SON XƏBƏRLƏR

İranın iddiaları yersizdir

2021.10.20, 07:36
İranın iddiaları yersizdir

Gunaz.tv
Rasim Musabəyov: "Azərbaycana qarşı hər hansı addım atması rəsmi Tehranın özü üçün ciddi problemlər yarada bilər" İsrail prezidenti Şimon Peresin Azərbaycana gözlənilən səfəri rəsmi Bakı ilə Tehran arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub. Qeyd edək ki, Ermənistanın Azərbaycan ərazilərini işğala başladığı gündən bu vaxta qədər işğalçı ölkəyə iqtisadi, siyasi və humanitar yardımlarını davam etdirən rəsmi Tehranın Azərbaycanın daxili işlərinə qarışması Bakı tərəfindən birmənalı qarşılanmayıb. Artıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən İran rəhbərliyinin bəyanatlarına cavab verilib. Azərbaycanın xarici siyasət idarəsinin başçısı ölkəmizin qonşu ölkələrin daxili işlərinə qarışmadığını, xüsusilə də İranın Ermənistanla münasibətlərini müzakirə etmədiyini vurğulayıb. Nazir qonşu ölkənin diplomatik-siyasi etiket qaydalarını pozmasının yolverilməz olduğunu və rəsmi Bakının heç bir ölkənin Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməyəcəyini bəyan edib. Onu da qeyd edək ki, qonşu ölkə Azərbaycanın daxili işlərinə təkcə siyasi bəyanatlar verməklə müdaxilə etməyə çalışmır. Son günlər İran tərəfindən iki ölkə arasında bu günə qədər də mübahisəli ərazi kimi qalan "Alov" yatağında kəşfiyyat işlərinə başlanması barədə məlumatların gündəmə gətirilməsi isə cənub qonşumuzun rəsmi Bakıya yönəlmiş təzyiq elementi kimi dəyərləndirilir. Onu da xatırladaq ki, iki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən "Alov" yatağında işlərin başlanması Azərbaycan və İran arasında Xəzərin hüquqi statusuna dair danışıqlar başa çatdıqdan sonra aparıla bilər. Bu baxımdan da yataqda işlərin başlanmasına dair yayılan məlumatlar rəsmi təsdiqini taparsa, Azərbaycan-İran münasibətlərindəki gərginliyin artan xətt üzrə inkişafı da qaçılmaz olacaq. Siyasi ekspertlər isə rəsmi Tehranın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin əsassız olduğunu bildirirlər. Politoloq Rasim Musabəyovun fikrincə, bu, İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı birinci cəhdi deyil. "Belə hesab edirəm ki, İran tərəfinin bu iddiaları yersizdir. Ola bilsin, İranda indiyə qədər belə hesab edirlərmiş ki, Azərbaycan və İsrail arasında siyasi əlaqələrin qurulmamasında İranın nüfuzu nəzərə alınır. İran baxmayaraq ki, islam dövlətidir, əsasən şiə dövlətidir. Lakin islam dünyasında islam dövləti kimi İranın liderliyini və onun nümunəvi dövlət olmasını qəbul edən demək olar ki, yoxdur. İranın özünü islam dünyasının liderinə çevirmək üçün cəhdləri də mənasızdı. Nəzərə almaq lazımdı ki, islam dünyasında lider ərəb ölkələridir. Lakin İsraillə nümayişkaranə düşmənçiliyi İran edir. Bu heç də islam dəyərlərinə verilən qiymət deyil. İranın məqsədi sadəcə olaraq bu vasitə ilə islam dünyasında öz liderliyini qəbul etdirmək iddiasıdır. Azərbaycan əhalisinin əksəriyyəti də şiə olduğundan, rəsmi Bakının İsraillə yaxınlaşması demək olar ki, İranın siyasətinə qarşı açıq nümayişdi. Hər halda onların bu bəyanatlarının arxasında bu durur"- deyən Rasim Musabəyov onu da bildirib ki, İranın bu səpkili bəyanatlardan kənara çıxaraq Azərbaycana qarşı hər hansı addım atması rəsmi Tehranın özü üçün ciddi problemlər yarada bilər. "Bu təbliğatdan başqa İranın Azərbaycana qarşı hər hansı real addım atması Azərbaycanın İsraillə münasibətlərinin daha da sürətlənməsinə gətirib çıxaracaq. Hər halda İran üçün Abşeron yarımadasında ABŞ hərbi bazalarının yerləşməsi və ABŞ-ın Azərbaycana bütün sahələrdə ən yüksək dəstək nümayiş etdirməsi xoş sayıla bilər". Rasim Musabəyov onu da bildirib ki, İranın Azərbaycana İsraillə münasibətlər qurulub-qurulmaması barədə tövsiyə vermək haqqı nə hüquqi, nə siyasi, nə də mənəvi baxımdan yoxdur. "Azərbaycanın torpağını işğal etmiş Ermənistan rəhbərliyi ilə sıx əlaqələr quran, erməniləri əzizləyən İran rəhbərliyinin Azərbaycana tövsiyə verməsini qəbul etmirik". Azərbaycan-İran münasibətlərində bu günə qədər də bir sıra problemlərin olduğunu qeyd edən politoloq münasibətlərin daha da gərginləşəcəyini istisna etməyib. "Əgər İran bu gün bu iddialarla çıxış edirsə, onda sabah Abşeron yarımadasında ABŞ hərbi bazaları yerləşdirilsə, mən baxıram ki, İran hansı iddialarla çıxış edə biləcək. Bizim seçimimiz İranla münasibətləri gərginləşdirmək deyil. Ancaq İran "Alov" yatağında doğrudan da işə başlasa, düşünürəm ki, iki ölkə arasındakı münasibətlərdə gərginlik qaçılmaz olacaq". Vüsalə Rafiqqızı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar