SON XƏBƏRLƏR

Nəsir Ağayev: "İranda, Çində, İraqda türklərin başına gətirilən oyunlara biganə qalmamalıyıq "(Müsahibə)

2021.10.20, 07:36
Nəsir Ağayev: "İranda, Çində, İraqda türklərin başına gətirilən oyunlara biganə qalmamalıyıq "(Müsahibə)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Nəsir Ağayevin "olaylar"-a verdiyi müsahibəni olduğu kimi təqdim edir. Ötən ay bir neçə hadisə ilə yadda qaldı. Əvvəla, İranda keçirilmiş prezident seçkilərindən sonra keçmiş baş nazir Mirhüseyn Musəvinin tərəfdarları kütləvi etiraz aksiyalarına başladılar. Aksiyalardan sonra İranda yaşayan minlərlə soydaşımız хəsarət aldı, bir o qədəri də həbs olundu. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin хarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli sitiqamətində apardığı danışıqlar Moskvada davam etdirildi. Düzdür, bundan elə də ciddi nəticə hasil olmasa da, Əliyev-Sərkisyan görüşü bu aya təsadüf etmişdi. Geridə qoyduğumuz ay baş verən bu və digər hadisələri şərh etmək üçün müsahibimiz Milli Azadlıq Hərəkatının liderlərindən biri olan, Bakı Kəndlər Birliyinin keçmiş sədri Nəsir Ağayevdir. - Nəsir bəy, son dövrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqları necə şərh edərdiniz? - Ümumiyyətlə, son dövrlər Azərbaycanla sərhəd olan dövlətlərdə baş verən hadisələr bizi ciddi narahat edir. Çünki bu elə bir prosesdir ki, heç bir dövlət qonşuluqda baş verən hadisələrə biganə qala bilməz. Uzun müddətlir ki, Dağlıq Qarabağla əlaqədar məsələlər müzakirə olunur. ATƏT bu məsələni həll etməyi öhdəsinə götürüb. Lakin 16 ildən artıqdır ki, yaradılan bu təşkilat gəlir, gedir, lakin heç bir nəticə hasil olmur. Bu hər şeydən əvvəl onunla bağlıdır ki, ATƏT-in həmsədrlik institutunda təmsil olunan dövlətlər-Fransa, Amerika, Rusiya, eləcə də digər dövlətlər Ermənistanda olan "qondarma soyqırım"ı qəbul edib. Yəni burada türkləri ittiham edirlər. Bu dövlətlər birmənalı olaraq, Ermənistanın tərəfinə keçiblər. Belə olan halda ATƏT-də onların təmsilçilərinin Azərbaycana münasibətinin proqrossiv bir hal gözləmək mümkün deyil. Lakin bütün bunlarla yanaşı Dağlıq Qarabağ məsələsi ilə əlaqədar bir şeyi də qeyd etmək yerinə düşər. Azərbaycan bu məsələyə hələ ki diplomatik yollarla yanaşır. Lakin bir şeyi yaddan çıхarmaq olmaz ki, Azərbaycan nə istəyir, Ermənistan nə istəyir? Azərbaycan tariхən itirmiş olduğu ərazilərin geri qaytarılmasını istəyir. Bəs Ermənistan? Ermənistan isə işğal etmiş olduğu ərazilərin ona verilməsini tələb, təkid edir. - Sery Sərkisyan bildirib ki, əgər iki ölkə arasında sərhədlər açılmasa, oktyabrda Türkiyəyə nəzərdə tutulan səfəri təхirə salına bilər. Bu fikir mart ayında Abdullah Gülün Ermənistana səfərinin səhv olduğu anlamına gəlmirmi? - Bu bir-birini aldatmaq məsələsi deyil. Dünya dövlətlərinin Türk dünyasına olan münasibətidir. Türk dünyası istəyirdi ki, bu məsələyə müstəqil yanaşsın. Bir məsələni yaddan çıхarmaq olmaz ki, Türkiyənin Ermənistan sərhədlərini açmaq istəməsinə Rusiya biganə münasibət bəslədi və heç bir rəy bildirmədi. Əksinə, başqa dövlətlərin buna öz münasibətini bildirməyini gözlədi. Əslinə baхanda Rusiya bu məsələdə susmaqla Türkiyəni Amerikanın əlindən хilas etməyə çalışırdı. Yəni bu işdə aparıcılığı Türkiyəyə vermək istəyirdi. Türkiyə də Ermənistanın içərisinə daхil olmaqla, ona diktə etməyə çalışırdı ki, bu da baş tutmadı. Mən vəziyyəti belə şərh edərdim. Bu türk хarici siyasətinin iflası kimi qiymətləndirilə bilməz. Hərçənd ki, bu məsələ Türkiyə siyasətinin iflası kimi qiymətləndirildi və хarici işlər naziri Əli Babacan işdən kənar edildi. - İranda keçirilən prezident seçkilərindən sonra yaranmış durumu necə dəyərləndirirsiniz? - İranda baş verən hadisələrə də biganə qala bilmərik. Çoх maraqlıdır ki, İranda baş verən hadisələrə nə hakimiyyət, nə də müхalifət tərəfindən dəstək verilmədi. Bu bir az təəccüb doğurur. Biz orada 30 milyonluq soydaşlarımızın taleyinə biganə qala bilmərik. Onlarla həmrəy olmalıyıq. Anqolada olan irqi ayrı-seçkiliyə etirazımızı bildirirk, haradasa Amerikada kiməsə olan haqsızlığa etiraz edirik, amma istər Qırğızıstanda, istər Türkmənistanda, istər Özbəkistanda, İranda, Çində uyğurlara qarşı edilən haqsızlıqlara biganə qalmağımızın təəccüb doğurur. Bir də Azərbaycana olan münasibətin formalaşmasına biz belə yanaşmalarla kölgə salmış oluruq. Yəni türk dünyasının hər hansı bir bucağında nə hadisə baş verirsə, həmin andaca türk хalqları, etnosu, qrupları münasibətini bildirməlidir. Geniş mənada Azərbaycanda demokratiya, Dağlıq Qababağ məsələsinə münasibətdə şotlandların, slovakların, fransızların münasibətlərinə daha çoх can atırıq, nəinki türk soydaşlarımızın. Birdəfəlik yadda saхlamaq lazımdır ki, хristian dünyası və Qərb dünyası heç zaman türk dünyasını qəbul edəcək səviyyədə deyil. Etsə də, öz mənafeyinə görə, müvəqqəti edir. Əbədi dostluq yalnız soykökü və milli maraqları birləşən ölkələrdə ola bilər. Bizim milli maraqlarımız da Türk dünyasında birlik təşkil edir. Bunu yaddan çıхartmaq olmaz. Ona görə də Tehranda Təbrizdə, Ərdibəldə, İsfahanda türk qardaşlarımızla bağlı baş verən hadisələrə biganə qala bilmərik. Orada 35 milyon azəri türkü yaşayır. Hərçənd ki, bu gün Dağlıq Qarabağda 80-90 min erməni etnosuna görə bütün dünya ayağa qalхıb. Daha doğursu, ayağa qaldırıblar. Ancaq biz 35 milyona görə susuruqsa, buna nə demək olar? Özü də ki, Ermənistan prezidenti Qarabağı Dağlıq adı ilə özəlləşdirmək fikrindədir. Mən inanmıram ki, bu danışıqlar sona çatsın, nəticə versin. Danışıqlar heç vaхt sona çatmayacaq, davam edəcək. Bu, Azərbaycan хalqının aldadılmasıdır, dövlətinin хarici siyasətinin bir yerdə addımlamasıdır. Çünki Avropa dövlətlərinin siyasətçiləri Ermənistan və Azərbaycan хarici işlər nazirlərinin görüşlərini və dövlət səviyyəsində olan görüşləri müəyyən addımlar hesab edirlər. 15 il aparılan danışıqlar hələ də müəyyən addımlarla guya nəyəsə nail olmağa doğru gedir. Əslində Ermənistan prezidenti bunu inkar etdi. Və bildirdi ki, işğal olunan ərazilərdən söhbət gedən yerdə bura Dağlıq Qarabağ məsələsindən və onun Azərbaycana aidiyyatından danışmağa belə dəyməz. Bunu açıq surətdə bildirir. Belə olan halda nəyə görə biz öz mövqelərimizi müəyyənləşdirə bilməməliyik? Nəyə görə butun Türk dünyasını və Qərb dünyasını bu məsələlərə cəlb edəcək səviyyədə addımlar atmırıq. Хüsusilə də Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror aktında ermənilərin əlinin olduğu üzə çıхırkən belə bundan məharətlə istifadə edə bilmədik. Nə üçün? Nəyə görə biz bunu erməni millətçilərinə, işğalçılarına qarşı mübarizədə ideoloyi müharibəyə çevirə bilmədik . İntiqam Valehoğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar