SON XƏBƏRLƏR

Sülh danışıqları bitmək üzrədir

2021.10.20, 07:36
Sülh danışıqları bitmək üzrədir

Gunaz.tv
Rasim Musabəyov: "Tərəflər bu prosesin pozulmasında günahı qarşı tərəfin üzərinə qoymaq üçün mövqe mübarizəsini aparmağa başlayacaqlar" Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı tərəflər arasında aparılan danışıqların nəticə verməməsinə baxmayaraq həm ATƏT-in Minsk Qrupu həmsədrləri, həm də tərəflər danışıqları davam etdirməkdə israrlı görünürlər. Hər halda bu, həm ATƏT-in Minsk Qrupu həmsədrlərinin, həm də münaqişə tərəflərinin rəsmilərinin səsləndirdikləri bəyanatlardan da aydın şəkildə müşahidə edilir. Bununla belə danışıqlarda nəticəsizlik sindromu olduğu kimi qalmaqdadı. Bu baxımdan da Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin bundan sonrakı perspektivlərinin necə olacağı maraq doğurmaya bilməz. Politoloq Rasim Musabəyov hesab edir ki, sülh danışıqları artıq bitmək üzrədir. "Ya nəticəsi olaraq bitəcək, ya da olmayaraq. Bunu hamı aydın görür. Fərz edirəm ki, hələlik ki, tam nəticəsizliklə bağlı nöqtə qoyulmayıb. Ona görə də hər ehtimala qarşı tərəflər bu prosesin pozulmasında günahı qarşı tərəfin üzərinə qoymaq üçün mövqe mübarizəsini aparmağa başlayacaqlar. Yəni taktiki oyunlar gedəcək. Kim birinci o təkliflərə yox deyəcəksə, o tərəf demək olar ki, qeyri-konstruktiv tərəf kimi görünəcək. Nəzərə alınsa ki, bu elə hiss də olunur ki, ermənilər bu məsələnin pozulmasının günahını Azərbaycanın boynuna yıxmaq istəyirlər. Çünki onlar bizdən daha çox asılıdırlar beynəlxalq yardımlardan. Ona görə də hesab edirəm ki, biz onlara bu şansı verməməliyik"- deyən politoloqun fikrincə, problemin həlli ilə bağlı başqa variantlar da Azərbaycan tərəfdə nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, Moskva danışıqları və onun nəticəsizliyi Azərbaycan prezidentinin rəhbərliyi ilə ciddi müzakirə oluna bilər. Rasim Musabəyov danışıqların bundan sonra uzun müddət davam etdirilməsini də gözləmir. Onun sözlərinə görə, artıq danışıqları uzatmaq üçün yer qalmayıb. Minsk qrupu həmsədrlərinin yaranmış vəziyyətdən çıxmaq üçün "Madrid prinsipləri"ndə dəyişiklik edəcəyi barədə məlumatlara gəlincə isə politoloq irəli sürülən təkliflərdə ciddi dəyişikliklər ediləcəyini gözləmədiyini deyib. Onun sözlərinə görə, ola bilsin ki, irəli sürülən təkliflərdə Azərbaycanın istəyi ilə müəyyən dəqiqləşdirmələr ola bilər. "Azərbaycanın istəyi ilə daimi status məsələsi çox uzağa qalsa, onda aralıq statusla bağlı məsələ ortaya gələ bilər. Aralıq status 3 ildən sonra ortadan götürülürsə, onda ona elə də ciddi yanaşmamaq olar. Ancaq aralıq status 10 il, 20 il, lap 100 il də çəkə bilər. Bu halda aralıq statusun necə olması, onun mahiyyətinin nədən ibarət olacağını dəqiqləşdirməyə ehtiyac yarana bilər. Mənə gəlib çatan məlumata görə, bu məsələ Moskva görüşündə müzakirə olunmayıb. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi statusu uzunmüddətli vaxta keçirmək istəyirsə, burda qarşı tərəfin də mövqeyini başa düşmək olar. Ona görə də Serj Sarkisyan yenidən danışıqlarda razılaşdırılmış məsələlər üzərinə qayıdır ki, onların burda narahatçılığı da var, ehtiyatlanması da. Bu baxımdan da da aralıq statusun mahiyyətinin dəqiqləşdirilməsinə ehtiyac ola bilər. Əgər ermənilər bundan bəhanə kimi istifadə etmək istəyirlərsə, gərək biz də onlara belə bir imkan yaratmayaq və onların əsl üzünü ifşa edək. Yox əgər ermənilər doğrudan da danışıqlarda konstruktivlik nümayiş etdirəcəksə, onda doğrudan da danışıqları davam etdirmək lazımdı". O ki qaldı tərəflər arasında ilin sonuna kimi daha bir görüşün keçirilməsinin mümkünlüyü barədə səsləndirilən fikirlərə, Rasim Musabəyov bu haqda konkret söz deməyin çətin olduğunu bildirib. "Hər halda son zamanlar irəliləyiş əldə etmək üçün xeyli çətinliklər yaranıb. Hiss olunur ki, erməni tərəfi daha çox bu danışıqları ya uzatmaq, ya da pozmaq istəyindədi. Biz onlara bu şansı verməməliyik".Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar