SON XƏBƏRLƏR

GÜNAZ.TV Başqanı Əhməd Obalı: Diasporamızla dövlətimizin Əlaqələri daha da möhkəmlənməlidir

2021.10.20, 07:36
GÜNAZ.TV Başqanı Əhməd Obalı: Diasporamızla dövlətimizin Əlaqələri daha da möhkəmlənməlidir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi GÜNAZ.TV Başqanı Əhməd bəy Obalının "olaylar"a verdiyi müsahibəni olduğu kimi təqdim edir. "Azərbaycan dünya azərbaycanlılarının qürur yerinə çevrilib" 17 il bundan əvvəl müstəqilliyə çıxmış Azərbaycan Respublikası təkcə quzeylilərin deyil, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların da vətəninə, qürur yerinə çevrildi. O zaman qonşu Gürcüstandan, İran adlanan ölkədən neçə-neçə yurddaşımız yaşamaq üçün Quzeyə gəlirdi. İrandakı hakim rejimin zülmündən qaçıb Quzeyə pənah gətirənlər daha çox idi. Sonralar onların bir qismi Quzeyi də tərk edib Avropaya üz tutdular. Bir zamanlar SSRİ-dən yenicə çıxmış Azərbaycan Respublikasını tərk edib Avropaya gedənlərin bəziləri geri qayıtmaq, burada iş qurmaq, Bakıda yaşamaq arzusunu gizlətmir. Hətta Azərbaycan vətəndaşlığını qəbul edib, buranı daimi yaşayış yeri seçənlər də var. ABŞ-da yaşayan güneyli mühacir, Güney Azərbaycan Televiziyasının qurucusu Əhməd Obalı bunu təbii sayır. Onun fikrincə, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan yaxın gələcəkdə işləmək gələn mühacirləri qəbul etməyə hazır ölkəyə çevriləcək. - Əhməd bəy, Azərbaycandakı dəyişikliklər xaricdən necə müşahidə olunur? - Azərbaycanı sevənlərin sevinci, qürur hissi, istəməyənlərin isə kini, qəzəbi ilə. Azərbaycan Respublikasının inkişafı, beynəlxalq arenada güclənməsi artıq faktdır. Bunu danan qeyri-obyektivliyə yol vermiş olur. İnkişaf meylləri son illər daha artıq müşahidə olunur. Azərbaycanın iqtisadi inkişaf tempinə görə qonşu dövlətləri qabaqladığı kiməsə sirr deyil və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənir. Amma Azərbaycan bu aşamaya gəlincə, çətin yollardan keçməli, üzücü durumlarla rastlaşmalı oldu. Dövlət quruculuğu, iqtisadiyyatın qaldırılması, ordunun təşkili-özü də müharibə gedən, düşmənlə üz-üzə qalınan bir vaxtda-çox çətindir. Amma Azərbaycan bunun öhdəsindən gəldi. Azərbaycan müstəqilliyə təzə çıxdığında qüdrətli deyildi, hakimiyyət zəif idi, dövlət strukturları yenicə formalaşırdı, xarici dairələrin əlində oyuncağa çevrilmiş qüvvələr dövlətin güclənməsinə imkan vermirdilər. O vaxt xarici ölkələrin birində mətbuatda belə bir məqalə yazılmışdı ki, Azərbaycan o ölkələrdəndir ki, səfirlik açmağa imkanı var, amma diplomatı yoxdur. Ötən illər ərzində Azərbaycan artıq bu fikri alt-üst edəcək səviyyədə diplomat yetişdirib. Diplomatlarımızın sayı Ermənistan diplomatlarından 2 dəfə artıqdır. Azərbaycan müstəqil dövlət olaraq artıq onu idarə edə, xaricdə təmsil edə biləcək kadrlar hazırlayıb. Azərbaycan diplomatlarının, səfirliklərinin xaricdəki fəaliyyətləri çox önəmlidir. Səfirlik diaspora quruculuğu, onların fəaliyyətlərinin əlaqələndirilməsi ilə də məşğul olmalıdır. Səfir dövlətin xaricdəki siması, nümayəndəsidir. Çox vaxt xaricdə yaşayanların dövlətə münasibətini diplomatların xaricdə yaşayanlara münasibəti formalaşdırır. Allaha şükür ki, Azərbaycan diplomatları əksər ölkələrdə Azərbaycan adına uğurlu fəaliyyətdədirlər və dövlətimizin maraqlarını lazımınca qoruyurlar. - Xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olarmığ Necə bilirsiniz, xaricdə yaşayan soydaşlarımızı azərbaycançılıq və Azərbaycan ətrafında birləşdirmək mümkün olurmu? - Diaspora təşkilatı güclü olmaq istəyirsə, dövlətlə əlaqələrini möhkəmlətməli, dövlətdə xaricdə güclü olmaq istəyirsə, diasporanı inkişaf etdirməlidir. Çünki dövlətlə, diasporanın müştərək milli mənafeləri var. Son illər Azərbaycan dövləti diaspora quruculuğu işində fəaldır. Bakıda keçirilən toplantı və forumlar diaspora quruculuğu işinə, azərbaycanlıların təşkilatlanmasına, türk diasporası ilə əlaqələrin möhkəmlənməsinə təkan verdi. Dövlətlə əlaqələri gücləndirən, əməkdaşlıq edən diaspora təşkilatları daha mütəşəkkil, daha monolit olur. Bir faktı deyim ki, son vaxtlar Amerika Birləşmiş Ştatlarında diaspora təşkilatları, azərbaycanlılar daha aktivləşib, daha da gücləniblər. Ötən il orada bir seminarımız oldu. Həmin seminarda Amerikanın çox nüfuzlu siyasətçiləri iştirak etdilər. ABŞ konqresmenləri, senatorlarının azərbaycanlıların keçirdiyi seminarda iştirakı, onunla maraqlanması diasporamızın gücləndiyini göstərir. Son illər ABŞ-da Azərbaycan diasporasının çox nüfuzlu, başarılı nümayəndələri yetişib. Onlardan Adil Bağırovun adını çəkə bilərəm. Olduqca yetkin, bacarıqlı, savadlı, intellektual səviyyəli bir soydaşımızdı. Adil bəy orada böyük bir təbliğat şəbəkəsi yaradıb. Ötən il məlum oldu ki, həmin şəbəkə vasitəsilə Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif qurumlara 60 min məktub göndərilib. Əslən Bakıdan olan, ABŞ-da təhsil almış Adil bəy Azərbaycanımızın gələcək parlaq ulduzlarından biridir. - Əhməd bəy, bu yaxınlarda belə bir xəbər yayıldı ki, Yaqub Zurufçu Azərbaycan vətəndaşlığını qəbul edib. Nə zamansa siz də belə bir addım atacaqsınızsmı? - Bu təbii bir şeydir. Azərbaycan inkişaf etməkdə olan dövlətdir. Bakı müasir Avropa şəhərinə çevrilir. Azərbaycan imkanlı dövlətdir, burada iş adamları, sənətçilər üçün işləməyə gözəl şərait var. Belə olan halda nəinki azərbaycanlılar, digər dövlətlərin vətəndaşları, digər millətlər də yaşamaq, iş qurmaq üçün Azərbaycana gələ bilərlər. Mənim özümə gəlincə, bu məndən asılı deyil. Nə zaman məni Azərbaycan Respublikasının vətəndaşı eləsələr, bu mənim üçün ən xoşbəxt gün olar. Həmişə Azərbaycan vətəndaşı olmaq istəmişəm. Bakı Avropa şəhərinə çevrilməsə belə, mənim üçün əzizdir. Bir xatirə danışım. 1993-cü ildə Azərbaycana yenicə gəlmişdim. Hökumət evinin yanında qalırdım. Bir gün səhər həyətə düşdüm. Gördüm ki, təmizlikçi səhər tezdən küçəni süpürür. Heç kəs də yox idi. Xanıma yaxınlaşıb, tozu ciyərimə çəkdim ki, vətən tozudur. - Əhməd bəy, Gün.Az.TV azərbaycançılıq üçün lazımi iş aparsa da, Azərbaycan dövlətinin bu telekanala yardım etməsi real deyil. Bazara da işləmirsiz, bu halda televiziya necə fəaliyyət göstərir? - Biz ABŞ-da fəalliyyət göstərik. ABŞ-da dövlətdən maliyyə yardımı alan telekanallar və radiostansiyalar var. Amma onlar fəaliyyətlərində dövlətin maraqlarını gözləmək, nəzərə almaq zorundadırlar. Məsələn, "Azadlıq" radiosu ABŞ konqresindən maliyyələşir və kommunizmin əleyhinə idi. Amma biz heç bir ideoloji fərq qoymuruq. Gün.Az.TV sırf azərbaycanlılar üçündür. Soydaşlarımız hər ideologiyaya inana bilərlər. Bizim üçün onlar eynidir. Hansı ideologiyaya xidmət edir-etsin, istəyir dinə insanın, istəyir inanmasın, istər kommunist olsun, istər azad bazara inansın, azərbaycanlı vətənini sevsin, türk dünyasını sevsin. Molla olsun, amma Azərbaycanı sevsin. - Bu baxışınız ABŞ-da müəyyən dairələrlə ziddiyyət yaratmır ki? - Xeyr, Amerika azad dövlətdir, hər kəs düşüncəsində, danışmasında sərbəstdir. Azad söz qanunundan istifadə edərək proqram yayırıq. Bu günə qədər ABŞ rəsmilərindən bizə deyilməyib ki, hansı proqramı verməyin, hansı mövzudan danışmayın. Biz Gün.Az.TV olaraq müstəqilik və heç kimin maraqlarından da çıxış etmək niyyətində deyilik. Müstəqil qalmaq istəyirik. Azərbaycan dövlətindən də təmənnamız yoxdur. Biz vətənimizi maliyyə yardımı almaq üçün sevmirik. Azərbaycanın Quzeyi də, Güneyi də bizimdir. Soydaşlarımızın dərdi, problemi bizim dərdimizdir. Onları dünyaya çatdırmağı vətən qarşısında borc hesab edirik. Amma təbii ki, öz gücümüzə telekanal saxlamaq imkanında da deyilik. Bilirsiniz ki, peyk kanalı ilə yayınlanmaq ABŞ-da çox bahadır. Bunu tək qarşılamağa mənim gücüm yetməz. Biz böyük holdinq, nəhəng telekanal istəmirik. İstəyirik ki, balaca da olsa, azad, müstəqil olsun, vətənimizin, millətimizin dərdlərini anlada bilək. Təbii ki, vətənpərvər soydaşlarımızın yardımlarına güvənmişik. Gün.Az.TV-nin maliyyə qaynağı vətəndaşlarımızdır. İstər Quzeydən, Güneydən, xaricdən soydaşlarımız yardımlar edirlər. Elə ağır günlərimiz olub ki, canlı efirdə maraton qoymuşuq, yardımlar qəbul etmişik. Çox ağır duruma düşəndə maraton qoyuruq. Biri 5, biri 10, biri 1000 dollar yardım edib. Bir dəfə canlı efirdə maraton qoyduq, 70 min dollar yığıldı. Televiziyanın kirayəsi, peyk şirkətinin xərci, yayın xərci çox para aparır. Ayda 30-40 min dollar xərcimiz çıxır. Redaksiyamızda çalışanların sayı azdır. Balaca işçi heyətimiz var. Burda və ABŞ-da işləyən əməkdaşlarımızın sayı 35 nəfərdir. Könüllü müxbirlərimizin sayı minlərlədir. Məsələn, Güney Azərbaycanda minlərlə könüllü müxbirimiz var. Kadr çəkib göndərirlər, xəbər yollayırlar. Ehtiyacımız olanda mövzunu açırıq, ona uyğun materiallar göndərirlər.Elman Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar