SON XƏBƏRLƏR

Rusiya aqressivləşir

2021.10.20, 07:36
Rusiya aqressivləşir

Gunaz.tv
"Ona görə də, Rusiya Gürcüstandan sonra indi də Ukraynanın üstünə yeriyir" Rusiya rəhbərliyi Ukraynayla onsuz da isti olmayan münasibətlərini daha da gərginləşdirmək yolunu tutub. Kreml indi də Yuşşenkonun "antiRusiya" siyasətini qabardaraq, Kiyevi təzyiq altında saxlamağa çalışır. Rusiya prezidenti Dmitri Medvedyevin ukraynalı həmkarı Viktor Yuşşenkoya sonuncu məktubu isə başdan-başa ittiham və təhdiddən ibarətdir. Xatırladaq ki, münasibətlərdəki son gərginlik öz başlanğıcını Rusiyanın Ukraynaya təyin edəcəyi səfirin kimliyindən götürüb. Rəsmi Kiyev Moskvanın bir neçə təqdimatıyla razılaşmadığı üçün Rusiya bu ölkəyə səfir təyin edə bilməyib. Ukrayna hakimiyyəti hesab edir ki, Rusiyanın təqdimat verdiyi diplomatlar Kiyev üçün arzuolunan şəxslər deyil. Belə bir vəziyyətdə isə Medvedyev Yuşşenkoya məktub yazaraq, Ukraynaya səfir göndərməkdən qeyri-müəyyən müddətə imtina olunduğunu bildirib. Rahid Cəfərli Medvedyev bu məktubunda Ukraynadan son dörd-beş il ərzində "yığdıqlarını" tam çılpaqlığıyla açıqlayıb. Rusiya prezidenti ikitərəfli münasibətlərin kəskinləşməsində birmənalı olaraq, ukraynalı həmkarını günahlandırıb. Dərdi açılmış Medvedyev Rusiyanın bir il əvvəl Gürcüstana hərbi təcavüzü zamanı Ukraynanın "antirus mövqe" tutduğunu və Gürcüstana silah verməsini xüsusi aqressivliklə vurğulayıb. Rusiya prezidenti Ukraynaya yeni səfir təyinatının isə münasibətlərin inkişafından asılı olacağını yazıb. Göründüyü kimi, Gürcüstanda törətdiklərinə görə layiqli cavabını almayan Rusiya Qərbin ehtiyatlı müşahidələri altında indi də Ukraynaya diş qıcayır. Politoloq Qabil Hüseynli Rusiyanın Ukraynaya yönəlik təzyiqlərinin artmasını Kremlin bu ölkədə keçiriləcək prezident seçkilərinə dair planlarıyla əlaqələndirir: "Ukraynada 2004-cü ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra ölkə birmənalı olaraq, Qərbyönümlü siyasi kurs götürdü. Ukraynanın sonrakı ardıcıl addımları onun Rusiyanın təsir çevrəsindən çıxmaq niyyətinin ciddiliyini təsdiqlədi. Rusiyanın Ukrayna ilə bağlı təxribatçı planlarının birinin digərini əvəzləməsinə baxmayaraq, Yuşşenko hakimiyyəti həmin siyasəti davam etdirməkdədir. Öz növbəsində Rusiya da Ukraynada özünün maraqlarına cavab verən hakimiyyətin formalaşdırılması cəhdlərinə ara vermir. Bütün vasitələrlə Ukraynada siyasi gərginligi artırmaq, Yuşşenko hakimiyyətini zəiflətməyə çalışır. Kremldə çox yaxşı bilirlər ki, Baltikyanı ölkələrin itirlməsindən sonra MDB məkanını öz nüfuz dairəsində saxlamağın birinci şərti Ukraynanı ram etməkdən keçir. Həqiqətən də, bu ölkə öz imkanlarına görə Cənubi Qafqaz və Orta Asiya dövlətlərindən müqayisəolunmaz dərəcədə fərqlənir. Ən azı bu məqam vurğulanmalıdır ki, Rusiyanın Ukrayna planlarını həyata keçirməsi üçün hərbi təhdidə əl atması istisna olunur. Çünki Rusiya bu halda alacağı cavabı təsəvvür edir. Ona görə də, Ukraynada böhran yaratmaq üçün siyasi və iqtisadi vasitələrə əl atır. Hər halda, Rusiyanın Ukraynanı pis vəziyyətdə qoymaq məqsədilə təbii qazın nəqlində yaratdığı problem daha çox xatırlanır. Kreml bu addımı atmaqla, Ukraynada daxili gərginliyi artırmaq və Avropada bu ölkəyə qarşı etimadın zəifləməsinə çalışsa da, sonda geri çəkilməli oldu. Bundan başqa, Ukraynadakı rusiyameylli siyasi qüvvələrin stimullaşdırılması siyasəti da davam etdirilir. Bilirsiniz ki, Regionlar Partiyası, kommunistlər və başqa siyasi təşkilatlar birmənalı olaraq, ruspərəst düşüncənin daşıyıcılarıdır. Son vaxtlar baş nazir Yuliya Timoşenko da Rusiyaya yönəlik müəyyən reverans xarakterli addımlar atır. Yəni məsələyə real baxdıqda, Yuşşenkonun tam güvənli olması haqda fikir söyləmək o qədər də asan deyil. Rusiya da bundan faydalanaraq, təzyiqlərini artırmağa başlayıb. Kremldən gələn son təzyiq dalğasının güclənməsi əsasən, Ukraynada yaxın aylarda keçiriləcək prezident seçkilərilə əlaqədardır. Rusiya bu kampaniyaya indidan başlamaqla, seçkiqabağı ərəfədə öz tərəfdarlarını gücləndirməyi, Yuşşenkonun seçkilərə daha zəif durumda getməsini təmin etməyə çalışır. Gəqin ki, qarşıdakı dönəmlərdə Rusiyadan Ukraynaya qarşı açıq və ya gizli təzyiqlər bir qədər də güclənəcək". Politoloq Rusiyanın Ukraynanı belə açıq şəkildə hədəfə götürməsini həm də Qərbin astagəlliyilə əlaqələndirir: "Fikir verdinizsə, Rusiya rəhbərliyi Gürcüstana təcavüzün birinci ildönümü ərəfəsində bu Cənubi Qafqaz dövlətinin ünvanına ciddi təhdidlər səsləndirdi. Hətta belə təsəvvür yaranırdı ki, Rusiya bu ölkəyə növbəti təcavüzü həyata keçirəcək. Amma bu təhdidlər praktik olmadı. Bununla belə, Gürcüstanı nisbətən sakit buraxan Rusiya rəhbərliyi açıq şəkildə Ukraynanı hədəfə götürdü. Rusiyanı buna sövq edən başlıca səbəb kimi məhz Qərbin son proseslərə olduqca loyal yanaşması xüsusi vurğulanmalıdır. Qərb, Birləşmiş Ştatlar Rusiyanın Gürcüstana yönəlik təhdidlərinə ciddi reaksiya verməyincə, Kremldəkilər Ukrayanın üstünə getdilər. Obama adminstrasiyası özünü daha çox sülhpərvər kimi göstərir. Amma Rusiyanın təsirindən çıxaraq, üzünü Qərbə çevirən ölkələr Kremlin təhdidləri qarşısında köməksiz qalıblar. Təbii ki, Qərbin Rusiyanın bu cəhdlərinə qarşı addımlar atmaması Kreml ideoloqlarını öz təzyiqlərini artırmağa həvəsləndirir. Fikrimcə, bu yanaşma dəyişməsə, Qərbin özü də problemlərlə üzləşəcək".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar