SON XƏBƏRLƏR

İran inqilabı niyə baş tutmadı?

2021.10.20, 07:36
İran inqilabı niyə baş tutmadı?

Gunaz.tv
Müxalifət xalqın maraqlarını əks etdirə bilmədi Bu günlərdə açıqlama verən İran prezidentliyinə sabiq namizəd əslən azərbaycanlı Mirhüseyn Musəvi "yaşıl inqilab"ın davam edəcəyini bildirib. Siyasi müşahidəçilər İranda baş verən hadisələrlə bağlı proqnoz verməkdə çətinlik çəkirlər. Bu, təbiidir, çünki İran mürəkkəb cəmiyyətdir. Burada proseslərin qabaqcadan proqnozlaşdırılması çox vxat mümkün olmur. Çoxları gözləyirdi ki, avtoritar cəmiyyət olan İranda Mahmud Əhmədinejad prezident elan olunan, and içən kimi repressiyalara başlayacaq, müxalifət liderləri həbs olunacaq, bu günə qədər rejim əleyhinə deyilməmiş ifadələri işlətmiş Məhəmməd Hatəmi, MirHüseyn Musəvi sərt cəzalandırılacaq və ya mühacirətə göndəriləcəklər. Amma bunların heç biri olmadı. Seçkilər zamanı Xameneyi-Əhmədinejad rejimini hövsələdən çıxarmış namizədlər və onların arxasında dayanan şəxslər nəinki həbs olundu, əksinə bu gün də açıqlamalarını davam etdirirlər. Maraqlıdır ki, müxalifət liderləri rejim əleyhinə açıqlamalarını davam etdirir, xalq isə onlara reaksiya vermir. Güney Azərbaycan ümumiyyətlə, ağayi Musəvinin "yaşıl inqilab" adlandırdığı aksiyalarda zəif iştirak etdi. Seçkilərdən sonra bir neçə gün paytaxt Tehran müxalifətə dəstək versə də, sonradan xalq passiv oldu. İndi də müxalifət xalqdan fəaldır. Bəs nədən narazı İran xalqı sona qədər müxalifətin ardınca getmədi, "yaşıl inqilab"ı davam etdirmədiğ Hesabla narazı qüvvələr yaranmış fürsətdən yararlanmalı və rejim dəyişikliyini gerçəkləşdirməliydilər. Öncə narazı qüvvələri sərf-nəzər edək. "Yaşıl inqilab"ı meydana çıxarmış narazı qüvvələrin tərkibi müxtəlif idi. 1. İslam inqilabına inanan fanatiklər və onların dini lideri. Bu kəsim Xameneyi və Əhmədinejad rejiminin inqilabın qoyduğu yoldan sapdığını zənn edir, onları "düz yola" qaytarmaq istəyirdilər. 2. Tələbə-gənclər. Müasir elmi-texniki nailiyyətlər, kommunikasiya vasitələri ilə gerçək dünyanı dərk edən İran gəncliyi artıq bu cür qapalı, qadağalarla zəngin ölkədə yaşaya bilmir. Onların bir hissəsi artıq ölkəni tərk edib. Amma 40 milyonluq İran gəncliyi tamamən ölkədən çıxıb gedə bilməz, ölkəni dəyişməyə çalışar. "Yaşıl inqilab"a qoşulmuş gənclik də ölkəni dəyişmək istədi. Amma bunun yolunu onlara göstərən olmadı. 3. Öz milli hüquqları uğrunda mübarizə aparan qeyri-fars millətləri. Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər və başqaları. Onlar milli hüquqlarını verəcək hakimiyyət arzusunda idilər. Amma bu hakimiyyətin qurulacağını kimsə onlara vəd etmədi. 4. Sosial güzəranından, rejimin İranı dünya ilə üz-üzə qoyan xarici siyasətindən bezən xalq kütlələri. 5. "Yaşıl inqilab"ın daha bir hərəkətverici qüvvəsi vaxtilə İrana rəhbərlik etmiş, indi də rejimin ayrı-ayrı qanadlarında təmsil olunan nüfuzlu mollalar. Bax bu sadalanan qüvvələrin maraqları üst-üstə düşmədiyindən İranda "yaşıl inqilab" baş tutmadı. İnqilaba liderlik edən müxalifətdən başlayaq. Bu qüvvənin elitasına vaxtilə İranı idarə etmiş, islam inqilabının lideri Xomeyninin silahdaşları olmuş Musəvi, Xatəmi, Rəfsəncani kimi siyasi xadimlər başçılıq edirdi. Amma onlar inqilabı qələbəyə daşıyacaq qeyri-fars millətlərinin, nə də narazı gəncliyin rəğbətini qazana bilmədilər. Çünki İranı molla rejimsiz təsəvvür edə bilmirdilər. Onlar uzaqbaşı, "inqilab ideyalarından sapmış İranı geriyə-öz yoluna qaytarmaq" fanatiklərin diqqətini çəkə bilərdilər. Belə də oldu. Müxalifət məhz hakimiyyətdə təmsil olunan həmin qüvvənin yardımı ilə bir müddət meydanda qala bildi. Rejim müxalifət liderlərinin edamını da elə həmin qüvvənin təzyiqi ilə reallaşdıra bilmir. Müxalifət qeyri-fars millətlərinin diqqətini çəkə bilmədi, maraqlarına cavab vermədi. "Yaşıl inqilab" zamanı yalnız sosial güzəranından narazı kütlələr aktiv oldular. Onlar üçünsə müxalifət liderinin kimliyi o qədər də önəmli olmur. Amma Xameneyi-Əhmədinejad dueti keçmişi korrupsiya ilə sıx bağlı olan Rəfsəncani, Xatəmi kimi fiqurları əks-təbliğatla güzəranından narazı kütlənin gözündən sala bildi. Bununla belə antiƏhmədinejad müxalifəti gələcək proseslərdə müəyyən rol oynadı. Bundan sonra "yaşıl inqilab" başlansa belə, orada Xatəmi və Musəviyə yer olmayacaq. Bu şəxslər öz tarixi rollarını oynadılar. İranda toxunulmaz elan olunmuş rejimi açıq tənqid etməklə xalqın canından qorxunu çıxardılar. Bundan sonra baş verə biləcək proseslərdə bütün millətlərin, sosial qrupların maraqlarını ifadə edən demokratik qüvvələr öndə olacaq. 30 ildən sonra buzlar əriyib, rejim açıq tənqid olunur, insanlar küçələrə axışır, amma xalq irəlidəki qüvvələrə inanmır. Bu zaman rejimdən ayrı, bu sistemi tamam çökdürmək istəyən və buna görə geniş xalq kütlələrinin dəstəyini alan qüvvə ortaya çıxacaq və yarımçıq qalmış işi sona çatdıracaq. Amma o inqilabın adı "yaşıl" olmayacaq. Yaşıl mollaların rəmzidir, bu qüvvə heç bir halda yenilikçi, dəyişdirici ola bilməz. İranı demokratik təfəkkürlü qüvvələr dəyişəcək.olaylar.Elman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar