SON XƏBƏRLƏR

Xamneyi ilə Rəfsəncaninin cəbhəsi ayrılır

2021.10.20, 07:36
Xamneyi ilə Rəfsəncaninin cəbhəsi ayrılır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın dini rəhbəri ayətullah Əli Xamneyi iyulun 20-də ölkə rəsmiləri qarşısında çıxış edərək Üləmalar Məclisinin rəisi, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncanini dolayı yolla hədələyib. İyulun 17-də Tehran cümə namazına rəhbərlik edən Rəfsəncani seçkidən sonrakı olaylara toxunaraq xalqın hökumətə olan etimadına xələl gəldiyini demişdi: “Xalq bizimlə olsa, hər şeyimiz olacaq. Yox, xalq narazılıq etsə, onda hökmranlıq mümkün olmayacaq. Bu seçki çox yaxşı başlamışdı. Konstitusiyaya Nəzarət Şurası dörd nəfərin namizədliyini təsdiqləyəndən sonra xalqda azad seçkinin keçiriləcəyinə ümid yaranmışdı. Elə buna görə də vətəndaşlar kütləvi şəkildə seçkiyə qatıldı. Dünyada böyük bir iftixar qazanmağımız üçün bütün şərait yaransa da, təəssüflər olsun ki, bu gerçəkləşmədi”. Rəfsəncani seçkinin rəsmi nəticələrinə qarşı etiraz etdiyinə görə tutulanlardan da söz açmışdı: “Biz məhbusların öz ailələrinə qovuşmasına şərait yaratmalı, yaralananların könlünü almalı və düşmənin bu məhbuslara görə bizi qınamasına imkan verməməliyik”. Xamneyi “cəmiyyətin elitası” adlandırdığı məsul şəxslərdən mövqe və sözlərinə fikir verməyi tələb edib: “Adından və tutduğu mövqeyindən asılı olmayaraq cəmiyyəti səbatsızlığa doğru sürükləyən hər bir kəs İran xalqının gözündə mənfur sayılır və nifrətə layiqdir”. Xamneyi ölkənin təhlükəsizliyinə və sabitliyinə qarşı götürülən hər bir addımın ən böyük günah sayıldığını deyib: “Deyilməsi lazım olan problemlərdən danışmamaq, vəzifəyə əməl etməməkdir. Deyilməsi lazım olmayan problemlərdən isə danışmaq vəzifənin əksinə əməl və hərəkət etməkdir. Elita nümayəndələri ayıq olmalıdırlar. Onlar böyük bir sınaq qarşısındadırlar. Bu imtahandan uğurlu çıxmamaq təkcə kəsilmək anlamında deyil. Bu kəsilmək onların süqutuna səbəb olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar