SON XƏBƏRLƏR

CƏNUBA SƏSLƏNƏN HARAY ( lirik poema ) . TOFİQ ABDİN

2021.10.20, 07:36
CƏNUBA SƏSLƏNƏN HARAY ( lirik poema ) . TOFİQ ABDİN

Gunaz.tv
Ürəkdə yara sızlar, Dərd sızlar, yara sızlar. Yaralının dərdini Nə bilər yarasızlar?! Dilimdə yer eləyən bu misraları hardan, kimdən eşitdiyim yadıma gəlmir. Bircə bu yadımdadır ki, onda ədəbiyyatı oyun-oyuncaq sanırdım. Yazıya pozu olmadığını da sonra anladım, itkilərimi də sonra yaşadım... Bəs onda bu misraları niyə göydə tutmuşam belə? Uzun illərdən sonra Tofiq Abdinin üzə çıxarmaq istədiyi poemasını oxuyanda "dərdlərimin proloqu" söz birləşməsi ilə çoxdankı itiyimi - sualın cavabını tapdım: Xudafərinin o tayında, bu tayında doğulan uşaqlar dünyanı o tay - bu tay təyini ilə tanıya-tanıya, gözlərini yastı, balaca damlı evlərə zilləyə-zilləyə, saatlarla uzun, qara paltarlı adamlara baxa-baxa, onların bizdən biri olduqlarına beş dəfə inananda, üç dəfə də inanmaya-inanmaya, o üzdə qalanlarla bağlı söhbətlərə xəlvətcə qulaq asa-asa böyüyürdülər... Böyüklərin arşını isə bir başqaydı: üzü Güneyə olanlar, Araza baxanlar, Araz qırağı kəndlər, Quzeydə tikilənlər, körpüdən keçənlər, Araz suyu içənlər... Bizim həsrətimiz anadangəlmədi, torpaq itkisi bizim köhnə dərdimizdi... "Gör bunu nə vaxt yazmışam - 1962-də. Onda başqaydı..." Guya nə dəyişib ki? Onda Güneyə gedib-gəlmək bomba kimi partlayırdı, indi Qarabağa...O vaxt Təbrizi görüb-gələnin başına yığışırdılar, indi Şuşanı görənin...O zaman uşaqlar dolanbac küçəli, sirli Təbrizi təsəvvür eləməyə çalışırdılar, indikilər yolsuz, dumanlı Şuşanı... Bütün bunları o vaxt hamı özünə dərd eləyirdi, indi...Yox, elə indi də belədi, ziyalıların səfərini hamı dəstəkləməsə də, müsahibələrini birnəfəsə oxuyuruq, onların fonundakı epizodik Şuşaya həsrətlə baxırıq... Müasir oxuculara həsrət yazısı təqdim etdiyinizə görə təlaş keçirməyin, Tofiq müəllim. Ədəbiyyat köhnə-təzə yaraların ağrısını duymaq üçün bizə ani bir fürsət verir - onun əlindən bundan ayrı ta nə gəlir ki? Laura CƏbrayıllı UVERTURA Sərhəd... Lal kimidir hər yan büsbütün, Səni düşünürəm, səni yenə mən. Vətəndən-vətənə gedənlər üçün De, qardaş, de, necə keşik çəkirsən?! Yeriyir üstünə qaranlıq gecə. Əyninə sükutmu geyinmisən sən?! Axı bilə-bilə, de, görüm necə Sən öz dərdlərinə keşik çəkirsən?! Gecələr atdığın fişəng deyildir. Dərdli anaların ürəkləridir. Çiynindən asılan tüfəng deyildir. Bir elin dərdidir, bir elin dərdi. Bu yanan qəlbimi ovutmaq üçün Dərdimə ortaqmı dayandı Araz?! Yarama çilənib soyutmaq üçün Deyirəm bəlkə də yarandı Araz?! Söylə, nə vaxtadək doğma elimin Sinəsi üstündə sərhəd olacaq?! Söylə, nə vaxtadək doğma çölümün Bacım, güllərinə həsrət qalacaq?! Sərhəd düşünürük yol gedəndə də, Elə bil biz sərhəd yeyib-içirik. Bağlarda tikanlı məftil görəndə Bizə elə gəlir sərhəd keçirik. Qan yox, damarımda od-alov axır, Körpə arzulara min sədd çəkirlər. Biri çəmənlikdə ağac basdırır, Mənə elə gəlir, sərhəd çəkirlər. Təbiət min boya vurur rənginə, Baxıram onlara gözlərimdə qəm. Sevdiyim bir qızı görmək yerinə Gecə yuxuda da sərhəd görürəm. lll Yarama duz qoyun, alışım-yanım, rahat uzanmayım göy çəməndə mən. Nolaydı, nolaydı çıxaydı canım "Cənub" kəlməsini öyrənəndə mən. Bəlkə də günahkar müəllimimdi, yox, yox! səhv elədim o, "cənub" dedi. Bu söz hicranımdır, bu söz qəmimdi - O kaş deməyəydi, kaş deməyəydi... Mənmi günahkaram, neçə kitabdan şərqimi, qərbimi öyrənmişəm mən. Həmən cəhətləri öyrənən zaman sən demə dərdimi öyrənmişəm mən. Bəzən də deyirəm olmazdı dərdim: bilsəm ki, bu sözü oğurlamaqla yaram sağalacaq əbədi mənim, bütün Yer üzünün kitablarından, bu bircə kəlməni oğurlaram mən. Hərdən istəyirəm deyim düzünü - unudam əbədi "CƏNUB" sözünü! Bacara bilmirəm, sanki həyatım Bu bircə söz üçün səsdədir, səsdə yol ilə gedəndə "cənub" kəlməsi Elə bil yazılır səkilər üstə. Bu söz kipriyimdən tutub elə bil sevgitək düşməyir bu söz dilimdən. Mənə elə gəlir, hər şeydən əvvəl "Cənub" kəlməsini öyrənmişəm mən. Bu söz çörəyimdir, havamdır mənim... Bu söz dərmanımdır, davamdır mənim. 2. Kor olsam, inanın, göz yaşlarımla o sözü oxuyub, hey deyərəm mən. Dilim lal olsa - baxışlarımla o bircə kəlməni söyləyərəm mən. Elə bil, bir zaman heç nağıl deyil, anam "cənub" demiş, "cənub" söyləmiş. Elə bil, laylamın hər kəlməsində nənəm "cənub" demiş, "cənub" söyləmiş. Mən az görməmişəm boşu, bərki də, həm yaxşı, həm də ki, pis günüm olub. Mənim odlu yaram - Cənub dərdi də anadan mənimlə birgə doğulub. O zaman ayrıldım doğma dağımdan, ayrıldım - ayrılıq nə yaman oldu?! Bizi bir-birindən ayırdığından Ayrılıq özü də peşiman oldu. Bizi ayıranlar peşiman oldumu? İnanma! O gecə keyf etdi onlar. Anamtək onların gözü doldumu İnanma, ayrılıb şad getdi onlar. Kağızlar yazıldı,qollar çəkildi - bir millət ayrıldı biri-birindən. Arazın üstündə sərhəd tikildi - keçdi həmən tellər mənim sinəmdən. Arazdan o zaman qopan ləpələr mehriban anamın gözünə doldu. Sərhəddə uzanan tikanlı tellər mənim dərdlərimə PROLOQ oldu. Cağırın dədəmi,cağırın bura o niyə dayandı, o niyə durdu? Gözünün yaşını töküb sulara yetimtək boynunu de, niyə burdu? Bəli, mən düşmənəm, bəli düşmənəm, kimlər ki, bağlayıb mənim əlimi. Niyə at belinə qalxmadı nənəm Çoxunu ağladan Həcərim kimi?! 3. Neyçin bir milləti ayıran əli kəsmədi o zaman, kəsmədi babam?! Olan olub keçib, belə deyirlər indisə, indisə mən günahkaram. Hanı qeyrətimiz, hanı arımız axı Babəklərdən doğulmuşuq biz. Dünyaya sıığmayan bir dərdimiz var - özgəyə uzanır kömək əlimiz. Biz bunu görürük, bunu demillər... Ölən anaların sümüklərindən yadlar məhsul alır, odlanırıq biz. Bunu görə-görə, ay anam-bacım qorxaraq kənardan boylanırıq biz. Baxın, bu evlərə, dirəklər ki, var. yazıq ataların qıclarıdırmı? Təbrizə tökülən ipək yağışlar qoca Natəvanın saçlarıdırmı? Hələ də baxırıq, baxırıq hələ görən qeyrətimiz nə vaxt çatacaq? Vətənin yolunda öləndə belə bizim qanımızmı deyin - batacaq? Qoy batsın, halaldır öləriksə biz təki qəbrimizə gəlməsin bu dərd. Tutub əsrlərin daş yaxasından təki nəvələrə gülməsin bu dərd... Vətənsiz ağlayıb, vətənsiz gülsəm, bu həyat əbədi itirsin məni. İstərəm, Vətənin yolunda ölsəm, vahid Azərbaycan götürsün məni. Qorxumdan açmıram kitabları da, gör neçə əsərin məndə gözü var. Mənə elə gəlir hər bir vərəqin hər kiçik sətrində Cənub sözü var... 4. Gəzir Yer üzünü şöhrətim, adım, yenə də qırıqdır mənim qanadım. Neçə şah əsərim, neçə kitabım neçə bağça-bağım yandı Cənubda. Əlmin incisi, dövlətim,varım, eşqim, səadətim, xoş arzularım... Qatı açılmayan bəylik paltarım, gəlinlik darağım yandı Cənubda. Gəcəli-gündüzlü sinəmdə yanan, çətin günlərimdə arxa dayanan, gözümün yaşından odunu alan, neçə min çırağım söndü Cənubda. Əllərim ayrıldı qardaş əlindən, doyunca keçmədim doğma çölümdən. Qohum qardaşımın üzü də məndən bilmirəm nə oldu döndü Cənubda... lll Mən bu tayda gözü yolda, mehribanım o taydadı. Gecə-gündüz iki gözüm elim üçün haraydadır. Elimizdən ayrı düşdük, çölümüzdən ayrı düşdük. Deyirəm ki, varmı görən mənim kimi öz elindən ayrı düşən, öz dilindən ayrı düşən? Orda sevdim... Məhəbbətim orda qaldı. Ala gözlüm darda qaldı, ay itkinim, sən o tayda mən bu tayda necə dözsün buna ürək? Od götürmüş kirpiklərim yana gərək! Deyirəm ki, alışardım arzulara sərhəd olsa. bəlkə hələ bilməyirlər, bilsə onlar arzulara sərhəd çəkər, buludlarda sərhəd tikər... 5. "Gülüm sənin həsrətinlə qara saçım dən-dən oldu. Can deyib, can eşidərdik, bu ayrılıq nədən oldu, bu ayrılıq kimdən oldu?.. Öz arzumdan, öz eşqimdən ayrı düşdüm illərlə mən. Ancaq səndən ayrı gəzən ürək deyil, bədən oldu..." Neçələri gəlin gedir, sən hardasan? Neçələri toy eləyir sən hardasan? Gəlin gələn maşınını Görəcəkmi anam mənim? Qara, uzun saçlarını hörəcəkmi anam mənim? Qonşumuzdakı oğlan dünən gəlin gətirdi. heç bilmədim ömrümdən həmən o ötən günüm nəyi, nəyi itirdi? Qonşumuzdakı oğlan dünən gəlin gətirdi... Yəni dünən bir qızı bir oğlan nişanladı. Tutub üzünü mənə divarlar da danladı. Yenə dünən bir qızı bir oğlan nişanladı... Dünən kəndimizdəki bir oğlana toy oldu, toy oldu, ay əzizim. Hamı deyib gülürdü bəs niyə doldu gözüm? Toy oldu, ay əzizim! Daş torpaq evlən deyir, bağça-bağ evlən deyir... Bütün bu gördüklərim min dodaq evlən deyir. Mən nə deyim onlara nə söyləyim, əzizim? Barı sən kömək elə mən nə deyim, əzizim? Anamın aldığı üzük nişanı səni arzular. bağçada yetişən, gilənar, şanı səni arzular. "Hardadır gəlinimiz?" - bacım hey deyib səni arzular! Səni düşünərkən güləndə gözüm sənə deyiləsi neçə min sözüm söylə nə vaxtadək qəlbimdə qalıb səni arzular... Məni danlayanda qohumlar, yadlar Sözlər alov olub gözümü odlar. Qəlbimə sığınan ünvansız adlar, səni arzular... Yalqız dolaşanda küçələr boyu - gəzdiyim küçələr səni arzular. Gülüb şirin- şirin söhbət etməyə - Bu uzun gecələr səni arzular... Səni arzulayır rəflər üstdəki tozu silinməyən qab-qaşıq, gülüm Səni arzulayır ürəyimdəki hələ görmədiyim yaraşıq, gülüm Hər şeydən, hər yandan üzülüb əlim bilmirəm ki, kiməm və nəçiyəm mən? Bircə bunu billəm, bilirəm, gülüm, cənub kəlməsinə keşikçiyəm mən... 7. Məndən incimisən, haqqın var, gülüm, məni buraxmırlar, gələ bilmirəm. Səni görməyincə, görməyincə mən ölümə özümü təslim etmirəm... Uzaqdan uzağa səni görməyə qaçaram qoysalar Araz boyuna. Axı, heç olamasa yuxuma gir sən baxım yuxularda bir az boyuna... Ora Vətənimdir, bura Vətənim - Vətənə məktub da yaza bilmirəm. Burdan min ölkəyə məktubum gedir - heç sənə məktub da yaza bilmirəm. Ömrümdə bir dəfə doyunca, inan, mən baxa bilmədim gözlərə, gülüm. Sizin tərəflərdən əsən küləklə Göndər nəfəsini bizlərə, gülüm... Sənsiz çiçəklərim, gülüm solsa da, barı mən görəydim solmayan səni. Əllərim əlindən uzaq olsa da, barı nəfəsinlə isit sən məni. Siz ey Təbrizimdən əsən küləklər, barı siz çıxmayın mənim sözümdən. Qara saçlarıma atıb əlini Vətənin yelləri öpsün üzümdən... Gətirin, gətirin, hər nə gətirsəz - o yerdən nə gəlsə, qurban olum mən. Gətirin mənimçin dərd də gətirsəz - lap elə dərdə də qurban olum mən. Yanımda çoxları məndən xəbərsiz söz açır eşqindən, məhəbbətindən. Bəs mən söhbət açım onlara, gülüm, de hansı eşqimdən, məhəbbətimdən? Bağçada ağacın hər budağında yarpağın nəğməsi məhəbbət deyir. Aranda, Şirvanda, Mildə, Muğanda həyatın nəfəsi məhəbbət deyir. 8. Məhəbbət hissimdir, həyəcanımdır yağış yox, göylərdən məhəbbət yağır... Uzaq üfüqlərdən sanki Günəş yox, mənə elə gəlir məhəbbət doğur. Məni Vətənimə buraxmayırlar - od üstə atırlar sanki qəlbimi. Nolaydı tək səni görmək üçün mən - gəzəydim Vətəni bir turist kimi... İşə bax, qoynunda mən boy atdığım vətəni turisttək gəzmək istərəm. Yaşıl çəmənində bir vaxt yatdığım çölümü turisttək gəzmək istərəm. Doğma torpağımı turisttək gəzsəm, Gəzdiyim o torpaq nə deyər mənə? O qarlı dağların buz salxımları O yaşıl bağça-bağ nə deyər mənə! Məndən inciməzmi torpağım, daşım enməzmi sinəmə əyilməz başım? Eyvandan boylanan bacım, qardaşım o başı qarlı dağ nə deyər mənə? Torpaq ayağımı yandırar mənim Budaqlar qolumu sındırar mənim... Məni bağışlasa elim,Vətənim Bəs yaxın, bəs uzaq nə deyər mənə?! Həsrətəm, həsrətəm mehriban səsə yandırır sinəmdə yanan köz məni. Yurdumu turisttək gəzməkdən isə tutun boğazımdan asın siz məni.... 9. Arazın üstündən keçən körpülər - o taya uzanan əlimdir mənim. Sinəsi sədəfli telli sazamsa Təbriz də qırılan telimdir mənim... Bülbül göy budağa yaralı qonub, elindən, yurdundan aralı qonub. Dərdin əlləriylə bir-bir yonulub yollara tökülən telimdir mənim. Yaşıl hörüyünə qara bağlayan, mənimçün ah çəkən, yanan, ağlayan, özgə ayağının altında qalan sinəsi tapdanan çölümdür mənim. Gəzin dönə-dönə bu çölləri siz, bu yerdə yadigar qalsın səsiniz. Harda gül-çiçəkli çəmən görsəniz, yaşılbaş sonasız gölümdür mənim. Mənə uşaq kimi ümid vermə sən, ümidi yeməkdən ta doymuşam mən! Harda boynu bükük bir çiçək görsən, dərdimdən saralan gülümdür mənim... Özgələr gəlibdir, həyat qurubdur doğma torpağımda, doğma elimdə. Mənim azadlığım dustaq olubdur doğma torpağımda, doğma elimdə. Neçə-neçə ölkələrdən de, əksikdir nəyim mənim? Çox ölkələr azad oldu, hələ durub dolanıram, sağalmayıb yaram mənim... Neçəsinin adətini boynum üstə yük ediblər. Nələr olur, nələr qardaş?! Öz adətim, öz ənənəm ayaqlarda tapdaq olur, bir Millətin sinəsində bu dərd yaman bir dağ olur... Öz odumla neçəsini Geçə-gündüz isidirəm. Qoy isidim, axı nə qəm. Əgər özüm soyuqlarda qalmasaydım, əgər özüm qıraqlarda qalmasaydım! 10. İşığımla neçəsinin gözlərinə işıq verdim. Deyirəm ki, nəydi dərdim bircə kəndim, bircə obam işıqsız da qalmayaydı. Bu dərd mənim ürəyimdə kaş ki, yuva salmayaydı... Az qalmışam həsrət olam öz doğmaca musiqimə. Bir kəs yoxdur şərik olsun kədərimə, sevincimə. Yaraşıqlı küçələrim həsrət qalıb sözlərimə. İndi isə göz dikiblər mənim qara gözlərimə. Oğurlamaq istəyirlər, aman allah, gözümü də! oğurlamaq istəyirlər aman allah, özümü də... Mən bunları deməmişəm illərlə... İndi isə söz mənimdir: yaxşılığı bilməyənə haram olsun varım-yoxum! Yetər daha! Çoxlarına qüvvət verib yuxusundan oyatmışam, Özgəsinin dərdlərini çəkə-çəkə öz dərdimi unutmuşam! Eheyyy... Səni haraylaram Harayıma səs ver mənim. Eheyyy... mənim əzizim... Eheyyy... mənim Vətənim... Harayımda sən varsan, harayımda qalarsan, gözümdə qaldığıntək. Haray Vətənə gərək Haray Vətənə gərək.... yanvar-fevral 1962-ci il - Bakı Tofiq ABDİN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar