SON XƏBƏRLƏR

Eldar Namazov: “Tehranın dostu olan Ermənistan İsraillə çoxdan isti münasibətlər qurub”

2021.10.20, 07:36
Eldar Namazov: “Tehranın dostu olan Ermənistan İsraillə çoxdan isti münasibətlər qurub”

Gunaz.tv
İRANLA AZƏRBAYCANIN ARASINA KİM GİRİR? Natiq Miri: “İran günahı kənarda axtarmamalıdır” İran adlanan yerlə Azərbaycan arasında gərginlik diplomatik müstəviyə keçib. Xəbər verildiyi kimi, İsrail prezidenti Şimon Peresin Bakıya səfərə dəvət edilməsinə İran qəzəbli reaksiya verib. Özü də bu reaksiya diplomatik və ya siyasi səviyyədə deyil, ölkənin hərbi qüvvələrinin komandanı səviyyəsində səsləndirilib. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Həsən Firuzabadi əvvəl bəyan edib ki, Peresi Bakıya dəvət etməklə Azərbaycan müsəlmanlara qarşı xeyirxahlıq etmir və İranla münasibətlərə zərbə vurur. Daha sonra Firuzabadi Azərbaycanı İsrail səfirliyini bağlamağa çağırıb və deyib ki, bu diplomatik korpus İrana qarşı casusların hazırlanması ilə məşğul olur. Srağagün isə İran xarici işlər naziri Mənuçöhr Möttəki Tehranda keçirdiyi mətbuat konfransı zamanı bildirib ki, İrail və ABŞ İranla Azərbaycanın arasına girir, iki ölkə arasında problem yaradır: “Ümid edirəm ki, biz sionist rejim tərəfindən yaradılan problemləri və təhlükələri də dəf edə biləcəyik”. İrandan səslənən bu bəyanatlara rəsmi Bakı nəhayət ki, reaksiya verdi. Xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib ki, İranın son bəyanatları sual doğurur və əfsuslar olsun ki, bu bəyanatlar həm də İranın hərbi qüvvələrindən gəlir. Nazir bildirib ki, Ermənistanın rəhbəri və ya yüksək vəzifəli şəxsləri dəfələrlə İrana səfərlər edir və yüksək səviyyədə qəbul olunurlar. Lakin onların İrana səfərlərini Azərbaycan müzakirə etmir və mövqe bildirmir: «Azərbaycan başqa ölkələrin işlərinə qarışmır və digər ölkələrin də Azərbaycanın daxili işlərinə qarışmasına imkan verməyəcək. Azərbaycan öz milli maraqlarına uyğun xarici siyasətini aparır". Dünən isə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İranın bəyanatlarına rəsmi Bakının münasibətini açıqlayıb. O, deyib ki, İranın bəyanatlarına Azərbaycan hakimiyyətinin münasibəti çox pisdir: “Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, heç bir dövlətin, o cümlədən qonşu, dost ölkələrin daxili və xarici siyasətinə qarışmır, müdaxilə etmir. O cümlədən biz özümüz də arzu etmirik ki, hansısa dövlət, qurum Azərbaycanın daxili və xarici siyasətinə müdaxilə etsin, bu sahədəki fəaliyyətinə təsir göstərməyə çalışsın. Rəsmi Bakı heç bir dövlətə Azərbaycanın bu və ya digər addımlarına müdaxilə etmək, onunla bağlı fikir söyləmək imkanı verməyəcək. İranın Azərbaycanın hansısa dövlətlə əlaqələr qurmasına münasibət bildirməyə haqqı yoxdur”. Politoloq Eldar Namazov bildirdi ki, münasibətlərin gərginləşməsində Tehranın və rəsmi Bakının uzun illərdir buraxdığı səhvlər rol oynayır: “İran Azərbaycanın torpaqlarını işğal edən Ermənistanla müttəfiq münasibətlər qurub. Hətta Ermənistanın keçmiş prezidenti Levon-Ter Petrosyan hələ 1995-ci ildə bəyan etmişdi ki, İran Ermənistanla sərhədləri bir aylıq bağlasa, Ermənistan iqtisadi cəhətdən çökər. İran işğalçı ölkənin çökməsinin qarşısını alır. Azərbaycanın səhvi isə ondadır ki, uzun illərdir İsraildə səfirlik açmaqda, sıx münasibətlər qurmaqda tərəddüd edib. Halbuki, İranın dostu olan Ermənistan İsraillə çox isti münasibətlər qurub, İsraildə səfirliyini açıb. Gürcüstan və Qazaxıstan da İsraildə səfirliyini açıb. İran bu ölkələrin heç birinə qarşı çıxmadığı halda Azərbaycanın illər sonra-indi atmaq istədiyi addımı sərt qarşılayır. Bunun səbəbi odur ki, Azərbaycanın illərdir tutduğu bu yanlış mövqe İranda təsəvvür yaradıb ki, Azərbaycan İsraillə münasibətlər qurmamalıdır, quracağı halda isə İranın maraqlarını nəzərə almalıdır. Azərbaycan İrana bildirməlidir ki, Ermənistanla hər cür münasibətlər quranda Azərbaycanın marağını nəzərə alıbmı?” Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri də hesab edir ki, İran Azərbaycanla münasibətlərin gərginləşməsinin günahını kənarda axtarmamalıdır. İranla Azərbaycanın arasına Tehranın bir çox məsələlərdə yol verdiyi yanlışlıqlar girir: “Azərbaycan artıq asanlıqla güc dilində danışılacaq ölkə deyil və buna regionda gedən geosiyasi proseslər də imkan vermir. Digər tərəfdən, bu bəyanat haqlı olaraq Azərbaycan, Türkiyə və ABŞ başda olmaqla Qərb dünyasında təpkilərə səbəb oldu. Buna cavab olaraq İsrail prezidenti Şimon Peresin ölkəmizə səfər gününün müəyyənləşdirilməsi də göstərdi ki, İran mühafizəkarlarının bu sərt mövqeyi qonşu Azərbaycanla münasibətlərin korlanmasından başqa bir şeyə yaramayacaq, dərhal bu ölkənin xarici siyasətinə rəhbərlik edən liberal qanad (Manüçöhr Mottəki) dövrəyə girdi və mühiti yumşaldan bəyanatla çıxış etdi. Ancaq Möttəki də səbəbləri özlərində axtarmaq əvəzinə, ABŞ və "sionist" rejimi Azərbaycanla münasibətləri korlamaqda ittiham etdi". Etibar SEYİDAĞA musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar