SON XƏBƏRLƏR

Biz əslində bir millət üç dövlətik

2021.10.20, 07:36
Biz əslində bir millət üç dövlətik

Gunaz.tv
Quzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Derviş Eroğlu "Türküstan"a müsahibə verdi Məlum olduğu kimi aprel ayında qardaş Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş parlament seçkisində Ulusal Birlik Partiyası böyük üstünlüklə qalib gələrək parlament çoxluğuna, həmçinin hökuməti qurmaq imkanına nail olub. Xatırladaq ki, partiyanın lideri Derviş Eroğlu parlament seçkisindən bir qədər əvvəl terror təşkilatı olduğu iddia edilən "Ergenekon"la bağlılıqda ittiham olunmuş və bu barədə rəsmən baş prokurorluğa iddia göndərilmişdi. Lakin, parlament seçkisinin sonucu olaraq Kıbrıs xalqı Derviş Eroğluna və onun liderlik etdiyi Ulusal Birlik Partiyasına (UBP) dəstək verərək onu iqtidar etdi. Hazırda UBP lideri Derviş Eroğlu Quzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziridir. Bu günlərdə Kıbrısda səfərdə olan qəzetimizin yaxın dostu, doktor Gözde Kılıç Yaşın qardaş dövlətin baş nazirindən xüsusi olaraq "Türküstan" üçün müsahibə götürüb. "Necə ki, Xocalıda ermənilər sizləri qətl etmişdi..." - Quzey Kıbrısda parlament seçkilərinin nəticələrinin hazırda davam edən Kipr probleminin həlli ilə bağlı müzakirələrə təsiri necə ola bilər? - Baş nazir Eroğlu: - Biz ümid edirik ki, KKTC-dəki seçkilərin nəticələri davam edən müzakirə prosesinə müsbət istiqamətdə təsir edəcəkdir. Ulusal Birlik Partiyası Kipr mövzusundakı fikirlərini açıq bir şəkildə ortaya qoyaraq seçkilərə girmiş və təkbaşına iqtidara gəlmişdir. Bu hər halda Yunan Kiprinə, Hristofyasa başlı başına bir mesajdır. Onsuz da son zamanlarda aparılan ictimai rəy sorğularında UBP-nin səsinin artmasına paralel olaraq xalqımızın Kipr mövzusundakı görüş və düşüncələrində də beş il əvvəlinə nisbətlə xeyli fərqliliklər görülməkdədir. Məsələn; Xalqımızın 70 faizi Kiprdə iki ayrı dövlətə söykənən bir həll prosesini dəstəkləyir. Federasiyaya dəstək verən insanlarımızın nisbəti olduqca aşağıdır. Hökumət proqramımızda da ifadə etdiyimiz kimi UBP bu nöqtələrin üzərində əhəmiyyətlə dayanmaqdadır: a). Ciddiliyini qoruyan iki hissəlilik prinsipi; b). İki xalqın suveren bərabərliyi; c). Qurucu Dövlətlərin siyasi bərabərliyi; d). Yeni bir ortaqlıq qurulması; e). Mülkiyyət məsələsinin sadəcə hüquqi prizmadan ələ alınmaması; Tarixi proseslərin də mütləq nəzərə alınaraq, problemin masada həll edilməsi; f). Torpaq mövzusunun bütün digər mövzularda razılıq təmin edildikdən sonra ən son olaraq ələ alınması; g). Tapılacaq həllin Avropa Birliyinin ilk hüququ halına gəlməsi; h). Türkiyənin təsirli və praktiki zəmanətinin (təminatının) davam etməsi; ç). Əldə olunacaq razılaşmanın iki Xalqın referendumuna təqdim edilməsi və referendumlarda tərəflərdən birinin və ya ikisinin də "xeyr" deməsi halında nə olacağının əvvəldən ortaya qoyulması. Biz bir də bunlara əlavə olaraq bir dövlətimiz olduğunu, müzakirə masasında və sonrasında alternativsiz olmadığımızın bilinməsində fayda gördüyümüzü ifadə edirik. Bəlkə kənardan baxıldıqda yuxarıda saydıqlarımın üzərində niyə bu qədər ciddi dayandığımız çox yaxşı aydın olmamaqdadır. O səbəblə bu ifadələrimizi sizin vasitəçiliyinizlə Azərbaycandakı qardaşlarımıza xüsusilə çatdırmaq istəyirəm: Biz Kiprdə müzakirələr yoluyla bir razılaşmanın əldə olunmasından və problemin beləcə həll edilməsinin tərəfdarıyıq. Amma bilirsiniz ki, azərbaycanlı qardaşlarımız Xocalıda ermənilər tərəfindən qətl edildiyi kimi biz də 1963-1974-ci illər arasında eynilə Kiprdə yunanlar tərəfindən qətliama məruz qaldıq. Bir daha qırğınlara uğramaq istəmədiyimiz, öz torpaqlarımızda azad yaşamaq, öz özümüzü idarə etmək istədiyimiz üçün yuxarıda qısaca yekunlaşdırdığım fikirlərimizdə israrlıyıq. "Kıbrıs xalqı seçimlərdə "Ergenekon"la bağlı iddialara yox dedi" - Sizcə, Kıbrısda parlament seçkilərinin sonuclarını Türkiyə hökuməti necə qarşılayıb? - Ana vətənimiz Türkiyə daim Kıbrıs Türk xalqının güvən, dinclik və rifah içində yaşamasını istəmişdir. Ana vətən Türkiyə, Kıbrıs Türk Xalqının iradəsinə hörmətlə yanaşır. Türkiyənin Cumhurbaşqanı Hörmətli Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Dövlət Naziri və Baş nazirin müavini Cəmil Çiçək həm telefon edərək, həm də yazılı olaraq bizləri təbrik etmişlər. Biz Türkiyəni Ana vətən bilən bir partiyayıq və inanırıq, bilirik ki, qazandığımız qələbə Anadoluda da Türkiyə siyasi həyatına qatqı qoyanlar arasında da böyük məmnuniyyət yaratmışdır. - Sizcə, "Ergenekon" məsələsi və sizin də bu işlə əlaqələndirilməyinizə göstərilən cəhdlər parlament seçkisinin nəticələrinə təsir edibmi? - Ulusal Birlik Partiyasının və mənim "Ergenekon"la əlaqəm yoxdur. Ortaya sənəd deyə qoyulanlar tamamilə suyu bulandırmaq üçün idi. Amma seçkinin nəticələrindən də göründüyü kimi xalqımız bizə qarşı yönələn bu iddaya rəğbət etmədi. - Azərbaycanın Quzey Kıbrıs siyasətini necə qiymətləndirirsiniz? - Ana vətən Türkiyə böyük bir dövlətdir, Yaxın və Orta Şərqdə, Avropada, Qafqazlarda təsirli olan bir dövlət baxımından da məsələyə yaxınlaşır, soydaşları olaraq biz Kıbrıs Türk Xalqının mənfəətlərini düşünür. Türkiyənin qarantör (zamin) ölkə kimi Quzey Kıbrıs Türk Cümhuriyyətini rəsmən tanımış olması bizim üçün son dərəcə əhəmiyyətli və mənalı bir dəstəkdir. Azərbaycanla yaxşı əlaqələr qurmaq bizim həmişə öncəlikli məqsədimizdir. Biz əslində bir millət üç dövlətik. Türkiyə, Azərbaycan və Quzey Kıbrıs Türk Cümhuriyyəti. Azərbaycanın Quzey Kıbrısı tanımasını çox istəyirik, amma problemləri bildiyimiz üçün mövqeyini də anlayışla qarşılayırıq. İnşallah o günlər də gələcəkdir. Bir tərəfdən də UBP, əslində Quzey Kıbrısın tanınmasının Kıbrıs adasında bir anlaşmanın qarşısında mane olmadığı fikirindədir. - Ümumiyyətlə, Kıbrısın Türk Cümhuriyyətlərindən, xüsusi olaraq Azərbaycandan gözləmələr nələrdir? - Qısa mərhələdəki, yaxın gələcəkdəki gözləntimiz siyasi, iqtisadi, ictimai, mədəni və idman sahələrindədki əlaqələrimizin inkişafıdır. Əlaqələrimiz bütün sahələrdə inkişaf etməlidir. Bunun üçün imkanları araşdırmamız, dialoq və əməkdaşlıq içində olmamız lazımdır. Bütün quruluşlarımızın ikitərəfli əlaqələr qrumasında fayda var. UBP hökuməti olaraq dəvət olsa məmnuniyyətlə Türk Cümhuriyyətlərinə, Azərbaycana gedərək təmaslar edərik. Bizim dəvət etməmiz lazımdırsa buna da hazırıq. Və təbii ki, bu qardaş ölkələrdən bizim suverenlik, azadlıq üçün Kıbrısda verdiyimiz mübarizəyə beynəlxalq platformalarda dəstək vermələrini gözləyirik. "Yetər ki, azərbaycanlı iş adamları Quzey Kıbrısı kəşf etsinlər" - Kıbrısda Azərbaycan iş adamları üçün sərmayə imkanları necədir? - Həm biz, həm də Ana vətən Türkiyə xaricdən Quzey Kıbrısa yönələcək sərmayələrə çox isti baxırıq. Azərbaycanın son illərdə sürətlə inkişaf etməsini qürurla izləyirik. Azərbaycandan iş adamlarının bizlərə müraciət etmələri halında onlara tam dəstək verməyə hazırıq. Azərbaycandan yalnız iş adamlarını deyil, turist və tələbələri də ölkəmizə dəvət edirik. Bu mövzularda addım atacaq təşəbbüskarlar bunu bilsinlər ki, UBP hökuməti bütün imkanları ilə onlara yardım etməyə çalışacaq. Quzey Kıbrıs həm turizm məqsədli gəzintilər, həm də universitə təhsili üçün azərbaycanlı qardaşlarımız üçün kifayət qədər cazibədar imkanlar təklif edə bilən bir ölkədir. 6 universitetimiz var. Bunlara 7-cisi əlavə olunur. Təhsil səviyyələri çox yüksək olan bu universitetlərimizdə ana vətən Türkiyədən və ölkəmizdən bir çox qiymətli elm adamı vəzifə işləyir. Quzey Kıbrısdakı otellər yenidir və xidmət səviyyələri olduqca yüksəkdir. Sahillərimiz Aralıq dənizinin ən təmiz sahilləri arasında göstərilməkdədir. Bu səbəbdən bunu rahatlıqla söyləyə bilərəm ki, əgər azərbaycanlı qardaşlarımız Quzey Kıbrısı kəşf etsələr, buralara gəlsələr, bundan son dərəcə məmnun qalacaqlar. Təəssüf ki, bu günə qədər istənilən nöqtəyə doğru irəliləyiş olmayıb. Amma, inşallah hökumətimiz bu istiqamətdə müsbət addımlar atacaq və münasibətlərimiz inkişaf edəcək. - Sayın Eroğlu, vaxt ayırıb suallarımızı cavablandırdığınız üçün Sizə bütün "Türküstan" oxucuları adından təşəkkürümüzü bildirirəm. - Mən də Sizə təşəkkür edirəm və qəzetiniz vasitəsilə Azərbaycan xalqına salamlarımı çatdırıram. "Türküstan" qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar