SON XƏBƏRLƏR

Türkiyədə siyasi gərginlik

2021.10.20, 07:36
Türkiyədə siyasi gərginlik

Gunaz.tv
AKP-NİN KÜRD PLANINA MİLLİYƏTÇİLƏRDƏN SƏRT ETİRAZ MHP hökumətin Öcalanla danışıqlar apardığını və Türkiyəni bölmək planlarının yolunu açdığını bəyan edir Türkiyədə AKP hökumətinin açıqlamağa hazırlaşdığı kürd probleminin həlli ilə bağlı plan yeni siyasi gərginliyə yol açmaqdadır. Xəbər verildiyi kimi, hökumətin planının avqustun sonlarında açıqlanacağı gözlənilir. Bu planın detalları haqda rəsmi məlumat yoxdur, ancaq mətbuatın yazdığına görə, hökumət PKK-nın əliqanlı liderləri də daxil olmaqla terrorçuları əhatə edəcək geniş amnistiya, kürd dilində təhsil hüququ və kürd bölgələrində bələdiyyələrə əlavə statusların verilməsi kimi məsələlər yer alacaq. Maraqlıdır ki, hökumətdən əvvəl PKK lideri Abdulah Öcalan da kürd problemin “demokratik yollarla” həlli üçün öz planını açıqlamağa hazırlaşır. Öcalanın planı avqustun 15-də elan ediləcək. Öcalanla hökumətin bu cür ardıcıllıqla kürd planlarını hazırlamasının koordinasiya edilib-edilmədiyi bilinmir, ancaq müxalifətdən belə ittihamlar var ki, hökumət “Apo”yla dolayısıyla danışıqlar aparmaqdadır. Ölkənin cənub-şərqindəki Bitlis bölgəsinə səfər edən prezident Abdullah Gül isə kürd planı ilə bağlı jurnalistlərə deyib ki, Türkiyədə yeni dönəm başlayır:“Başımızı quma basdıra və problemləri görməzliyə vura bilmərik. Türkiyədə bu problem var və həll edilməlidir”. Kürd probleminin necə həll edilə biləcəyi haqda suala cavabında isə Gül deyib ki, Türkiyə bu məsələdə Avropa İttifaqının standartlarını əsas götürəcək: “Avropada bu cür problemlər necə həll edilirsə, biz də elə həll etməliyik, Avropa İttifaqına üzv olmaq istəyən ölkəyə başqa yollar yaraşmaz”. Bu gün hökumət kürd planını müzakirə etmək üçün toplanıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan nazirlərə təlimat verib ki, məzuniyyətə çıxmazdan əvvəl bu plan hazırlansın və müzakirəyə çıxarılsın. Hökumətdən planı koordinasiya etmək daxili işlər naziri Bəşir Atalaya həvalə olunub. Ona təlimat verilib ki, plan açıqlanmazdan əvvəl müxalifət liderləri ilə görüşüb onun əsas müddəalarını müzakirə etsin. Atalayın müxalifət partiyaları ilə bu həftə ərzində görüşəcəyi gözlənilir. Ana müxalifət partiyası hökumətin planında Türkiyənin bölünməsinə aparacaq məsələlərin yer alması halında onu rədd edəcəklərini açıqlayıb, ancaq partiya planda müsbət məqamlar olarsa dəstək verəcəklərini də bildirib. MHP-nin mövqeyi isə birmənalıdır və sərtdir. Bu gün MHP elan edib ki, hökumətlə kürd planı ilə bağlı heç bir təmasda olmaq istəmir və bu səbəbdən Bəşir Atalayı qəbul etməyəcək. Partiyanın mövqeyini açıqlayan MHP qrup başqan vəkili Oqtay Vural bəyan edib ki, hökumətin planı demokratiya adı altında kürd separatizminə yol açmaqdır. O, MHP-nin əliqanlı terroçulara amnistiya verilməsini heç cür qəbul etməyəcəklərini, həmçinin niyyəti Türkiyəni federallaşdırmaq olan PKK-nın siyasi uzantısı olan DTP ilə danışıqlar aparmayacağını bildirib. Onun sözlərinə görə, hökumət kürdçülüyü siyasiləşdirir və bununla da Türkiyənin bölünməz bütövlüyünə zərbə vurur. Vural prezident Abdullah Gülün Bitlisdə verdiyi açıqlamaları da sərt tənqid edib. O deyib ki, başını quma basdıran əslində prezident özüdür: “Bəyəm o kürd məsələsini siyasiləşdirmək istəynləri görmür? PKK adında terror təşkilatının olduğunu, 40 min şəhidi görmür?” MHP başqanı Dövlət Baxçalı isə deyib ki, hökumət terrorçubaşının silahla həyata keçirə bilmədiyi planları siyasi yolla həyata keçirmək üçün yola çıxıb. Onun sözlərinə görə, Türkiyədə AKP demokratikləşmə adı altında ölkədəki rejim başqa istiqamətə sürüklənir. Baxçalı deyib ki, Türkiyəni bölmək istəyənlər AKP-nin qarşısında bu tələbləri qoyub: Türkiyə konstitusiyası dəyişdirilsin və orada kürdlərin hüquqlarına dair müddəalar yer alsın, kürd dilində təhsil rəsmiləşdirilsin, PKK ilə danışıqlara başlansın, terror təşkilatına qarşı hərbi əməliyyatlar dayandırılsın. “Hökumət bu tələblərin qəbul edilməsini “çıxış yolu” hesab edir. Məqsəd Türkiyədə milli və unitar dövlət modelini aradan qaldırmaqdır”. Baxçalı bildirib ki, hökumət, baş nazir Ərdoğan PKK liderinin “mənimlə danışıqlar aparmaqlarını tələb etmirəm, DTP ilə aparsalar yetər” şəklindəki şərtini də yerinə yetirdiyini bildirib. MHP lideri deyib ki, onun partiyası Türkiyəni bölmək planlarına qarşı qətiyyətli mübarizə aparmaqda davam edəcək.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar