SON XƏBƏRLƏR

MUSƏVİ YENƏ ÜSYAN PÜSKÜRDÜ : İranı zindana çevirmək mümkün deyil

2021.10.20, 07:36
MUSƏVİ YENƏ ÜSYAN PÜSKÜRDÜ : İranı zindana çevirmək mümkün deyil

Gunaz.tv
İranda seçkisonrası gərginlik səngisə də, müxalifət lideri Mirhüseyn Musəvi geri çəkilmək niyyətində deyil. O, iyulun 27-də bir qrup müəllimin qarşısında çıxış edərək seçkidən sonrakı ağır vəziyyətdən, seçki nəticələrinə dinc etiraz bildirən vətəndaşlara qarşı repressiyalardan danışıb. Musəvi müxalifəti qanunu pozmaqda günahlandıranlara cavab verib. Bəyan edib ki, əslində qanunu və konstitusiyanı pozanlar həmin şəxslərin özləridir: “Mən vətəndaşlara qarşı törədilən yüzlərlə cinayət və qətldən, odlu silahdan açılan atəşdən danışmıram. Dinc aksiyalarda, zindanlarda öldürülən Söhrab Ərabinin və ya Neda Ağa Sultanın adını çəkmək kifayətdir ki, bilinsin konstitusiyanı kimlər pozub”. M.Musəvi hakimiyyət strukturunda yalan və riyakarlığın baş alıb getdiyini vurğulayıb: “Biz belə - hərbi qüvvələri gecələr tələbə yataqxanalarına, camaatın evinə basqın edən, avtomobilləri əzib dağıdan, sonra da bunu boynundan atan bir sistemi arzulamamışıq. Mən soruşuram: bu cinayətləri törədənlər kimlərdir? Olmaya cinayətkarlar Marsdan gəliblər? Kim buna inanar? Bunun adını yalandan başqa nə qoymaq olar? Bir şeyi artıq nəzərə almaq lazımdır - İranı 70 milyon məhbusu olan bir zindana çevirmək mümkün deyil”. “Media forum” xəbər verir ki, keçmiş baş nazir bu kimi repressiyaların inqilabdan əvvəl də olduğunu xatırladıb: “Xalq inqilabdan əvvəl, şah hakimiyyəti dövründə cinayətkarları unutmadı və onların haqqını ovuclarına qoydu. Bu gün də xalq cinayətkarların onlara qarşı törətdiklərini unutmayacaq, güzəştə getməyəcək. Necə olur ki, inqilaba və İslama meyilli olan, ancaq mövcud vəziyyətə dinc etiraz bildirən sapsağlam adamı tutub zindana salır, sonra da onun meyitini ailəsinə verirlər. İslam ədaləti dediyimiz bu idi?” Əlavə edək ki, Təbrizin müxtəlif universitetlərində dərs deyən 90-dan çox müəllim Musəviyə məktub yazaraq seçkidən sonrakı acınacaqlı durumdan təəssüfləndiklərini vurğulayaraq ona dəstək verdiklərini bildiriblər. Müraciətdə dinc aksiyalarda tutulanların dərhal azadlığa buraxılması, mətbuata qoyulan senzuranın ləğvi, cəmiyyətə hakim edilmiş qorxu və polis rejiminin aradan qaldırılması tələbi qoyulub: “Təəssüf ki, ölkədə qanun, azadlıq və ədalətin bərqərar olunması üçün yaranmış misilsiz fürsət iqtidarın qanunsuzluğuna, xalq və ölkə mənafeyinin təhdid edilməsinə çevrildi”. Təbriz universitetlərinin müəllimləri ölkədə respublika ənənələrinin bərqərar olunması yolunda M.Musəviyə dəstək verəcəklərini vurğulayıblar. “Amerikanın səsi” isə xəbər verir ki, Musəvi xalqın cinayətkarları bağışlamayacağını bəyan edib. Müxalifət lideri bildirib ki, xalq heç vaxt seçki sonrakı cinayətləri unutmayacaq və bu cinayətkarlara lazım olan dərsi verəcək. Musəvi rejim hakimlərinə ünvanladığı mesajda onları bu faciələrə göz yummaqda ittiham edib: “Niyə fəryad etmirsiz, niyə ağlamırsız? Bu yaralılar, bu həlak olanların ailəsi və bu yaxalananlar heç zaman rejimin etdiklərini unutmayacaqlar və qisas almaq üçün yollar axtaracaqlar. Biz belə bir rejim istəmirdik və istəmirik. O rejim ki, gecə yarısı tələbə yataqxanasına hücum çəksin, xalqın evinə basqın etsin və onların evlərini dağıtsın, maşınlarını yandırsın, sonra da desin ki, bunlarla bizim irtibatimiz yox. İslam inqilabından qabaq cinayət edənləri xalq unutmamışdı və İslam inqilabından sonra xalqın başına nə oyun gətirdiklərini gördük, bu gündə xalq bu cinayətləri unutmayacaq və hər kəs öz cəzasını alacaq”. İran mətbuatının bildirdiyinə görə, ölkənin ali ədliyyə rəhbəri rəsmilərə göstəriş verib ki, keçən ay seçkisonrası qarşıdurmalar zamanı həbs edilmiş insanlarla bağlı son qərara gəlsinlər. Ədliyyə sözçüsü Əli Rza Cəmşidinin bildirdiyinə görə, ədliyyə rəhbəri Mahmud Həşimi Şahrudi deyib ki, rəsmilər bir həftə ərzində nəzarət altına alınanların azad edilməsi və ya həbsdə saxlanması barədə qərar verməlidir. Sözçü rəsmi nəticələrə görə prezident Mahmud Əhmədinejadın qələbə qazandığı seçkilərdən sonra keçirilmiş kütləvi nümayişlər zamanı həbs olunanlardan 300-nün hələ də həbsdə saxlandığını bildirib. Bu arada hüquq müdafiəçiləri siyasi məhbusları təmsil etməmələri üçün vəkillərə təzyiq göstərildiyini deyirlər. "Human Rights Watch" iranlı vəkillərin və həbs olunanların ailələrinin ifadələrinə əsaslanaraq dünən məsələ ilə bağlı bəyanat yayıb. Müxalif siyasətçilər seçkilərin saxtalaşdırıldığını bildirsə də, İran rəsmiləri səsvermənin ədalətli keçirildiyini israr edir. Bu arada milli hərəkatçı Rza Abbasi (Zəncan Universitetinin İslam cəmiyyətinin təsisçisi) və Əhməd Məddadi (Zəncan orta məktəb müəllimi) 13 günlük həbsdən sonra 22000 dollarlıq girov müqabilində azadlığa buraxılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının bildirdiyinə görə, hər iki hərəkatçı 6 gün Zəncan ETTELAAT-ın təcridxanasında sorğu-suala çəkilib. Sonrakı günlər isə ağır vəziyyətdə olduqlarından Zəncanın mərkəzi həbsxanasına köçürülüb. 15 gün əvvəl günahsiz olduğunu sübut etmək üçün ETTELAAT-a gedən və həbs olunan Ramin Qəhrəmani də sərbəst buraxılıb. Ona saxlandığı müddətdə dəhşətli işgəncələr verildiyi üçün bir gün sonra aldığı xəsarət və zədələrdən elə anasının qucağında dünyasını dəyişib. GAMOH-dan bildirilir ki, Tehranda yaşayan Ramin Qəhrəmani etirazlar zamanı ETTELAAT-ın qüvvələri tərəfindən tanınıb. Sonradan onun evinə gəlib həbs etmək istəyiblər. Anasına deyiblər ki, ETTELAAT-a gəlsin və Ramin də günahsız olduğunu sübut etmək üçün gedib. Anasının dediyinə görə, həbsdə bir neçə gün onu başıaşağı asıblar.musavat.E.PAŞASOY

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar