SON XƏBƏRLƏR

Qərb "Nabucco" üçün Tehrana "yaşıl işıq" yandırmağa tələsmir

2021.10.20, 07:36
 Qərb "Nabucco" üçün Tehrana "yaşıl işıq" yandırmağa tələsmir

Gunaz.tv
Bu il iyulun 13-də Ankarada "Nabucco" təbii qaz layihəsinin reallaşdırıması ilə bağlı hökumətlərarası saziş imzalanıb. Buna baxmayaraq, Avropanı təbii qazla təmin etməyə hesablanan "Nabucco"nun fasiləsiz təchizat məsələsi hələ də açıq qalmaqdadır. Çünki layihənin potensial təminatçıları kimi nəzərdə tutulan Azərbaycan və Türkmənistan layihədə iştirakları barədə hələ ki, qəti qərar verməyib. Belə bir vəziyyətdə Qərbin üzləşdiyi durumu təsəvvür etmək çətin deyil. Amma adları çəkilən ölkələrdən fərqli olaraq, "Nabucco"ya qoşulmaq yönündə ciddi cəhdlər göstərən İran Avropanın bu məsələdə onsuz keçinməsinin mümkünsüzlüyünü başa düşür və səylərini davam etdirir. Qərb "Nabucco" üçün İranın təklif etdiyi 10 milyard kubmetr qazın əhəmiyyətini başa düşsə də, Tehrana "yaşıl işıq" yandırmağa tələsmir. Daha doğrusu, Avropa İranın "Nabucco"ya qoşulmasını məqbul saysa da, bu ölkənin Birləşmiş Ştatlarla qarşıdurma vəziyyətində olması onu qəti addım atmaqdan çəkindirir. Amma proseslərin mümkün inkişafı İranın qarşısındakı məlum maneənin aradan qalxmasına təsir göstərə bilər. Politoloq Zərdüşt Əlizadə İranın "Nabucco" layihəsinə cəlb edilməsinin müəyyən şərtlər çərçivəsində mümkün olacağı qənaətindədir: "Bilirsiniz ki, bu layihənin reallaşdırılması ilk növbədə Avropaya lazımdır. Qərb özünün enerji təminatında ortaya çıxan problemlərdən birdəfəlik xilas olmaq istəyir. Eyni zamanda Avropanı qaz asılılığında saxlayan və bundan siyasi təzyiq məqsədilə hər addımda istifadə etməyə çalışan Rusiya da adekvat gedişlər etməyə başlayıb. Doğrudur, "Nabucco" sazişi artıq imzalanıb. Amma kəmərin təbii qazla təchiz edilməsi məsələsi çox problemlidir. Məsələn, Rusiya bu layihənin əsas təminatçıları kimi göstərilən Azrbaycan və Orta Asiya dövlətlərilə anlaşmağa çalışır. Artıq Azərbaycanın istehsal etdiyi təbii qazın müəyyən hissəsini yüksək qiymətə almağa da razılaşıb. O cümlədən Orta Asiyanın təbii qaz ixracatçısı olan ölkələrilə də analoji və əlavə sazişlər bağlamaq niyyətində ciddidir. Avropanın tərəddüdləri və Rusiyanın belə bir fəallığı isə həmin ölkələri nisbətən çətin vəziyyətdə qoyur. Bu məsələdə "Nabucco"nu problemsiz qazla təmin etməyə hazır olan ölkə məhz İrandır. Lakin İranın bu layihəyə cəlb olunması Amerikanın maraqlarına uyğun deyil. Ona görə də, Ağ Ev İranın "Nabucco"da iştirakını hər vasitə ilə əngəlləməyə çalışır. Onun üçün İranın izolə edilməsi Avropanın problemlərinin həllindən daha əhəmiyyətlidir. Əslində Amerikanın İranla bağlı planları Bakı-Tiflis-Ceyhan neft kəmərinin çəkilişində də iştirakçı dövlətlərə çox baha başa gəldi. Yəni daha öncə belə bir plan vardı ki, Azərbaycan nefti İran ərazisi vasitəsilə Fars körfəzinə çıxarılsın. Bu layihənin dəyəri o vaxt üçün təxminən üç yüz milyon dollar həddindədir. Amma ABŞ buna imkan vermədi və nəticədə az qala on dəfə baha qiymətə - dörd milyard dollara indiki kəmər çəkildi. Lakin Amerikanın İranı "Nabucco"dan kənarda saxlamaq planlarının dəyişməsi də mümkündür. Əgər iqtisadi amillər siyasi faktorları üstələyərsə, o halda İran təbii ki, bu layihəyə qoşula biləcək. Avropanın İranla bağlı məqamda Amerikanın iradəsi əleyhinə çıxması gözlənilmir. Çünki Avropa əksər məsələlərdə Amerikadan asılı vəziyyətdədir. Buna görə də, Amerikanın iradəsinə qarşı çıxması mümkün deyil. Eyni zamanda Avropa ölkələrinin öz aralarında olan bəzi ziddiyyətlər də bu məsələdə Vaşinqtonun xeyrinə işləyir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar