti əlaqələr qurmaqda və bu əlaqələri inkişaf etdirməkdə qınayıb. “Biz təəssüf edirik ki, bəzi qonşularımız sionistlərə xidmət edir və İsrailin dünyada hegemonluğunu təmin etməsinə yardımçı olur”. Onun sözləridir.Təbii ki, İran prezidenti ilk növbədə Azərbaycanla Türkiyəni nəzərdə tutur. İşğalçı Ermənistanı nəzərdə tutası deyil ki zatən. Hər halda, Ermənistanın İsraillə geniş əlaqələri yoxdur. Bunun ən bariz təsdiqi odur ki, bu günədək İrəvanda İsrailin səfirliyi açılmayıb. Eləcə də Təl-Əvivdə Ermənistan səfirliyi fəaliyyət göstərmir. Amma nə olsun. Əvəzində İrəvan Tehranla qibtə ediləcək səviyyədə iqtisadi-siyasi ilişgilərə malikdir. Elə paradoks da bundadır ki, “sionistlər” təcavüzkar ermənilərlə isti münasibətlər qurmadığı halda, özünü bizə “dindaş, qardaş” sayan İran qurub. Görəsən, bu nonsesi rəsmi Tehran necə izah edir? Müsəlman ölkənin ərazisini işğal altında saxlayan bir ölkəyə qucaq açmağa nə ad qoyur? Hər şey qırağa, fərqindədirmi ki, Robert Köçəryan, Serj Sərkisyan, Sergey Ohanyan (düşmən ölkənin hazırkı müdafiə naziri) Xocalı soyqırımına imza atmış hərbi canilərdir? Əslində qoyulan sualların hamısı ritorik xarakterlidir. Çünki Azərbaycanda bilməyən yoxdu ki, müsəlman İranla təcavüzkar Ermənistanın münasibətləri iki qonşunun münasibətlərindən çox-çox uzağa gedib. O dərəcədə uzağa ki, bu gün Ermənistan Rusiyanın ardınca İrandan ötrü də faktiki, “forpost”a çevrilib. Onu da hamı bilir ki, İran işğalçı ölkəni bəsləməsə, onu iqtisadi cəhətdən ayaqda qalmasına yardım etməsə, təcavüzkar qısa zamanda sülhə gələr, Qarabağ problemi ədalətli həllini tapar, yüz minlərlə müsəlman (şiə!) qaçqının iztirablarına son qoyular, didərginlər öz yurd yerlərinə qayıdarlar. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın məşhur sitatını bu yerdə bir də xatırlatmağa dəyər. Petrosyan demişdi: “İran bizim üçün nəfəslik rolu oynayır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan çökər”. Haqlıdır. Üstəlik, ötən illər ərzində bu “nəfəslik” xeyli genişlənib, “pəncərələrə” çevrilib. Ancaq təkcə nəfəslikmi, pəncərə(lər)mi? Bəzi məlumatlara görə, İran həm də Ermənistana rus silah-sursatı daşımaq üçün tranzit ölkə rolu oynayır. Silahlar Xəzər dənizi vasitəsilə İrana, oradan isə təcavüzkar dövlətin ərazisinə keçirilir (Bu, həmsərhəd Mehri rayonu vasitəsilə də ola bilər, Azərbaycanın işğal altındakı əraziləri vasitəsilə də). Çox maraqlıdır, görəsən, Azərbaycan XİN-i bunu ciddiyə alırmı? Axı, söhbət kifayət qədər inandırıcı versiyadan gedir. Xüsusilə də ötən ilin avqustundan, Gürcüstana Rusiyanın hərbi müdaxiləsindən sonra Ermənistanı Rusiyaya bağlayan yeganə quru (dəmiryolu) keçidi bağlanandan sonra bu, olduqca real görünür. Hər halda, Kremlin öz “forpostunu” xilas etmək, Gümrüdəki hərbi bazasını sursatla təchiz etmək üçün Türkiyə hökuməti ilə gizli danışıqlara getdiyi barədə məlumatlar yayılıbsa, niyə də Moskva strateji tərəfdaşı İrandan istifadə etməsin? Unutmaq lazım deyil ki, “Rusiya-Ermənistan- İran” geosiyasi oxu deyilən bir ox çoxdan mövcuddur. Digər tərəfdən, Tehranın nüvə proqramları xeyli dərəcədə Moskvadan asılıdır. Yəni İran heç bir halda Rusiyanın sözündən çıxa bilməz. Bu istisnadır. Cənab Əhmədinejad bunlardan danışsaydı, daha məntiqli olardı. Yoxsa ki... Bir də işğalçıya qulluq eləməkdənsə, ona qucaq açmaqdansa, bəlkə elə “sionistlərlə” münasibət qurmaq daha yaxşıdır? Nurlan NADİRLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar