SON XƏBƏRLƏR

BMT Azərbaycanın hesabatını birmənalı qiymətləndirməyib

2021.10.20, 07:36
BMT Azərbaycanın hesabatını birmənalı qiymətləndirməyib

Gunaz.tv
Sahib Məmmədov: "Onlar bir müddətdən sonra yeni tövsiyələrini göndərəcəklər" Bu həftənin birinci günündən etibarən, BMT-nin İnsan Hüquqları Komitəsində Azərbaycanda uyğun sahədə yaranmış mövcud vəziyyət müzakirəyə çıxarılıb. Bir neçə gün davam etmiş həmin müzakirələrin gedişi və yekunları barəsində mətbuatda yayılan xəbərlərdə özünü göstərən ziddiyyətli məqamlar bu mövzuda qəti fikir bildirməyə imkan vermirdi. Hətta belə məlumatlar da yayıldı ki, Azərbaycanda insan hüquqlarının müntəzəm pozulması halları sonda BMT-nin ölkəyə qarşı çox sərt hesabat qəbul etməsilə nəticələnəcək. Lakin sözügedən toplantının iştirakçılarından birilə bu haqda söhbətimiz zamanı məsələnin heç də təqdim edildiyi kimi olmadığı aydınlaşdı. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov BMT-nin İnsan Hüquqları Komitəsində Azərbaycanın təqdim etdiyi hesabata münasibətin birmənalı olmadığını dedi. Bununla belə, o, əlavə etdi ki, hökumətin hesabatında müsbət qarşılanan məqamlar da olub: "Mən özüm də BMT-nin İnsan Hüquqları Komitəsinin toplantısına Azərbaycanda bu sahədəki vəziyyətlə bağlı hökumətin hesabatına alternativ hesabat təqdim etmişdim və həmin müzakirələrdə iştirak edirdim. Bildirim ki, Komitənin son toplantısında Azrbaycan nümayəndə heyətinin tərkibi kifayət qədər geniş idi - təkcə hökumət nümayəndələrinin sayı on dörd nəfər idi. QƏT sektorundan isə orada mən və bir də reportyorların azadlığı və təhlükəsizliyi institutundan təmsilçi iştirak edirdi. Deyim ki, bu, 1992-ci ildən, yəni Azərbaycanın BMT-yə daxil olmasından sonra ölkəmizin bu quruma təqdim etdiyi 3-cü dövri hesabat idi. Komitədə Azərbaycan hökumətinin hazırladığı hesabatla bağlı yaranan sualların sayı da az olmadı: 24 sual. Hesabatı təqdim edən hökumət təmsilçiləri həmin suallara sonrakı vaxt ərzində yazılı cavab vermək hüquqları olsa da, onlar elə müzakirələrin gedişində həmin sualları şifahi qaydada cavablandırdıar. Doğrudur, onlar bu cavablarını həm də müəyyən vaxtdan sonra yazılı şəkildə ora göndərəcəklər. Mən ölkədə yayılmış bəzi məlumatlara da aydınlıq gətirmək istərdim. Mətbuata belə xəbərlər çıxarılıb ki, guya BMT Azərbaycana qarşı çox sərt bir hesabat hazırlayır. Amma orada aparılmış müzakirələrin iştirakçısı kimi birmənalı olaraq, bildirirəm ki, BMT-nin İnsan Hüquqları Komitəsində belə bir əhval-ruhiyyə yoxdur. Komitədə Azərbaycanı qeyri-demokratik yox, demokratiya ilə bağlı problemləri olan ölkə hesab edirlər. Düşünürlər ki, həmin problemləri də tezliklə aradan qaldırmaq mümkündür. Məsələn, Komitədəki müzakirələr zamanı bizim hökumət nümayəndələrinə ünvanlanan sualların məzmunu da müxtəlif idi. Əsasən, demokratiya, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq və sərbəst birləşmək azadlıqları, eyni zamanda, həbsdə olan gənc bloggerlərlə bağlı suallar verilirdi. Doğrudur, hökumət nümayəndələri həmin suallara əsaslandırılmış cavablar verməyə çalışırdı. Amma buna baxmayaraq, bəzən onların cavabları birmənalı qarşılanmırdı. Komitə təmsilçiləri bəzi müsbət məqamları da diqqətdə saxlayırdı, Məsələn, Ədliyyə Nazirliyi yanında yaradılmış İctimai Komitə onların marağına səbəb olmuşdu. Toplantıda onların diqqətinə çatdırıldı ki, o qurumun koordinatoru mənəm və Komitəyə Azərbaycan hökumətinin hesabatına alternativ hesabat təqdim etmişəm. Azərbaycanla əlaqədar maraq doğuran məqamlardan biri də həbsxanalardakı işgəncə faktları ilə əlaqədar idi və bu məsələyə də lazımi aydınlıq gətirildi. Son olaraq deyə bilərəm ki, BMT-nin İnsan Hüquqları Komitəsinə Azərbaycan hökumətinin təqdim etdiyi hesabata münasibət nə birmənalı mənfi, nə də birmənalı müsbət oldu. Təbii ki, BMT-nin həmin Komitəsi Azərbaycanın hesabatı ilə bağlı öz qeyd-şərtlərini, tövsiyələrini bizə göndərəcək. Amma bunun çox yaxın bir zamanda baş verəcəyi gözlənilmir". Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar