SON XƏBƏRLƏR

Qabil Hüseynli: "Rusiya İran məsələsində bundan sonra daha ehtiyatlı davranmağa məcbur olacaq"

2021.10.20, 07:36
Qabil Hüseynli: "Rusiya İran məsələsində bundan sonra daha ehtiyatlı davranmağa məcbur olacaq"

Gunaz.tv
ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfəri iki super gücün dünya siyasəti ilə bağlı mövqelərinin aydınlaşdırılmasının əsas səbəblərindən biri idi. Bu səfər zamanı süpergüclər bir daha öz maraqlarını müzakirə etdilər, regionda və dünyada gedən proseslər, bu proseslərə tərəflərin münasibəti, maraqların toqquşması, silahlanma, nüvə proqramları, qonşu dövlətlərə təsir imkanları və onlarla bu kimi məsələlər masa üzərinə daşındı. Təbii ki, səfər zamanı bir sıra prinsipial problemlərin öz həllini tapdığını, bəzi məsələlərdə Rusiya və ABŞ-ın anlaşdığını söyləmək olar. Amma bu anlaşmaların sonrakı proseslərdə qüvvədə qalıb-qalmayacağı, tərəflərin sonrakı addımları barədə indidən kəskin bir fikir bildirmək mümkün deyil. ABŞ-ı daha çox narahat edən İran məsələsi açıq qalıb. Bu məsələdə Rusiyadan açıq dəstək alıb-almayacağını söyləmək mümkün deyil. Politoloq Qabil Hüseynli isə hesab edir ki, tərəflər ən prinsipial məsələlərdə belə kompromisə gəliblər və buna görə də o səfərin yalnız kompramis xarakteri daşıdığını bildirir: - ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfər edəcəyi gözlənilən idi. Regionda gedən proseslər, İran, İraq, Əfqanıstanla bağlı məsələlər və həmçinin dünyadakı qlobal maliyyə böhranı bu səfəri zəruri edirdi. Nəhayət, həyata keçirilən səfər zamanı prezidentlərin görüşlərində bir sıra prinsipial qərarlar qəbul edilib. Tərəflər arasında əsas müzakirə mövzusu qlobal problemlər olub. Məsələn, strateji hücum silahlarının yarıbayarı ixtisar edilməsi, raketdən müdafiə sistemləri haqqında müzakirələr, eləcə də Əfqanıstanda yaranmış indiki vəziyyət ətraflı müzakirə edilib. Ümumilikdə isə bu səfər çox dinc, tərəflərin bir-birlərinə etimadlarının möhkəmlənməsi və Rusiyanın dünyaya inteqrasiyası baxımından əhəmiyyətli hesab oluna bilər. - ABŞ prezidentinin Rusiyaya səfəri Rusiyanın Cənubi Qafqaz siyasətində hər hansı dəyişiklik yarada bilərmi? - Zənnimcə, prezidentlərin görüşlərində Qafqaz problemlərinin üstündən sükutla keçilib. Sadəcə olaraq Gürcüstanın ərazi bütövlüyü məsələsi ABŞ tərəfindən səsləndirildi və Rusiya tərəfindən də bu sükutla qarşılandı. Bu fikirlərə heç bir reaksiya ifadə olunmadı. Güney Qafqaz məsələlərinin "səkkizlər"in indi davam edən görüşlərində müzakirə ediləcəyi ilə bağlı məlumatlar verilir. Ona görə də Rusiyanın hazırda nə Cənubi Qafqaz, nə də Dağlıq Qarabağ məsələsində hansısa fərqli siyasət yürüdəcəyini güman etmirəm. Çünki Dağlıq Qarabağ məsələsinin həlli tamamilə Rusiyanın inhisarındadır və Rusiya tərəfindən bu məsələlərə necə deyərlər, daim nəzarət edilir. - Görüş zamanı bir sıra məsələlərə diqqət yetirildi və bütün dünyanın nəzərləri bu səfərdə idi. Sizcə, bu görüş Rusiya və Amerikanın güclər nisbətini ortaya çıxardımı? - Xeyr. Qüvvələr nisbəti hələ ki, kəskin dəyişmir. Çünki Amerika Rusiyanı militarist və davakar, soyuq müharibə dövrünün dəyərlərinə hesablanmış siyasətdən yayındırmağa, onu ümumdünya proseslərinə cəlb etmək istəyir. Ona görə də aparılan müzakirələr Barak Obama tərəfindən qaldırılan məsələlər çox sakit bir tonda və konstruktiv bir tərzdə təqdim edilirdi. Bu məsələlərdə də məncə, ümumi razılaşma əldə edilib. Düzdür, razılaşmadırılmayan bir sıra məsələlər də var. Amma hər halda ən prinsirial məsələlərdə razılaşmalar əldə edilib. Ona görə də qüvvələr nisbətində dəyişiklikdən yox, Rusiyanın yenidən dünya ailəsinə, dünya birliyinə qaytarılması prosesindən söhbət gedə bilər. Bu proses də hazırda başlayıb. Bizə o qalır ki, prosesləri izləyək və baxaq ki, hara qədər gedir. - İranla bağlı bundan sonra Rusiya və Amerikanın siyasətinin necə olacağını düşünürsünüz? - İranla bağlı məsələlər bu görüşdə ciddi şəkildə ortaya qoyulub. Amerika tərəfi İrana nüvə proqramı çərçivəsində hər hansı yardım göstərməməyi, İranın nüvə proqramını boykot etməyi tövsiyə edir. Bunun müqabilində əgər İran nüvə proqramı arzulamazsa, raketdən hücum silahlarını Şərqi Avropada qurmayacağını bəyan edib. Bütün bunlar Rusiya üçün şirnikdirici bir mövqedir və düşünürəm ki, Rusiya ABŞ-ın raketdən müdafiə sistemlərinin qorxusu, vahiməsi qarşısında yəqin ki, İranla münasibətlərinə yenidən baxacaq və güman edirəm ki, bu məsələdə necə deyərlər, düzəliş aparacaq. Əlavə etsək İsrail də İranla bağlı xüsusi planlar hazırlayır, o zaman yəqin ki, Rusiya bu xəmirin çox su aparacağını başa düşərək İran məsələsində bundan sonra daha ehtiyatlı davranmağa məcbur olacaq. - Bunu Rusiyanın geri çəkilməsi kimi qiymətləndirmək olarmı? - Əlbəttə, bunu qarşılıqlı kompramis kimi də qiymətləndirmək olar. Çünki bir-birindən asılı olan məsələlərdə hər iki tərəf güzəştə getməyə hazır olduğunu bəyan edib. Amma hər halda, Rusiya necə deyərlər, əvvəlki kimi əzələ oynatmayıb. Əslində, Rusiyanın hapzırda buna heç halı da yoxdu. Rusiya onsuz da iqtisadiyyatının ağır vəziyyətdə olması, dünya maliyyə böhranın ağır keçməsi səbəbindən sözsüz ki, kompramisə meylli idi və bunu da nümayiş etdirdi. - İsrailin İranla bağlı kəskin addımlar atacağını düşünürsünüzmü? - Bu yay İsrail İranın nüvə tədqiqatları obyektlərini radara tutulmayan təyyarələrlə vura bilər. Bu məsələ hazırda İsraillə ABŞ arasında gedən arqument mübadiləsinin əsas mövzusudur. İsrail ABŞ-ı İrandan gələn təhlükənin ciddi olmasına inandırmağa çalışır. Hazırda Qərbdə İrana qarşı müşahidə edilən nisbətən loyal davranış ortada olan məlumatların ziddiyyətliliyi ilə bağlıdır. Qərbdəki bəzi məlumatlara görə, İran 2010-cu ilə kimi nüvə silahı yarada bilməyəcək. Yəni həmin müddətə kimi nüvə silahını əldə etmək üçün lazım olan qədər uran izotopu əldə edə bilməyəcək. Başqa məlumatlara görə isə İranın artıq 2-3 meqavattlıq nüvə bombası hazırlamağa imkan verən saflaşdırılmış uranı var. İsraili ən çox bu yaxınlarda İranın 3,5 min km məsafəyə uçmağı bacaran "Şahab-3" raketlərini sınaqdan keçirməsi qorxudur. Tel-Aviv fikirləşir ki, İran nüvə başlığı yaradandan sonra İsraili daimi təhlükə altında saxlaya bilər. Lakin Obama ABŞ-ı İraqdan sonra yeni bir müharibə ocağına salmaz. İsrail ABŞ-la məsləhətləşdikdən sonra lazımi dəstək almasa belə, təkbaşına qərar qəbul edə bilər. Heç kim İrana nüvə silahı əldə etməyə imkan verməz. Güman edirəm ki, bunun qarşısını alacaqlar. ABŞ öz imicini qorumaq üçün ilk başda kənarda dayansa da, çətin məqamda İsrailə birbaşa yardıma keçə bilər. İsrail istənilən üsulla qısa müddətə İranın nüvə obyektlərini yox etməyə çalışacaq. İsrail bu müharibənin İraqdakı kimi qurudakı əməliyyatlarla aparılmasına ehtiyac görmür və sadəcə radara tutulmayan təyyarələrlə İranın nüvə obyektlərinə zərbə vurmaqla işi bitirməyi mümkün sayır. Bu fikri ABŞ görüşlərindən sonra İsrailin müdafiə naziri Ehud Barak da söyləmişdi. - Son vaxtlar Azərbaycana xarici ölkələrin prezidentlərinin səfərləri intensivləşib. Bir-birini əvəz edən Rusiya, İsrail, Suriya prezidentlərinin səfərlərinin məqsədi nədir? - Məncə, bu, Azərbaycanın artan mövqeyi, geosiyasi vəziyyətinin qüvvətlənməsi ilə bağlıdır. Və hər bir dövlət də Azərbaycanın geosiyasi üstünlüklərindən istifadə edərək özünün iqtisadi, siyasi və mədəni əlaqələrini genişləndirməyə çalışır. Məsələn, İsrail Azərbaycan vasitəsi ilə müsəlman dünyasına bir növ daxil olmağa, burada özünə dostlar axtarıb tapmağa çalışır və buna da demək olar ki, nail olur. Söhbət İranın müsəlman dünyasında İsrail haqqında formalaşdırdığı steriotipləri dağıtmaqdan və müsəlman dövlətləri ilə normal münasibətlər qurmaqdan gedir. Suriya da onun kimi, sanki İsraillə bəhsləşirmiş kimi Azərbaycan vasitəsi ilə Orta Asiya respublikaları ilə əlaqə qurmağa və beləliklə də dünyanın əsas enerji mənbələrindən biri olan bu regionla əlaqələrini bütün sahələrdə inkişaf etdirmək istəyir. - Siz bu səfərlərin Azərbaycanın mövqeyi ilə bağlı olduğunu bildirirsiniz. Sizcə, bu mövqe kifayət qədər möhkəmdirmi? - Azərbaycanın burada ən azından siyasi dvidentləri var, həmçinin iqtisadi qazancları olacaq. Bu mənada bu münasibətlər Azərbaycanın həm beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir, həm də ümumiyyətlə dünyada tanınmasına xidmət edir və bu sarıdan Azərbaycan onun üçün əlverişli olan münasibətlərdə sözsüz ki, öz üzərinə götürdüyü məsuliyyəti yerinə yetirməlidir.Asim SƏFƏROV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar