SON XƏBƏRLƏR

Türkiyəni kimlər qarışdırır?

2021.10.20, 07:36
Türkiyəni kimlər qarışdırır?

Gunaz.tv
Geosiyasi maraqların toqquşduğu məkanlar Son zamanlar Türkiyənin daxilində çaxnaşma halları artıb. İndi ölkənin istənilən yerində qarşıdurmaların olması ehtimalı az deyil. Bir zamanlar daxili sabitliyi ilə seçilən bir ölkədə bu hadisələrin baş verməsi qətiyyən təkcə daxili səbəblərə bağlı deyil. Zaman-zaman Türkiyəni qarışdırmaq planları fəallaşır. Bu aspektdə bir neçə faktor üzərində düşünmək lazım gəlir. Hazırda Türkiyədə baş verənlərə dərindən nəzər salmaq üçün hansı proseslərin getdiyini xatırlamaq gərəkdir. Türkiyə son zamanlar üç istiqamətdə fəallığını artırıb. Birinci istiqamət Yaxın və Orta Şərqdir. İkinci istiqamət Balkanlardır. Üçüncü istiqamət isə Qafqaz və Orta Asiyadır. Hər üç istiqamətdə türk xarici siyasəti xeyli uğurlar əldə edib. Son olaraq Türkiyə prezidentinin Orta Asiya səfəri yadda qaldı. Qırğızıstanda maraqlı müzakirələr olub. Onu deyək ki, indi Orta Asiya ABŞ-Rusiya geosiyasi mübarizəsində əsas faktorlardan birinə çevrilməkdədir. Türkiyə xarici siyasətinin əsas hədəflərindən biri Qafqazdır. Qafqazda sabitliyin yaradılması üçün rəsmi Ankara ciddi addımlar atır. Bu addımlar getdikcə daha güclü təsirlərə malik olur. Həmin prosesdə Türkiyə Azərbaycanla birgə hərəkət edir. Buraya həm də enerji məsələsi də daxildir. ABŞ prezidentinin xüsusi nümayəndəsinin Azərbaycan və Türkiyəyə səfəri bu baxımdan diqqətçəkən idi. Bu hadisələr enerji sahəsində Qafqaz və Yaxın Şərq istiqamətində planlı siyasətin yeridildiyini göstərir. Enerji faktoru hətta Azərbaycan-Gürcüstan formal konfederasiyası ideyasını ortaya gətirib. Bu haqda siyasətçilər danışırlar. Deməli, Türkiyənin Güney Qafqaza nüfuzu fonunda bölgə dövlətləri daha sıx birləşə bilərlər. Təbii ki, sonrakı mərhələdə Ermənistanın da bura qoşulması nəzərdə tutulur. Bu isə Güney Qafqazda bütün ziddiyyətlərin aradan qaldırılması perspektivinin yaranmasından xəbər verir. Ona görə də Güney Qafqaz istiqamətində Türkiyənin fəaliyyəti diqqətləri çox çəkməkdədir. O cümlədən, İranın fəallaşdığı hiss edilir. İran bu məsələyə Türkiyə-İsrail-ABŞ və Azərbaycan-İsrail münasibətləri prizmasında baxır. İsrail prezidentinin Azərbaycana səfəri ətrafında İranın yaratmaq istədiyi durum müşahidəçiləri düşündürür. Onun fonunda Azərbaycanda xarici qüvvələrin bir neçə terror planının neytrallaşdırılması təsadüfi deyil. Burada da qarışıqlıq yaratmaq cəhdləri davam edir. Güney Qafqazda geosiyasi proseslərin bu yön alması hələ uzun müddət bəzilərini narahat edəcək. Ona görə də olduqca diqqətli olmaq lazım gəlir. Türkiyənin daxilində bunların fonunda bəzi təxribatçı qüvvələr fəallaşmaqdadır. Onların sırasında PKK və radikal dini qruplar vardır. PKK Türkiyəni hədələdi, ona qarşı aksiyalar keçirəcəyini bildirdi. Paralel olaraq bəzi radikal dini qruplar da təhdidedici hərəkətlərə başlayıblar. Hiss edilir ki, onları dünyəvi dövlət modelinə qarşı yönəldirlər. İndi həmin qruplar dünyəviliyə qarşı hətta telekanallardan hədələr yaşdırırlar. Onların Türkiyədə vəziyyəti gərginləşdirib, onu dünyəviçilərin üstünə atmaq planının olmadığını demək çətindir. Mümkündür ki, bir neçə bu tip güclər Türkiyəyə qarşı birləşsinlər və müəyyən silsilə ilə təxribatlar həyata keçirsinlər. Terror olaylarının olması ehtimalı getdikcə artır. Burada Türkiyə ordusunun son hərbi təlimdə göstərdiyi peşəkarlığı unutmaq olmaz. İndi də Kiprin yunan tərəfi yeni təxribata əl atır – o, AB ilə Türkiyəni üz-üzə qoymaq istəyir. Onlara Fransa və Almaniyanın yardım etdiyi haqqında məlumatlar var. Bütün bunlar Türkiyənin iri şəhərlərində belə ciddi təxribat hadisələrinin ola bilməsi ehtimalının qaldığını göstərir. Bu ehtimal fonunda baş verən iğtişaşların da məqsədi aydın olur. Türkiyədə vəziyyəti son dərəcə gərgin edib, onu yolundan döndərməyə olan cəhdlər davam edəcək. Lakin Türkiyənin qarşısını ala bilmələri mümkün deyil. Artıq Türkiyə dünya səviyyəsində geosiyasi oyunçu olduğunu sübut etmişdir və o istiqamətdə də işlərini davam etdirəcəkdir. Düşmənlərin planlarının pozulması üçün bütün türk dövlətlərinin koordinasiyalı davranması lazımdır. Bunu hələlik müşhahidə edə bilmirik. Orxan Güneyli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar