SON XƏBƏRLƏR

Məhkəmə iddiası Türkmənistana xeyir gətirməyəcək

2021.10.20, 07:36
Məhkəmə iddiası Türkmənistana xeyir gətirməyəcək

Gunaz.tv
İyulun 23-də Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov Nazirlər Kabinetinin xüsusi iclasını keçirib. İclasda əsas müzakirə mövzularından biri Xəzər ərazisində Azərbaycanla mübahisəli neft-qaz yataqları olub. Türkmənistanın Dövlət informasiya agentliyinin yaydığı məlumata görə, iclasda xarici işlər naziri, Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Toylı Komekov hesabat verib. O, Xəzər dənizinin dibi və təkinin bölünməsi məsələləri üzrə ötən həftə Bakıda keçirilən Türkmənistan-Azərbaycan danışıqlarının nəticələri haqda məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb. Toylı Komekov qeyd edib ki, onların səylərinə baxmayaraq, Azərbaycanla mübahisəli yataqlarla bağlı konsensus əldə olunmayıb. Danışıqların tarixinə toxunan Berdıməhəmmədov deyib ki, bu sahədə qarşılıqlı məqbul variantın tapılması mübahisəli "Ömər" və "Osman" ("Azəri" və "Çıraq") yataqlarının birtərəfli istismarına başlayan Azərbaycanın xüsusi mövqeyinə görə gecikir. O, həmçinin, Azərbaycanın "Sərdar" ("Kəpəz") yatağına iddiaları olduğunu da bildirib. Prezident deyib ki, SSRİ vaxtından mövcud olan normativ aktlara əsasən, bu yataqlar Türkmənistan ərazisinin hüdudundadır və birmənalı olaraq ona məxsusdur: "Türkmənistan üçün Xəzər dənizində belə birtərəfli fəaliyyət qəbuledilməzdir". Dövlət başçısı baş nazirin müavini Mərədova Azərbaycanın iradlarının, habelə xarici neft-qaz şirkətlərinin yataqların işlənməsində iştirakının qanuniliyini öyrənmək üçün beynəlxalq ekspertlərlə məsləhətləşməyi və sonra Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etməyi tapşırıb. Baş verənlərlə bağlı münasibətini öyrəndiyimiz "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkmənistan tərəfindən beynəlxalq məhkəməyə müraciət etmək istəyini gözlənilməz addım sayır: "Əvvəllər iki dövlət arasında münasibətlər yataqların istismarı ilə bağlı bir qədər gərgin olub. Amma sonrakı dövrdə yaxınlaşma meyllərinin olduğu müşahidə edildi və təsadüfü deyil ki, Türkmənistan prezidenti Bakıya səfər etdi. Vurğuladı ki, Türkmənistan mübahisəli "Kəpəz" yatağını birgə işlətməyə hazırdır. Bütün bunlar ondan xəbər verirdi ki, atılan qarşılıqlı addımlar nəticəsində ortada olan problemlərin həlli mümkünləşəcək. Amma belə görünür ki, vəziyyət proqnozlaşdırılan kimi deyilmiş və ola bilsin, Türkmənistanın öz planları var. Türkmənistan Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə gərginləşdirməkdə maraqlı görünür. Bunun əsas səbəblərindən biri "Nabucco" ilə bağlı ola bilər. Bildiyiniz kimi, Türkmənistanın Rusiyanın "Qazprom" şirkətilə bağlı müəyyən problemləri yaranmışdı. Amma bir müddət öncə Azərbaycan "Qazprom"la müqavilə imzaladı. Bundan sonra "Nabucco" məsələsi ciddi şəkildə gündəmə gəldi. Ola bilsin ki, bu məqam Türkmənistanı belə bir addım atmağa məcbur edib. Ümumilikdə, Türkmənistanın belə mövqeyi hər iki tərəfə xeyir gətirməyəcək, həmin dövlət beynəlxalq məhkəməyə müraciət qərarında israrlı olsa, bu, iki dövlət arasındakı münasibətlərə böyük zərbə olacaq. Bu addım Türkmənistanın özünə də xeyir gətirmir. Çünki əgər bu gün Azərbaycan deyirsə ki, "Kəpəz" yatağını Türkmənistanla birgə işlətməyə hazırdır, amma onların bu cür mövqeyindən sonra ölkəmiz öz təklifindən də imtina edə bilər". Ekspert Türkmənistanın hansısa üçüncü qüvvənin təsiri ilə hərəkət etməsi barədəki versiyaları birmənalı şəkildə qəbul etmir: "Hazırda nə Rusiya, nə də Qərb Türkmənistana təsir etmək gücündə deyillər. Məsələn, Rusiya türkmən qazının hamısına iddialıdır, buna baxmayaraq son hadisələrdən sonra Rusiya ilə Türkmənistan arasında münasibətlər bir qədər gərginləşib. Eyni zamanda Qərbin də Türkmənistana təsir imkanları azdır. Bu baxımdan atılan addımın üçüncü qüvvənin təhriki ilə atıldığını söyləmək doğru olmazdı".Ağa Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar