SON XƏBƏRLƏR

Rasim Musabəyov: «İran razılığı pozmaq istəyirsə, Azərbaycan buna sərt cavab verməlidir»

2021.10.20, 07:36
Rasim Musabəyov: «İran razılığı pozmaq istəyirsə, Azərbaycan buna sərt cavab verməlidir»

Gunaz.tv
«Düşünmürəm ki, İran və Rusiyanın Xəzərdəki birgə hərbi təlimləri Amerikaya güc nümayişidir. Çünki ABŞ-ın regionda nə hərbi dəniz, nə də havadan müdafiə qüvvələri var. Bu mənada Tehran və Moskvanın Amerikaya güc nümayiş etdirməsi gülünc olardı». Politoloq Rasim Musabəyov bu fikirləri Xəzər dənizində Rusiya və İranın birgə hərbi təlimlərinə başlamasını şərh edərkən bildirdi. Xatırladaq ki, ilk dəfə keçirilən bu təlimlərdə 30 Rusiya və İran hərbi gəmisi, həmçinin vertolyotları iştirak edir. Bu təlimlərin İranın vurulacağı barədə xəbərlərin yenidən gündəmə gəldiyi, hətta konkret vaxtın açıqlanması barədə xəbərlərdən az sonraya təsadüf etməsi də maraqlıdır. Ancaq R.Musabəyov bunlar arasında əlaqə görmədiyini vurğuladı. «Bu, müttəfiqlik əlaməti deyil. Bəlkə də Rusiya İranın dənizdə nəyinin olduğunu özü üçün aydınlaşdırmaq istəyir. Fikrimcə, bu təlimlər daha çox kəşfiyyat məqsədi daşıyır. Rusiyanın bu təlimi İrana yaxın ərazilərdə keçirməsi də maraqlı məsələdir. İranın da müəyyən maraqları var. Burda antiAmerika elementi daha çox İran üçün vacibdir. Tehran özünü sığortalamaq görüntüsü yaradır. Yəni İran "mən tək deyiləm" demək istəyir. Halbuki Tehran təkdir". Ekspertin fikrincə, İran iddialı dövlət olduğu üçün Moskvanın Tehrana güzəşti mümkün deyil: «Rusiya uzaq Amerikanın güclənməsini və regiona gəlməsini istəmirsə, təbii ki, İrana da güzəştə getməz». Qeyd edək ki, İran Azərbaycana məxsus «Alov» yatağına iddia edir. 2001-ci ilin iyulunda İrana məxsus hərbi gəmisinin bu yataqda kəşfiyyat işləri aparan Azərbaycan gəmilərini qovması ətrafında yaranan gərginliyi Tehran deyəsən, yenidən təkrarlamaq istəyir. Hər halda İsrail prezidentinin Azərbaycan səfərindən sonra Azərbaycanla münasibətlərində nəzərəçarpan soyuqluq yaranan Tehranın növbəti dəfə mübahisəli yatağa soxulmaq cəhdi təsadüfi sayıla bilməz. Elə hərbi təlimlər də bu kontekstdə yozula bilər. R.Musabəyov: «Düşünmürəm ki, Xəzərdə Rusiya və İranın maraqları üst-üstə düşür. Əksinə, Xəzərin bölgüsü məsələsində Rusiya Azərbaycan və Qazaxıstanla eyni mövqedədir və dənizin beş bərabər hissəyə bölünməsinə təkid edən İrana dəstək vermir». Ancaq politoloq rəsmi Bakının «Alov» yatağı ilə bağlı İrana güzəştə getməsini mümkün saymır: «İran təxribata əl atmaq cəhdində olsa, o zaman Azərbaycan hərəkətə keçməlidir. Ən azı Rusiyaya müraciət olunmalıdır ki, İranı iddiasından daşındırsın. Moskvaya demək lazımdır ki, ABŞ-ın regiona daxil olmasını istəmirsə, İranı yerində oturtsun. Əks təqdirdə ABŞ-dan bizə təklif olunan strateji hərbi əməkdaşlıq planını qəbul etmək lazımdır. Kimsə fikirləşirsə ki, bu məsələni boş buraxmaq lazımdır, səhv edir. İranın məqsədi heç də bu yataqda neft istehsal etmək deyil. Tehran sadəcə demək istəyir ki, »mən burdayam, bu yataq mənimdir. Fikrimcə, Azərbaycan buna biganə qalmamalıdır və qalmayacaq da". R.Musabəyova görə, ola bilər ki, Azərbaycan yenə də İranla baş-başa gəlsin: «Azərbaycan bu məsələdə geriyə çəkilməməlidir və çəkiləsi də deyil. İran kəşfiyyat işlərinə başlasa, böyük ekoloji təhlükə yaranacaq. Çünki onların bu sahədə heç bir təcrübəsi yoxdur. Bütün sahilyanı ölkələr üçün təhlükə yarana bilər. Digər tərəfdən vaxtilə bizim gəmilər geriyə çəkiləndə qeyri-rəsmi razılıq əldə olunmuşdu ki, status məsələsində razılıq olmayınca heç bir tərəf yataqda işlər aparmasın. İndi İran bu razılığı pozmaq istəyirsə, Azərbaycan buna sərt cavab verməlidir».musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar