SON XƏBƏRLƏR

avqustun 16-ı Bəxtiyar Bahabzadənın doğum günüdür. vaxtı ilə verdiyi müsahibəni oxumaq üçün tıklayın

2021.10.20, 07:36
avqustun 16-ı Bəxtiyar Bahabzadənın doğum günüdür. vaxtı ilə verdiyi müsahibəni oxumaq üçün tıklayın

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi dəyər xalq şairimiz Bəxtiyar Bahabzadənın vaxtı ilə ans-pressə verdiyi müsahibənin bir hissəsini tam mətni ilə diqqətinizə təqdim edir. Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günü münasibəti ilə Şəkidə anım tədbiri keçirilib. Millət vəkilləri və respublika ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Şəki icra hakimiyyətinin nümayəndəsi çıxış edib və ölkə başçısının Bəxtiyar Vahabzadənin xatirəsinin əbədiləşdirilməsi barədə sərəncamını diqqətə çatdırıb. Qeyd edək ki, sərəncama görə Şəkidə şairin büstü ucaldılacaq, onun adı rayondakı məktəblərdən və küçələrdən birinə veriləcək. Eyni zamanda mərasim iştirakçıları qərara alıb ki, hər il avqust ayının 16-ı Bəxtiyar Vahabzadənin doğum günü münasibətilə Şəkidə poeziya günü kimi qeyd olunsun. Professor Şirməmməd Hüseynov isə Şəkidə xalq şairinin ev muzeyinin yaradılması barədə təşəbbüs qaldırıb. Anım mərasimində həmçinin şairin video görüntülərinə baxılıb və onun səsləndirdiyi şerlər dinlənilib. Sonra Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Aqil Abbas, Şirməmməd Hüseynov, Nizami Cəfərov Bəxtiyar Vahabzadənin poeziyası və pedoqoji fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilib. Bəxtiyar Vahabzadə bədii yaradıcılığa İkinci Dünya Müharibəsi illərində başlayıb, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Bədii yaradıcılıqla məşğul olmaqla yanaşı B.Vahabzadə 1940-cı ildən Universitetdə dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. Vəfatından bi neçə gün sonra ANS TV şairlə olan və heç bir yerdə göstərilməyən müsahibəni təqdim etdi. Məlum oldu ki, Böyük şair ANS-dən xahiş etmişdi ki, müsahibə ölümündən sonra efirə verilsin. Müsahibənin bir hissəsini təqdim edirik. Xalq şairi Bəxtiyar Vahabzadənin Mir Şahinə müsahibəsi - Siz ruhla yazırsınız, ürəklə yazırsınız, yoxsa beyinlə? - Onu insan bilmir. Ancaq mən biləndirsə, bilirəm ki, ruhla, həyəcanla, hisslə. Ədəbiyyat, sənət hissin övladıdır. Elm isə beynin. Əlbəttə psixoloq kimi xırdalıqlarını deyə bilmərəm. Ancaq onu bilirəm ki, həyəcanlı anlarımda əlimə qələm alanda yazı prosesində hiss edirəm ki, bu, həyəcanlı oldu, gözəl oldu, hissi oldu. - Ruh sizin üçün nədir? - Ruh məsələsi çox mürəkkəb məsələdir. Amma onun varlığına zərrə qədər şübhəm yoxdur. Onu dərk etmək çox çətin məsələdir. Qurani Kərimdə də bu barədə var, ruh rəbbimin əmrindədir. Onu o kişi bilər, onun ixtiyarındadır. Yer bəndəsi, insan onu dərk edə bilməz. Mən hələ bilmirəm ki, peyğəmbərlər İsa, Musa, Məhəmməd Peyğəmbər onu dərk edibmi? Amma hər halda hiss olunur ki, onlarda qığılcımlar var. Mən uzun illər Cəlaləddin Rumi ilə məşğul oldum, onun məsnəvisini və onun haqqında yazılanları oxudum. Əlbəttə ki bu, çox çətin məsələdir. Bizom ali məktəblərdə, niyə Calaləddin Rumi keçirilmir? Niyə biz üzdən didirik hər şeyi? - Sizi Sufiliyə ilk növbədə nə cəlb edir? - İlk növbədə təkamül, mənəvi təkamül. Şeir oxuyardım bir balaca. İstəmişəm ki, balaca şeirdə başa düşdüyüm şəkildə təsəvvüfün mənasını açıqlayım. Təsəvvüfün mənası belədir: Birinci şərt şəriətdir- şəriətin bütün qayda qanunlarını həyata keçirmək. İkinci təriqətdir, təriqət yol deməkdir. Sən düşürsən bir cığıra, yola, o zaman sənin mürşüdün, müəllimin olmalıdır. Sən olursan mürid. Üçüncüsü mərifət, yəni mərifətə, müəyyən bir pilləyə çatırsan və dördüncü həqiqətdir, mütləq həqiqəti dərk edirsən. Yəni Allahı dərk edirsən. Bu, bir təkamüldür. Ona görə mən deyirəm ki, hər kəsin ürəyindən Allaha bir yol gedir. Hər kəsin ürəyindən Allaha bir yol gedir, Bu yola biganələr özünə biganədir. Özünü açmaq üçün, haqqa ulaşmaq üçün, Gərək öncə aşasan nəfs adlı dağları. Bu işdə insana birinci mane olan nəfsdir. Böyük adamlardan biri deyib: «Allahım, sən məni nəfsimlə baş-başa buraxma, məni nəfsimə qul eləmə. İnsanın başına nə qədər bəla gəlirsə, nəfsdən gəlir. İnsan nəfsini öldürə bilsə, yüksəlir, ucalır, mənən ucalır, qəlbən ucalır. Gərək öncə aşasan nəfs adlı dağları, Şəriət bir ağacsa, təriqət budaqları, Mərifət yarpaqları, həqiqət meyvəsidir, Təsəvvüf haqq səsidir. Təsəvvüf bizi haqqı dərk etməyə aparır. Hamı bu yolu gedə bilməz. Hamı dörd pillədən keçə bilməz. Çox böyük dahilər olub keçiblər, yarıda dayanıblar, ən böyük dahilər də axıradək keçiblər. Bu adamlar öz gözlərilə, bəsirət gözlərilə Allahı görüblər, dərk ediblər. Yəni bunun mənası budur ki, özünü dərk et, özünü öyrən. Özünü dərk etsən, Allahı dərk edərsən. Burada qarışıq məsələlər çoxdur. - Mən gözümü açandan sizi görmüşəm Azərbaycanda, dünyada. Çoxdandır bü dünyadasınız. Necə tanıdınız bu dünyanı? Bu dünya sizdən nəyi aldı, nəyi verdi? - Çox ağır sualdır. Ömrü verdim, yaş qazandım. - Necə yaş qazandınız Bəxtiyar müəllim? - Bu yaş müddətində mən görəsən bu kişilərin dərk etdiyini, bu kişilərin, İslam alimlərinin dərk etdiyinin yarısını dərk edə bildimmi? Demək asandır ki, dərk etmişəm. Boş sözdür. Çox çətindir. - Düşünmürsünüz ki, nə zamansa peşman olacaqsınız ki, gərək mən o vaxt o sirri açaydım Azərbaycan xalqına? Belə bir şey ağlınıza gəlmir? - Amma bircə şey var ki, lap Sovet dövrünün qılıncının dalı qabağı kəsən vaxtlarda da sözümü deməyə çalışmışam. Əlbəttə açıq deməmişəm, onun da yolları var idi- ya hadisələri xarici ölkələrə keçirmək, ya da tarixə keçirmək. O yolla özümü pərdələmişəm. Məsələn, Sovet dövründə mənə vaxtı ilə bir nəfər zəng edib dedi ki, «Gümanımız sənə idi, sən də Lenindən yazdın? Utanmırsan? Lenin bizi hansı günə çıxardı?». Tanımıram kim idi, bunları ərklə telefonda dedi. Mən ona dedim ki, xahiş edirəm gedin o əsəri oxuyun, sonra bir də gəlin mənə nə sözünüz varsa deyin. Üstündən bir ay keçmiş mənə zəng etdi, dedi başa düşdüm. Məsələn, Leninin sözüdür deyir, «Rüşvət olan məmləkətdə ədalətdən danışmaz olmaq». «Leninlə söhbət» əsərimdə ondan bu cür epiqraf gətirirəm. Sonra da başlayıram ki, ay dahi sən böyük adamsan, tamamilə düz deyirsən. Rüşvət axı götürüb dünyanı. İndi məni kim tuta bilər? Lenin dediyi sözü təkrar edirəm. Beləcə, səkkiz fəsil yazdım, hərəsi bir məsələ ilə bağlı. - Xaraktercə qorxaq adam saymırsınız özünüzü? - Çox ehtiyatlıyam. Amma qorxaq deyiləm. Qorxaq adam «Gülüstan» yaza bilməzdi, mən bilirdim ki, fəlakətə gedirəm. Məni məhv edərlər, amma yazdım. Yazdım, «Şəki fəhləsi»nə də verdim, çap olundu. Amma indi həyatda bir az ehtiyatlıyam. İnsan yaşlaşdıqca, cəsarəti azalır, ehtiyatı çoxalır. -İstəyərdim ki, bütün insanlara səslənən bir bəyanat verəsiniz, bütün insanlara Bəxtiyar Vahabzadə sözü deyəsiniz. Hansı sözü, hansı tövsiyəni, nəsihəti, vəsiyyəti deyə bilərsiniz? - Çox şey demək olar… mən bircə şey istəyirəm deyəm. Mən millətimə tövsiyə edərdim ki, Allah yolundan qaçmasınlar. Allah həmişə bizi saf yola, haqq yola çağırır. Yalan danışmasınlar, başqasını incitməsinlər. Heç kəsin ürəyinə toxunmasınlar. Şəkidə bir söz var. "Ürək sındırmaq quş yuvası dağıtmaqdan günahdır". - İstəyərdim, torpaqlarımınız ermənilər tərəfindən işğalı barədə də bir söz deyəsiniz. - Bu, çox ağrılı məsələdir. Mən belə güman edirəm ki, bilirsiniz zorla alınan torpaq xoşluqla qaytarıla bilməz. Mümkün deyil. Mənim düşüncəm budur. Onlar qan töküb alıblar bunu. Biz də qan tökmüşük, amma məğlub olmuşuq. Həqiqət budur. Ordumuzu gücləndirmədən heç nə edə bilmərik. Əgər istəyiriksə ki, biz qələbə çalaq, ordumuzu gücləndirməliyik. İstəyiriksə, sülh olsun, yenə ordu. Ordu yaranmalıdır. Güclü ordu. Hər şey gücə tabedir. İndiki zamanda, vaxt da gücə tabedir. Əgər sənin gücün var, haqlısan, gücün yoxdur haqsızsan. Əyyami qədimdən bu, belədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar