SON XƏBƏRLƏR

Obama, Merker, Sarkozi və Braun molla rejiminə "əmmamələrini qabaqlarına qoyub yaxşı-yaxşı düşünməyi" tapşırıblar

2021.10.20, 07:36
 Obama, Merker, Sarkozi və Braun molla rejiminə "əmmamələrini qabaqlarına qoyub yaxşı-yaxşı düşünməyi" tapşırıblar

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Son prezident seçkilərindən sonra daxili vəziyyəti son həddə qədər gərginləşən İrana qarşı beynəlxalq təzyiqlər də getdikcə artır. İran hakimiyyəti kütləvi seçki etirazlarını dayandırmağa nail olmadan, indi də Qərbin ciddi sanksiyalarıyla üz-üzə qalıb. Xatırladaq ki, iyunun ikinci yarısından etibarən, ölkəni tam olaraq, bürüyən etiraz dalğasına qəti reaksiya verməyən Birləşmiş Ştatlar və Avropa Birliyi artıq Tehrana qarşı "demokratiya kartı"ndan yararlanmağa başlayıb. Qərbin demokratiya ilə bağlı İrana xatırlatmaları isə onun bu ölkədəki ümumxalq hərəkatına obyektiv yanaşmasının göstəricisi deyil. Sadəcə, Qərb indiki məqamda Tehrana qarşı vurğulanan amildən faydalanmağa ehtiyac olmasının fərqindədir. Çünki İran Birləşmiş Ştatlarla və Avropa Birliyinin əsas istəyini - nüvə proqramından imtina haqda tələbinə yenə də çox saymaz yanaşır və bu işi sona çatdırmaqda təkidli görünür. Hadisələrin belə inkişafı inkişafı isə Amerika ilə "Köhnə Dünya"nın maraqlarına uyğun olmamaqla yanaşı, həm də onların nüfuzunu böyük zərbə altında qoyur. Amma bu məsələlər deyəsən, molla rejimini qətiyyən düşündürmür və bu üzdən də, İran heç nə olmayıbmış kimi, nüvə dövlətinə çevrilmək istiqamətində addım-addım irəliləyir. Qərbin səbrini tükəndirən son gediş isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavinin verdiyi açıqlama oldu. Sözçü bu bəyanatında ABŞ prezidenti Barak Obamanın Tehrana danışıqlara başlanılması üçün sentyabra qədər vaxt verilməsi haqda təklif-xəbərdarlığına ölkəsinin münasibətini açıqlayıb. Qaşqavi bu bəyanatı ilə İranın Obamanın çağırışını düzgün qiymətləndirəcəyini düşünənlərin gümanlarını heçə çıxardıb. İran diplomatı açıq mətnlə bildirib ki, ölkəsi özünün nüvə hüquqlarını müdafiə etməkdə ciddidir və bu planların məhdudlaşdırılmasıyla razılaşmayacaq. Bu açıqlamadan sonra hərəkətə keçən Amerika və Avropa Birliyi Tehranı daha da küncə sıxmaq üçün əlavə təsir rıçaqlarını işə salıblar. Ona görə də, İran hakimiyyətinin seçkisonrası kütləvi etirazları zorakılıqla yatırması və repressiyaların bu gün də davam etməsi məsələsini gündəmə gətirib. Qərb uzun susqunluqdan sonra İranı dinc etiraz aksiyalarının təşkilatçılarını və iştirakçılarını həbsə atdırmaqda ittiham edib. Məlumat üçün bildirək ki, həbs olunanlar arasında Böyük Britaniya və Fransanın Tehrandakı səfirliklərinin iki yerli əməkdaşı da var. Bu fakt indiyə kimi İrana münasibətdə nisbətən loyal davranan Avropa Birliyini xüsusilə hərəkətə gətirib. Qeyd olunan həbsləri kəskin şəkildə pisləyən Avropanın "lokomotiv ölkələr"i İran qarşısında ABŞ-ın məlum şərtini daha ultimativ formada qoyublar. London və Paris də nüvə proqramıyla bağlı danışıqlara başlamağa razılıq verməsi üçün İrana sentyabra qədər vaxt verib. Vaşinqtondan fərqli olaraq, bu paytaxtlar İranın həmin şərti qəbul etməyəcəyi təqdirdə alacağı cavabı təsəvvür etməyə imkan verən mövqe bildiriblər. Bəyanlanıb ki, İran bu şərti qəbul etməyəcəyi təqdirdə, çox ciddi sanksiyalara məruz qalacaq. Bununla belə, adıçəkilən Avropa ölkələri yeni sanksiyaların nədən ibarət olacağına aydınlıq gətirməyiblər. Mümkün sanksiyaların ilk bəndi isə İranla diplomatik əlaqələrin kəsilməsi ola bilər. Göründüyü kimi, daxili təlatümləri sakitləşməkdən çox güclənən İran beynəlxalq müstəvidə də heç vaxt olmadığı qədər, ciddi çətinliklərlə baş-başadır. Son ayyarım ərzində "ən monolit dövlət" imici darmadağın olan İran indiki şəraitdə eyni vaxtda həm daxili, həm də xarici təzyiqləri dəf etmək gücündə deyil. Onu da nəzərə almaq lazımdır ki, İranın molla rejiminə qarşı açılmış hər iki "cəbhə" genişlənir. Belə bir vəziyyətdə İran hakimiyyəti hansı addımları ata bilər? Ölkədə elə bir vəziyyət yaranıb ki, suala birmənalı cavab vermək üçün əsaslar var. Bu baxımdan, fars molla rejiminin manevr qabiliyyətini tam itirdiyi qənaətinə gəlmək mümkündür. Baxaq, İran hakimiyyəti xarici təzyiqləri dəf etmək üçün daxildə həmrəyliyin bərpasına yönəlik addımlar atmalıdır. İran cəmiyyətinin rejimə, ümumiyyətlə, ölkənin siyasi quruluşuna çox sərt münasibəti fonunda onu razı salacaq hansı addımlar atıla bilər? Bu gün cəmiyyətin bögük hissəsi indiki hakimiyyətin və bütünlükdə, mövcud siyasi rejimin dəyişdirilməsində israrlıdır. Hətta nüvə proqramının reallaşmasını milli qürur səviyyəsinə qaldıran iranlılar da molla rejiminin süpürülməsini tələb edənlərlə bir sıradadırlar. Eyni zamanda, xarici təzyiqləri qismən də olsa, səngitmək üçün nüvə proqramından birdəfəlik imtinadan başqa yol görünmür. Bu variant da İran rejiminin zəiflədiyini təsdiqləməklə bərabər, onun siyasi səhnədən sürətli enişinə təkan verə bilər. Ona görə də, iki od arasında qalan mühafizəkarlar düşdükləri vəziyyətdən çıxmaq üçün ağırlaşmış başlarını sındırmaqla məşğuldurlar. Politoloq Hikmət Hacızadə Qərbin İrana yönəlmiş son təhdidlərinin əvvəlkilərdən fərqli, daha ciddi xarakter daşıdığını düşünür: "İran bu tələbləri yerinə yetirməsə, öz vəziyyətini xeyli pisləşdirəcək. Onsuz da, prezident seçkilərindən sonra çalxalanan İranın xarici təzyiqlər qarşısında axıra kimi duruş gətirməsi mümkün görünmür. Siz də müşahidə edirsiniz ki, İrana münasibətdə müəyyən qədər ehtiyatlı davranan Avropa Birliyi də bu dəfə mövqelərini xeyli sərtləşdirib. Açıq görünür ki, Avropa İranın nüvə dövlətinə çevrilməsindən sonra üzləşəcəyi durumu yaxşı başa düşür. Çünki bilir ki, İran nüvə silahına sahiblənərsə, o halda, ABş-dan əvvəl hədəfdə Avropa olacaq. Ona görə də hazırda İrana qarşı təzyiqlərdə Vaşinqtanla tam həmrəydir. Avropanın belə mövqe tutması İran üçün ən azı iqtisadi baxımdan çox təhlükəlidir. Avropa ilə ticarət əlaqələrinin kəsilməsi İranda böyük böhran yaradacaq. Xatırladım ki, Avropa indiyə kimi məhz iqtisadi amilləri əsas götürüb, Amerikanın İrana qarşı təzyiqlərini yumşaltmağa çalışırdı. İndi isə vəziyyət dəyişib və ona görə də, Avropa Tehranı nüvə proqramından imtinaya məcbur etməkdə Amerikaya tam dəstək verir. Qalan məsələlər - İranda demokratiya, insan haqları və sair - burada heç bir rol oynamır".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar