SON XƏBƏRLƏR

Ərdoğan "əkdiklərini biçmək" ərəfəsinə yetişdi

2021.10.20, 07:36
Ərdoğan "əkdiklərini biçmək" ərəfəsinə yetişdi

Gunaz.tv
"Öcalanın "yol xəritəsi" hazırlamasını da AKP hökuməti xahiş edib" Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yeddi ildir sürən hakimiyyəti dönəmində yol verdiyi yanlışlıqların yaratdığı problemlərlə üz-üzə qalıb. Baş nazirin ölkədə uzun müddətdir davam edən kürd separatizmini aradan qaldırmaq üçün seçdiyi üsul və vasitələr də artıq onun özünə qarşı çevrilməkdədir. Türkiyədə on minlərlə dinc sakinin qırğınına qol qoymuş PKK terroru ilə qəti mübarizə aparmaq əvəzinə, problemin "sivil yollar"la çözülməsində israr edən baş nazirə apardığı məlum siyasət çox baha otura bilər. Hazırda siyasətçi qiyafəsinə girmiş terrorçuların deputat mandatı qazanmalarına şərait yaratmış Ərdoğan bir neçə gün əvvəl mandat verdiklərinin biri tərəfindən ölümlə təhdid olunub. Bu hədənin müəllifi isə terrorçu PKK-nin siyasi (?) qanadı olan və 2007-ci il seçkilərində parlamentə düşməyi bacaran Demokratik Toplum Partiyasından (DTP) deputat Sevahir Bayandurdur. Türkiyənin Kato dağında təşkil olunan törəndə çıxış edən deputat baş nazirə "kürd sorunu"nun həllilə bağlı verdiyi vədləri xatırladıb. Bu haqda danışan deputatın çıxışının kulminasiyasi isə onun Ərdoğana ünvanladığı mesaj olub: "Bu xalqa verdiyin sözü tutmasan, bu xalq sənin başını kəsər". Göründüyü kimi, Türkiyə cəmiyyətinin etirazlarına baxmayaraq, PKK ilə sivil metodlarla davranan Ərdoğan "əkdiklərini biçmək ərəfəsi"nə gəlib çıxıb. Burada isə söhbət sadəcə, Ərdoğanın və onun partiyasının taleyindən getmir. Türkiyənin indiki siyasi hakimiyyəti bütövlükdə dövlətin gələcəyi baxımından ciddi təhlükələrə geniş yol açıb. Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini Əli Oruclu mövcud şəraitdə Türkiyənin həqiqətən də, çox mürəkkəb bir vəziyyətə düşdüyünü deyir: "AKP hökumətinin, şəxsən baş nazir Rəcəb Tayyib Ərdoğanın məlum siyasəti Türkiyə kimi bir dövləti gətirib dalana çıxarıb. Elə bir vəziyyət yaranıb ki, Türkiyəni parçalamaq üçün on illərdir, fəaliyyət göstərən daxili və xarici qüvvələr heç zaman olmadığı qədər münbit bir şəraitə düşüblər. Onlara da bu imkanı təbii ki, məlum siyasətilə AKP hökuməti yaradıb. DTP-li deputatın Ərdoğanın ünvanına səsləndirdiyi təhdidi təsadüf adlandırmaq mümkün deyil. Bu, onu göstərir ki, AKP hökumətinin dönəmində keçmiş PKK və indi onun siyasi qanadı kimi parlamentdə təmsil olunan DTP arasında gizli anlaşmalar olub. Nəticədə isə AKP hökuməti öz üzərinə ciddi öhdəliklər götürüb. DTP-dən olan deputat da Ərdoğana kürdlərə verdiyi vədləri xatırladıb. Bu, məsələnin bir tərəfi. Bundan başqa, bizim Türkiyədəki dostlarımız vasitəsilə əldə etdiyimiz məlumat da çox düşündürücüdür. Bilirsiniz ki, keçmiş PKK-nın ömürlük həbsdə olan lideri Öcalan saxlandığı İmralı həbsxanasında bu problemin həllinə dair özünün "yol xəritəsi"ni hazırladığını və layihəni avqustun 15-də təqdim edəcəyini bildirib. Amma indi məlum olur ki, Öcalan həmin "yol xəritəsi"ni AKP hökumətinin xahişilə hazırlayır. Məlumatlara görə, Öcalanı buna razı salmaq üçün AKP iqtidarının çox yüksək rəsmiləri onunla dəfələrlə görüşüb, bu xahişlərini çatdırıblar və razılığını alıblar. Bütün bunlar AKP-nin niyyətlərinin Türkiyəni hansı təhlükələrə sürüklədiyini bir daha açıb göstərir. Bir məqamı da xatırladım. Türkiyənin indiki prezidenti Abdullah Gül hələ xarici işlər naziri olanda ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauellə bir anlaşma imzalayıb. Həmin sənəddə kürdlərlə bağlı bir neçə xüsusi maddə və onların içərisində də Türkiyənin müəyyən öhdəlikləri var. Bütün bunlar sonda qardaş ölkənin parçalanmasına xidmət edən anlaşmalardır. Əgər Türkiyənin bütövlüyünün və müstəqilliyinin qarantı olan ordu və milliyyətçi-cümhuriyyətçi kəsim bu prosesinin qarşısını almasa, vəziyyət son həddə qədər mürəkkəbləşəcək".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar