SON XƏBƏRLƏR

İranın Xəzərdəki təlimləri nəyə hesablanıb?

2021.10.20, 07:36
İranın Xəzərdəki təlimləri nəyə hesablanıb?

Gunaz.tv
"Tehran bununla diqqəti öz daxilində yaranmış gərginlikdən yayındırmağa çalışır" Xəbər verildiyi kimi, İran və Rusiya Xəzər dənizinin cənubunda yerləşən Ənzəli limanında birgə hərbi təlimlərə başlayıb. Bu barədə verilən məlumatlara görə, təlimlərə hər iki tərəfdən yüzlərlə hərbçi və çoxsaylı mülki və döyüş gəmiləri, katerlər cəlb edilib. "Təmiz və etibarlı Xəzər" adlandırılan bu təlimlərin əsas məqsədinin dənizin çirklənməsinin qarşısının alınması, zəruri xilasetmə işlərinin təşkili xarakterli əməliyyatlar həyata keçirilməsidir. Qeyd edək ki, digər Xəzəryanı dövlətlərin nümayəndə heyətləri də müşahidəçi qismində bu təlimləri izləyir. Vurğulamaq lazımdır ki, bununla bağlı verilən şərhlərdə İranın Rusiya ilə birgə bu təlimləri təşkil etməsi birmənalı qiymətləndirilir. Hesab olunur ki, bu ölkələr deyilən təlimləri keçirməklə, anti-Qərb siyasətinin yürüdülməsində həmrəyliklərini nümayiş etdirirlər. Bəzi ekspertlər isə İranın bu addımı atmaqla diqqəti özünün daxilindəki gərginlikdən yayındırmağa çalışdığını bildirir. Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə İranın regional müstəvidəki son davranışlarını daha çox bu ölkənin daxili işlərilə əlaqələndirir: "Bir məqam heç vaxt diqqətdən yayınmır ki, İran Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilmir və bu faktla barışmağa çətinlik çəkir. Ona görə də, zaman-zaman Azərbaycana qarşı güc nümayiş etdirməklə, Azərbaycana qarşı barışmaz münasibətini hər addımda nümayiş etdirməyə çalışır. İranın belə davranışları tək siyasi səbəblərlə bağlı deyil. Bu ölkə həm də Xəzər dənizinin bölünməsində, onun təbii ehtiyatlarına sahiblənməkdə daha çox paya sahib olmaq niyyətindədir. Bilirsiniz ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində də İranın mövqeyi digər sahilyanı dövlətlərin yanaşmasından fərqlənir. Bu səbəbdən də, həmin məsələdə razılaşmanın əldə olunması belə uzanır. Yəni İranın regional siyasətdə yürütdüyü xətt olduqca qeyri-konstruktiv və aqressivdir. Xatırladım ki, bir neçə il əvvəl də İran Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi prosesinə mane olmaq üçün dəniz sərhədlərimizi pozmuşdu. Eyni zamanda İranın hərbi təyyarələri ölkəmizin hava məkanına daxil olmuşdu. Lakin Azərbaycanın qəti addımlarından sonra İranın belə hərəkətlərinə son qoyuldu. Bundan başqa, o da vurğulanmalıdır ki, İran Azərbaycana qarşı belə aqressiv davranmaqla, Rusiyanın mövqeyini təkrarlayır. Hər iki ölkə Azərbaycanın Qərbyönümlü siyasətini, ABŞ və İsraillə yaxın münasibətlərini qəbul edə bilmir və müntəzəm olaraq, təzyiqlərə əl atırlar. Amma başa düşməlidirlər ki, bu cür vasitələrlə nəyəsə nail olmaları mümkün deyil. İndi də Xəzərdə birgə təlimlər keçirməklə, "köhnə mahnıları"nı oxuyurlar. Lakin yenə deyirəm, belə addımlarla Azərbaycanı qorxuda bilməzlər". Məmməd Əlizadə İranın bu səviyyədə aqressivləşməsinin diqqəti orada keçirilmiş prezident seçkilərindən sonra yaranmış böyük gərginlikdən yayındırmaq məqsədi daşıdığını deyir: "İranda keçirilmiş son prezident seçkilərindən sonra baş qaldırmış kütləvi etirazlar bu ölkənin düzənini büsbütün pozub. İran cəmiyyətinin mütləq hissəsi artıq molla rejiminə qarşı narazılığını ən kəskin şəkildə ortaya qoyub. Başqa bir vacib məqam isə İranda başlanmış hərəkatın əsasını orada yaşayan qırx milyonluq türklərin təşkil etməsidir. Artıq proseslər elə bir həddə çatıb ki, İranın indiki dini-siyasi rejimin mövcudluğu çox böyük şübhə altındadır. Belə bir şəraitdə İran hakimiyyəti bu addımları ilə daxildəki gərginliyi aradan qaldırmaq niyyətindədir".xalqcebhesi.Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar