SON XƏBƏRLƏR

Ətiyyə Tahiri(Səid Mətinpurun həyat yoldaşı): bu qanunsuz ölkədə pənahimiz ALLAHdır

2021.10.20, 07:36
Ətiyyə Tahiri(Səid Mətinpurun həyat yoldaşı): bu qanunsuz ölkədə pənahimiz ALLAHdır

Gunaz.tv
Əslən Azərbaycan türkü olan güneyli jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarıyla 8 il azadlıqdan məhrum edilib. Hazırda Tehrandakı məşhur Evin zindanındadır. O əcnəbilərlə əlaqədə, İranın dövlət quruluşuna qarşı çıxmaqda ittiham olunur. Onun həyat yoldaşı Ətiyyə Tahiri soydaşımızın həbsinə belə münasibət bildirib: "Vallah mən çox çarəsizəm. Bu məmləkətdə heç bir qanun yoxdur. Qanunsuz ölkədə hara pənah aparasan? Bir ümidimiz Allahdır". O qeyd edib ki, həyat yoldaşı Türkiyəyə səfərdən sonra hakimiyyətin qəzəbinə tuş gəlib. "Amma səfər sadəcə, bəhanədir. Əsl səbəb başqadır. O yazılarına görə azadlıqdan məhrum edilib. Səid ictimai fəaliyyətlə məşğul idi. Özünün bloqu vardı. İrandakı ictimai məsələlərdən, hürriyyətdən yazırdı, türk dilinə qoyulan qadağalardan, azərbaycanlıların öz ana dillərində yazıb-oxuya bilməmələrindən danışırdı. Mən düşünürəm ki, məhz bunlara görə Səidə səkkiz il iş veriblər, bu işdə ittiham olunan başqalarına isə bir il cəza kəsiblər". Ətiyyə Tahiri vurğulayıb ki, həyat yoldaşı məhkəmə qərarından öncə təxminən 9 ay həbsxanada saxlanılıb, sonra girov müqabilində azad edilib. Saxlanıldığı müddətdə ona psixoloji, həm də fiziki işgəncələr verilib: "Bu cinayət işi əvvəlcədən qanunsuz açıldı. Səid 9 ayda işgəncə altında saxlanıldı və həmin müddətdə vəkililə təmasda olmayıb. Hökm elan olunandan sonra vəkillə görüşə icazə verməyiblər. Onda da gecdi, o, bir iş görə bilməyib. Bizim ümid yolumuz yoxdur. Bir ümid yerimiz Allahdır. Bəlkə bir yola aça, cəmi həbsdə olanlara. Bu gün İranda tək Səid deyil, minlərlə insan həbsdədir. Ümidsiz halda çırpınırlar. Qanunsuz ölkədə hara pənah aparasan?" Xatırladaq ki, "Amnesty İnternational" beynəlxalq insan hüquqları təşkilatı jurnalistin təbii insan haqlarının bərpasını tələb etdiyini bildirərək, onu "vicdan dustağı" elan edib. Beynəlxalq insan hüquqları təşkilatları Səid Mətinpur da daxil olmaqla həbsdə olan digər fəalların dərhal azad edilməsi tələbilə bir neçə təcili bəyanat verib, İran rəsmilərinə dəfələrlə müraciət edib.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar