SON XƏBƏRLƏR

Əhmədinejad Rəfsəncani və Xatəmini günahlandırır

2021.10.20, 07:36
Əhmədinejad Rəfsəncani və Xatəmini günahlandırır

Gunaz.tv
İran dövlət televiziyası prezidentliyə namizədliyini irəli sürmüş 4 nəfərin təkbətək debatlarını nümayiş etdirir. İyunun 3-də hazırkı prezident Mahmud Əhmədinejad və sabiq baş nazir, azərbaycanlı Mirhüseyn Musəvi televiziya ilə canlı debatda qarşılaşıblar. Əhmədinejad keçmiş prezidentlərin ona qarşı təxribatla məşğul olduğunu deyib: "Bu gün mənə və mənim hökumətimə qarşı təbliğat aparan təkcə Mirhüseyn Musəvi deyil. Nəzarət Şurasının rəhbəri Haşimi Rəfsəncani və keçmiş prezident Məhəmməd Xatəmi də mənə qarşı təbliğat aparırlar". Musəvi Əhmədinejadın casusluqda günahlandırdığı Böyük Britaniya dənizçilərinin təmtəraqlı şəkildə sərbəst buraxılması mərasimində iştirakının, prezidentin İraqda, İtaliyada və Səudiyyə Ərəbistanında oğurlanmaq təhlükəsilə üz-üzə qaldığı ilə bağlı iddialarının ölkənin imicinə xələl gətirdiyini deyib: "Siz 4 ildir ABŞ-ın çökməkdə olduğunu deyirsiniz. Amma ABŞ prezidentinə iki məktub yazır, dörd dəfə də bu ölkəyə səfər edirsiniz. Bu ziddiyyəti necə izah etmək olar?" Debatı davam etdirən Əhmədinejad Haşimi Rəfsəncaninin hökuməti dövründə vəzifə tutanların yeyintilərə yol verdiyini, onun oğlanlarının milyarder olduğunu deyib. Musəvi cavab olaraq İranın hazırkı daxili işlər naziri Sadıq Məhsulinin qısa bir zamanda necə milyarder olduğuyla maraqlanıb. Əhmədinejad cibindən Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rəhnəvərdin də şəkili üstündə olan bir sənədi çıxararaq deyib: "Siz bu xanımı tanıyırsınız. Bu xanım hökumət işində işlədiyi vaxtda giriş imtahanları vermədən universitetə daxil olub və iki ixtisas üzrə doktorluq dərəcəsi alıb. Bax, belə qanunsuzluqlara qarşıyam". Musəvi xanımını müdafiə edərək onun həqiqi bir ziyalı və elm adamı olduğunu və doktorluq dərəcəsini almaq üçün 10 il çalışdığını deyib. O, Əhmədinejadın yaxın adamı olan Əli Kürdanın saxta doktorluq sənədinə toxunub. Əhmədinejadın bunu bilə-bilə Kürdanı niyə himayə etdiyini soruşub. Əhmədinejad isə balə cavab verib: "Haşimi Rəfsəncani hökuməti dövründə çoxları gedib saxta sənəd aldılar. Əli Kürdan da onlardan biridir, nə olsun ki?" Musəvi ölkə ziyalılarının, incəsənət xadimlərinin Əhmədinejadın əlindən təngə gəldiyini deyib, onların fəaliyyətinə, eləcə də yazıçıların əsərlərinin çapına qoyulan qadağaları pisləyib. Qeyd edək ki, iyunun 3-də teledebat başa çatandan sonra Əhmədinejadın tərəfdarları dövlət televiziyasının binası qarşısında, Musəvinin tərəfdarları isə Teoran Universiteti ətrafında və Vənək meydanında toplaşaraq rəqib namizədə qarşı şüarlar səsləndirməyə başlayıblar. Televiziya binasının qabağı qələbəlik olduğundan təhlükəsizlik qüvvələri Əhmədinejadı əsas girişdən yox, başqa qapıdan çıxarmaq məcburiyyətində qalıblar. Polis əhalini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nəticədə polislə vətəndaşlar arasında müəyyən qədər qarşıdurma da yaranıb. Şəhərin başqa yerlərində də Əhmədinejadla Musəvi tərəfdarları arasında bir neçə qarşıdurmanın yarandığı bildirilir. Bu arada İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi iyunun 1-də Tehran yaxınlığındakı İslamşəhər qəsəbəsində seçicilərlə görüşdə maraqlı situasiya ilə üzləşib. O, farsca çıxış edən zaman qəfildən soydaşlarımız bir sıra şüarlar qaldırıblar. "Türkcə rəsmi olsun!", "Azərbaycan oyaqdır, öz dilinə dayaqdır!", "Türk dilində mədrəsə, olmalıdır hər kəsə!" "Azərbaycan yatmayıb, öz oğlunu atmayıb!", "Azərbaycan bir kəlam, Musəvidir, vəssalam!" şüarlarını görən Musəvi bir müddət susub, sonra isə çıxışını Azərbaycan türkcəsində davam etdirmək məcburiyyətində qalıb.Turqut

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar