SON XƏBƏRLƏR

İran-Ermənistan silah yolu

2021.10.20, 07:36
İran-Ermənistan silah yolu

Gunaz.tv
"Tehranİrəvan reysi ilə uçan sərnişin təyyarəsi yük bölməsində baş vermiş partlayış nəticəsində qəzaya uğrayaraq yerə düşüb". İtaliyanın "Corriere della sera" qəzetinin son sayında verilən məlumata görə, həmin təyyarənin yük yerində sərnişinlərin baqajından savayı təxminən 1200 ən müasir partlayış detonatorları da varmış. Bu silah çox gizli şəkildə İrandan Ermənistana, oradan da Suriyaya, sonda isə Livana daşınmalıydı. "Caspian Airlines" aviaşirkətinin Tehranİrəvan reysi ilə uçan "Tu154" sərnişin təyyarəsi iyulun 15də, havaya qalxandan 16 dəqiqə sonra partlayaraq yerə düşüb. Qəza nəticəsində 168 nəfər həlak olub ki, onların 15 nəfəri heyət üzvü idi. Həlak olanların təxminən 60 nəfəri, o cümlədən təyyarənin 2 aviatexniki ermənilərdi. İranın "Caspian Airlines" aivaşirkəti "Corriere della sera"nın məlumatını şərh etməkdən boyun qaçırıb. Bütün suallara alınan cavab sadəcə "heç bir şərh verməyəcəyik" olub. Dünən isə yeni iddialar yayılıb. Bəlli olub ki, qəzaya uğramış təyyarədəki detonatorların hər birində partlayış üçün elektromexanizm və 2 kq partladıcı maddə varmış. Bu silahın "müştəri"si isə Livandakı "Hizbullah" hərəkatının "Müsəlman Mücahidləri Dəstələri" adlı qruplaşmasıdır. "Caspian Airlines"in Ermənistandakı ofisindən isə bildiriblər: "Sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə müfəssəl və dəqiq məlumatımız yoxdur. Ən azı ona görə ki, "qara qutu"lar hələ tamamən oxunmayıb. Lakin istənilən halda təyyarədə hansısa qadağan edilmiş yükün olması barədə iddiaları yersiz və əsassız hesab edirik". Ermənilər hər vəchlə bu xəbərin "İsrailin xüsusi xidmət orqanlarının yalanı" olduğunu söyləsələr də, İrəvanın iddialarına inanmaq çox çətindir. Çünki bəzi ərəb qəzetləri də "Caspian Airlines" təyyarəsi ilə İrandan Ermənistana "Hizbullah" üçün detonatorlar daşınması versiyasının müzakirələrinə başlayıblar. Maraqlıdır ki, Ermənistanın heç bir dövlət qurumu "Hizbullah"a silah və partladıcı maddələr trafiki ilə bağlı suallara cavab verməyib. Ermənistanın Baş Mülki Aviasiya İdarəsinin mətbuat xidmətindən isə bildirilib ki, "qurum tam heyətlə məzuniyyətdədir". Hərbi ekspert Canmirzə Mirzəyevin dediyinə görə, Ermənistanın beynəlxalq terrorizmlə sıx əlaqələri artıq sirr deyil: "Bu əlaqələr həddən ziyadə sıx və genişdir. Ermənistan həmişə öz çirkin məqsədlərinə çatmaq üçün beynəlxalq terrorçuların "xidmət"lərindən istifadə edib. Onun sözlərinə görə, ermənilərin hazırda işğal altında saxladıqları Azərbaycan ərazilərindən beynəlxalq terrorçular hazırlıq və təlim bazaları kimi istifadə edirlər. "Ermənilərin "Krunk", ASALA təşkilatlarının "Əl Qaidə", "Hizbullah" və s. terror təşkilatları ilə sıx əlaqələri mövcuddur. Dünya birliki artıq anlamalıdır ki, Azərbaycan Ermənistanın hamilik etdiyi beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Azərbaycanın erməni işğalındakı torpaqlarındakı bazalardakı terrorçular tək region yox, bütün dünya üçün təhlükədir. İstisna etmirəm ki, "Meşə qardaşları", "Hizbullah" və ya "Əl Qaidə" ilə bağlı olaraq Azərbaycanda aşkarlanaraq zərərsizləşdirilmiş qruplar işğal edilmiş ərazilərdə hazırlıq keçiblər, sonra da Ermənistanın xüsusi xidmət orqanları tərəfindən Azərbaycana göndəriliblər", C.Mirzəyev dedi. İsrailin tanınmış siyasi şərhçisi Aleks Veksler isə hesab edir ki, "Caspian Airlines"in yük yerindəki detonatorlar və "ağıllı bomba"ların Livandakı "Hizbullah"ın ölkənin cənubundakı dəstələri üçün nəzərdə tutulması mümkündür. "Suriya və İran arasında münasibətlərin genişlənməsi, habelə İranla Ermənistan arasındakı əlaqələrin yüksək səviyyəsindən bəhrələnməyə çalışan İran İrəvan vasitəsilə yeni marşrut açmaq qərarına gəlib. Azərbaycan və İsrail arasnıdakı strateji qarşılıqlı əlaqələrin möhkəmlənməsi İranla Ermənistanı çox qıcıqlandırır. Düşünürəm ki, İran indiyə qədər də Ermənistan vasitəsilə "Hizbullah"a silah və hərbi texnika yollayıb", A.Veksler bildirib. O, İranın Ermənistanın özünə, habelə Dağlıq Qarabağdakı separatçılara da silah və hərbi texnika verdiyini istisna etməyib. "Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin İranla həmsərhəd olduğunu nəzərə alsaq, bunu etmək heç çətin deyil. Onu da unutmayaq ki, "Caspian Airlines" aviaşirkətinin qəzaya uğramış təyyarəsində İranın "İslam İnqilabının Keşikçiləri Korpusu"nun bir neçə zabiti də vardı. Bu insanlar Ermənistan rəhbərliyinin xəbəri və icazəsi olmadan İrəvana yollana bilməzdilər. Ermənistan rəhbərliyi səfərdən və ən başlıcası, təyyarənin yükündən xəbərdardı", A.Veksler söyləyib. Hərbi ekspert İldırım Məmmədov da belə düşünür. Onun qənaətinə görə, beynəlxalq terrorçu təşkilatlar çoxdan bəri Ermənistan ərazisindən tranzit məntəqə qismində istifadə edir. "Bu yaxınlarda zərərsizləşdirilmiş "Meşə qardaşları" kimi terrorçu qruplaşmaların Azərbaycan ərazisinə məhz Ermənistan xüsusi xidmət orqanlarının göstərişi və əmri ilə keçdiyini istisna etmirəm. Özünüz düşünün, "PKK, "Hizbullah" və ya "Əl Qaidə" kimi terror təşkilatlarının hamısında erməni izim var. Üstəlik Ermənistanın özü də ASALA və "Krunk" təki qəddar terror təşkilatları yaradır. Buna görə də düna birliyinin Ermənistanın qanunsuz hərəkətlərinə diqqət yetirməsinə və bu ölkəni beynəlxalq terrorizmi dəstəkləyən dövlətlər siyahısına əlavə etməsinqin vaxtı çatıb", İldırım Məmmədov söyləyib.express.Hüseyn BAKUVİ

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar