SON XƏBƏRLƏR

Novruz Məmmədov: həm daxili, həm də xarici siyasət kursunda Azərbaycana heç bir təzyiq, təsir və başqa faktorlar yoxdur(Müsahibə)

2021.10.20, 07:36
Novruz Məmmədov: həm daxili, həm də xarici siyasət kursunda Azərbaycana heç bir təzyiq, təsir və başqa faktorlar yoxdur(Müsahibə)

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzi Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun APA-ya müsahibəsini olduğu kimi təqdim edir. - Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı prosesin yekun mərhələyə yaxınlaşdığı bir vaxtda həmsədrlərin dəyişdirilməsi prosesə mənfi təsir edə bilərmi? - Dağlıq Qarabağ münaqişəsinin həllində əsas tərəflər Azərbaycan və Ermənistandır. Bu məsələdə isə Azərbaycanın mövqeyi bütün dünyaya məlumdur. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ancaq Azərbaycan istəyir ki, bunu danışıqlar və sülh yolu ilə həll etsin. Burada söhbət ondan gedir ki, Ermənistanın mövqeyi nədən ibarət olacaq? Ermənistan tərəfi isə münaqişənin həlli ilə bağlı mövqeyini tez-tez dəyişməklə bunun həllini yubadır. Bu nöqteyi-nəzərdən düşünürəm ki, Ermənistan tərəfi də Azərbaycan tərəfi kimi iradəsini ortaya qoysa, münaqişənin sülh və danışıqlar yolu ilə həlli üçün əlindən gələni etsə, həmsədrlərdən asılı olmayaraq, münaqişə həll edilər. Həmsədrlər də insandırlar, hərəsi bir ölkəni təmsil edir, onlar sadəcə olaraq bu münaqişəni həllini asanlaşdırmağa çalışırlar. Əlbəttə, həmsədrlər müəyyən müddət işləyiblər, bu sahədə təcrübələri var, problemin içərisindədirlər, məsələləri incəliklərinə qədər bilirlər. Amma hələlik onların öz fəaliyyətlərini davam etdirməsi məsələsi gündəlikdədir. Düşünürəm ki, bu ilin sonuna qədər onlar bunu edəcəklər. Amma hər iki tərəfin iradəsi olsa, xüsusilə Ermənistan tərəfi konstruktiv mövqe tutsa, problemin həlli mümkündür. Son illərdə, xüsusilə də bu ilin əvvəlindən başlayaraq gedən proseslər münaqişənin həllini bir növ zəruri və vacib edir. Ermənistan tərəfinə bununla bağlı təzyiqlər həddindən artıq artıb. Ermənistan-Türkiyə məsələləri, son vaxtlar gedən danışıqlar prosesi, həmsədr ölkələrinin münaqişənin həllinə marağının artması, Azərbaycan prezidentinin bu istiqamətdə atdığı son addımlar, ABŞ-Rusiya və Fransa prezidentinin İtaliyada verdiyi birgə bəyanat, ABŞ Dövlət Departamentinin “Madrid prinsipləri” ilə bağlı mövqeyi və Rusiyanın da bu məsələdə xüsusi fəal olması Ermənistan üzərində təzyiqi artırır. Digər tərəfdən, nəzərə alsaq ki, həm də beynəlxalq maliyyə böhranı hökm sürür, bu da Ermənistanı çıxılmaz vəziyyətdə qoyur. Ermənistan rəhbərləri başa düşməlidirlər ki, onların münaqişənin həllinə alternativ yolları yoxdur. Buna baxmayaraq, onlar özləri öz ideyalarının girovuna çevriliblər, hələlik münaqişənin həlli ilə bağlı ciddi addımlar atmaqda tərəddüd edirlər. Amma bu gün danışıqlar aktiv fazadadır və ola bilsin ki, gələcək görüşlərin birində irəliyə doğru addım atmaq mümkün olacaq. Əsas məsələ birinci mühüm addımı atmaqdır, sonra proseslər davam edəcək. Bununla bağlı da həmsədrlərin Azərbaycana səfərlərini gözləmək lazımdır. Görək, onlar “Madrid prinsipləri”ndə nələri əsas götürərək ortaya yeni fikirlərini qoyurlar? Ondan sonra konkret bir şey demək mümkün olacaq. - Hazırkı mərhələdə Azərbaycanın təklif olunan razılaşmaları qəbul etməsinə ehtiyacı varmı? - Yenə də qeyd edirəm ki, burada söhbət Madrid baza prinsiplərindən gedir. Münaqişənin həllində baza prinsipləri isə hamıya məlumdur. “Madrid prinsipləri”ndə də göstərilib, Azərbaycan prezidenti də dəfələrlə çıxışlarında, nitqlərində deyib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Problem mərhələ-mərhələ həll edilməlidir. Əvvəlcə Azərbaycanın 5, yaxud 6 rayonu, sonra 1, yaxud 2 rayonu boşaldılmalı, ondan sonra məcburi köçkünlər məskunlaşmalı, sülhməramlılar yerləşdirilməli, bundan sonra abadlıq işləri aparılmalı, kommunikasiyalar açılmalıdır. Eyni zamanda 1 və ya 2 rayonun məskunlaşma prosesi getməli, hətta qaçqın və köçkünlər eyni zamanda Dağlıq Qarabağa da qayıtmalıdırlar. Bundan bir müddət sonra isə Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət məsələsi həll olunmalıdır. Yəni proses belə getməlidir. Ermənistan tərəfi isə müəyyən mənada öz hakimiyyətini itirməkdən qorxaraq mövqeyini tez-tez dəyişir. - Bəziləri bu razılaşmalara getməsi üçün Azərbaycana təzyiqlərin edildiyini bildirirlər. Bununla bağlı Azərbaycana təzyiqlər varmı? - Bunu deyənlər, səhv edir, yalan deyir, yaxud müəyyən qərəzli fikirlər ortaya atırlar. Azərbaycan prezidentinin əməkdaşıyam, onun görüşlərində iştirak edirəm, onun xarakterini, iradəsini, konsepsiyasını görürəm. Ona görə də deyə bilərəm ki, Azərbaycan bu gün dünyada yeganə ölkələrdəndir ki, həm daxili, həm də xarici siyasət kursunda ona heç bir təzyiq, təsir və başqa faktorlar yoxdur, ola da bilməz. Azərbaycan prezidentinə təsir etmək mümkün deyil. Prezident Azərbaycanın dövlət maraqlarını təmin etmək üçün müstəqil xarici siyasət aparır. Dünyanın ən müxtəlif ölkələrinin təmsilçiləri həm regionda, həm də beynəlxalq aləmdə bunu qeyd edirlər. Bir neçə gün əvvəl “Gallup” İnstitutunun keçirdiyi sorğu açıqlanıb və bəlli olur ki, Azərbaycan öz rəhbəri ilə xalq arasında ən möhkəm əlaqəsi, inamı olan ölkədir. 77 faiz hələ onların göstəricisidir. Bu rəqəm dünyanı heç bir ölkəsində yoxdur. Belə bir arxası, dayağı olan prezident nəyə görə hansısa təzyiqlərə məruz qalmalıdır? Bu mümkün deyil. Təzyiq zəif ölkələrə edilir. - Ermənistan tərəfi Azərbaycanın təklif etdiyi yüksək muxtariyyət statusu ilə razıdırmı? - Bunlarla bağlı müzakirə gedir, danışıqlar aparılır. Bu məsələdə razılaşmalar əldə edilsə, konkret mövqe bildirəcəyik. Hələlik burada razılaşma tam olmadığı üçün konkret söz demək mümkün deyil. - Baza prinsiplərində nəzərdə tutulan keçid və yekun statuslarını kim müəyyənləşdirəcək? - Bu statusu, əlbəttə ki, Azərbaycan tərəfi müəyyənləşdirir. Bunu başqa heç kim müəyyənləşdirə bilməz. Azərbaycan tərəfinin məqsədi ondan ibarətdir ki, münaqişə sülh, danışıqlar yolu ilə həll olunsun. Ona görə də keçid statusu deyəndə, biz Azərbaycanın işğal olunmuş ərazilərinə - 7 rayona, eyni zamanda Dağlıq Qarabağa məcburi köçkünlərin qayıdıb məskunlaşması, orada bərpa işlərinin aparılması, kommunikasiyaların açılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi və Dağlıq Qarabağla Ermənistan arasında keçid dəhlizinin yaradılmasını nəzərdə tuturuq. Bunların həyata keçirilməsi ən az 5-6 il çəkə bilər. Ondan sonra məskunlaşma prosesi də asan deyil. O prosesin özü də 7-8 il, bəlkə də 10 il çəkəcək. Orada hər yer dağılıb, heç nə yoxdur. Birdən-birə hamısını qurub normal vəziyyətə gətirmək asan deyil. Buna illər lazımdır. Bizim də əsas məqsədimiz budur, həmsədrlərin də mövqeyi ondan ibarətdir ki, bu proseslər getsin, orada insanlar əvvəlki dövrdəki kimi öz yaşam tərzlərini təmin etsinlər, sonra isə status məsələsinə baxaq. Status da Azərbaycanı ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunun başqa yolu yoxdur. - Prezidentlərin oktyabrda keçirilməsi gözlənilən Kişinyov görüşündə hər hansı sənədin imzalanacağı gözlənilirmi? - Hələlik bir söz deyə bilmərəm. Həmsədrlər regiona səfər etsinlər, ondan sonra görək söhbət nədən gedir. Hər şey Ermənistanın mövqeyindən asılıdır, görək onların mövqeyi nədir. - Ermənistan prezidenti Sərkisyan Türkiyəyə getmək üçün rəsmi Ankara qarşısında şərt qoyub. Bildirib ki, sərhədlər açılmasa, iki ölkənin futbol yığmaları arasında bu ilin oktyabrında keçiriləcək oyunu izləmək üçün Türkiyəyə getməyəcək. Onun bu mövqeyini necə qiymətləndirirsiniz? - Bunlar göstərir ki, Sərkisyanın münaqişənin həlli ilə və ümumiyyətlə qonşu dövlətlə qurduğu münasibətlərdə konkret məntiqi mövqeyi yoxdur, mövqeyini tez-tez dəyişir. Necə ola bilir ki, Türkiyə prezidenti Ermənistana gəlir, o isə getməyəcəyini deyir. Bunlar hamısı uşaq oyununa bənzəyir. Şərtlər qoyulur, guya ki, bununla nəyəsə nail olacaqlar. Bu isə düzgün deyil. Ona görə də buna heç şərh də vermək istəmirəm. Onun bu addımında heç bir əsas görə bilmirəm. Nə üçün dünən bu cür addım atır, sabah başqa. Sərhədin açılması tamam başqa faktorlarla bağlıdır. Bunu gərək Ermənistan prezidenti başa düşsün. - Metyu Brayzanın Azərbaycana səfir təyin olunması barədə məlumatlar yayılıb... - Bu, ABŞ-ın işidir. Brayzanı hansı ölkəyə təyin edəcəklər, onu prezident Obama və Dövlət Departamenti bilər. - Türkmənistan Xəzər məsələsində Azərbaycanla bağlı Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyini bildirib. Bununla bağlı rəsmi Bakının mövqeni nədən ibarətdir? - Bununla bağlı hələlik əlimizdə rəsmi sənəd yoxdur. Mətbuatda gedən yazılara isə mövqe bildirməyimə ehtiyac yoxdur. Düşünürəm ki, Türkmənistanla Azərbaycan dərin tarixi kökləri bir-birinə bağlı olan dövlətlər, xalqlardır. Ötən illərdə həm Azərbaycan prezidentinin Türkmənistana, həm də Türkmənistan prezidentinin Azərbaycana səfərləri olub. Aramızda Xəzərlə bağlı müəyyən məsələlər hələlik həll olunmayıb. Bununla bağlı müxtəlif fikirlər söylənilir. Amma belə məsələlərin ən optimal, ən müdrik həll yolu masa arxasında əyləşib tərəflərin səmərəli danışıqlar apararaq razılığa gəlməsidir. Bu yola daha yaxşı nəticə əldə etmək olar. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciətə gəldikdə, bununla bağlı konkret məlumat yoxdur ki, müraciət edilib, ya edilməyib. Bu məsələ rəsmi təsdiqləndikdən sonra fikir bildirmək olar. Bizim üçün vacib olan bu məsələnin həllidir. Burada da bizim mövqeyimizi əsaslandıran faktorlar çoxdur. Biz bütün fikirlərimizi elmi və praktik cəhətdən qururuq. Düşünürəm ki, gec-tez bu məsələ öz həllini tapacaq, iki qonşu dövlət yenə də əvvəlki kimi bir-biri ilə normal münasibətdə olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar