SON XƏBƏRLƏR

Ərdoğan "Nabucco" ilə bağlı arzusundan danışıb

2021.10.20, 07:36
Ərdoğan "Nabucco" ilə bağlı arzusundan danışıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Baş nazir Ərdoğan Azərbaycan, Türkmənistan, İraq və Misirin bu layihənin bir parçası olacağına inanır "Azərbaycan, Türkmənistan, İraq və Misir başda olmaqla, Xəzər və Yaxın Şərqdəki təbii qaz istehsalçısı ölkələrinin müəyyən bir zaman içərisində Nabucco layihəsinin bir parçası olacağına inanırıq". Bunu xalqa müraciətində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, gələcəkdə İran və Rusiya qazının da Nabucco vasitəsi ilə Avropaya ixracını təmin etmək üçün uyğun şərtlər yaratmağa çalışacaqlarını bildirib. Türkiyəli nazir layihə ilə bağlı olan hökumətlərin və şirkətlərin indi daha çox addım atmalı olduqlarını qeyd edib. "Türkiyə olaraq bu layihənin həm ölkəmizə, həm də bölgəmizə gətirəcəyi imkanların fərqindəyik. Bu layihənin gətirəcəyi yeni imkanlar, digər regional layihələrin həyata keçirilməsinə stimul verəcək". Xatırladaq ki, Türkiyədə “əsrin sövdələşməsi” adlandırılan "Nabucco" layihəsi ilə bağlı sənədi Türkiyə, Avstriya və Macarıstanın baş nazirləri, eləcə də Bolqarıstan və Rumıniyanın energetika nazirləri imza atıb. İmzalanma mərasimi iyul ayının 13-də Ankarada baş tutub. Dəyəri 7,9 milyard dollar qiymətləndirilən “Nabucco” layihəsi təbii qazın Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə nəqlini nəzərdə tutur. O, artıq inşa edilmiş və ildə 31 milyard kubmetr qazın nəqli üçün nəzərdə tutulan Bakı-Tiflis-Ərzurum qaz kəmərinin davamı kimi qiymətləndirilir. Qaz kəmərinin 2/3 və 3300 kilometri Türkiyə ərazisindən keçəcək. “Nabucco” layihəsi, xüsusilə, onun qazla doldurulması ilə bağlı danışıqlar artıq bir neçə ildir aparılır. 2009-cu ildə Rusiya və Ukrayna arasında qaz münaqişəsi yaranandan sonra danışıqlar daha da intensivləşdirilib. Qaz kəmərinin tikintisinə 2010-cü ildə başlanılması, qaz nəqlinə isə 2014-cü ildə start verilməsi planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar