SON XƏBƏRLƏR

SƏDRƏDDİN SOLTANIN FİKRİNCƏ, AZƏRBAYCANLI NAMİZƏDİ QEYDƏ ALIBLAR Kİ, AZƏRBAYCANLILARI SƏSVERMƏYƏ GƏTİRƏ BİLSİNLƏR

2021.10.20, 07:36
SƏDRƏDDİN SOLTANIN FİKRİNCƏ, AZƏRBAYCANLI NAMİZƏDİ QEYDƏ ALIBLAR Kİ, AZƏRBAYCANLILARI SƏSVERMƏYƏ GƏTİRƏ BİLSİNLƏR

Gunaz.tv
Sədrəddin Soltan “İran adlanan yerdə seçkidə iştirak edən namizədlərin hamısı bu və ya digər şəkildə hakimiyyətdə təmsil olunmuş, rejimə xidmət etmiş şəxslərdir. Onlardan hər hansı birinin seçilməsi rejimin xeyrinə olacaq”. Siyasi şərhçi Sədrəddin Soltan iyunun 12-də İranda keçiriləcək prezident seçkisi ilə bağlı vəziyyəti “Media forum” saytına dəyərləndirərkən belə deyib. S.Soltanın sözlərinə görə, artıq İranda nüfuz sahibi olan güclərin hansı namizədləri dəstəklədikləri məlumdur: “Haşimi Rəfsəncani Mehdi Kərrubini dəstəklədiyini bəyan edib. Ayətullah Xamneyi bir neçə ay əvvəl Əhmədinejada daha 4 il işləmək üçün hazırlaşmaq lazım gəldiyini deməklə dəstəyini ortaya qoyub. Məhəmməd Xatəmi isə Musəvini dəstəklədiyini bildirib”. Seçki yarışının daha çox hazırkı prezident Mahmud Əhmədinejadla əslən azərbaycanlı olan Mirhüseyn Musəvi arasında gedəcəyini deyən S.Soltan bununla yanaşı qeyd edib ki, İrandakı seçkilərdən danışanda “yarış”, “mübarizə” sözlərini işlətmək o qədər də doğru deyil: “Çünki İranda seçkilər azad və ədalətli keçirilmir. Seçki prosesi hələ namizədlərin qeydiyyatı mərhələsində pozulur. İranda namizədləri 12 nəfərdən ibarət nəzarət şurası qeydiyyata alır və onlar ancaq rejimin istədiyi namizədləri yarışa buraxırlar. Bununla da bəri başdan seçki məsələsinə nöqtə qoyulmuş olur. Hazırda seçkiyə gedən namizədlərin dördü də rejimin istədiyi namizədlərdir. Əhmədinejad prezidentdir, Musəvi baş nazir, Kərrubi parlament sədri, Rzayi isə İnqilab Keşikçiləri Korpusunun baş komandanı olub. Bu adamların hər birinin dövlətin ən ali postlarında ən azı azı 10 illik təcrübəsi var və rejimə xidmət ediblər. Elə indi də seçki kampaniyasına diqqət etsəniz, hamısı inqilab qanunlarına riayət edəcəklərini, rejimi qoruyacaqlarını bəyan edirlər”. S.Soltan prezident seçkisinin taleyini, hər zaman olduğu kimi, yenə İran İnqilab Keşikçiləri Korpusunun həll edəcəyini deyib: “Bu qvardiya kimə “hə” desə, prezident o olacaq. Çünki İranda bütün məsələlərə inqilab keşikçiləri nəzarət edir. Əhmədinejad da məhz bu qvardiyanın adamı olduğu üçün keçən seçkidən qalib çıxdı. İndi də, məncə, Əhmədinejadın şansı daha çoxdur”. Ekspert seçkinin hər hansı bir nəticəsinin İranda azərbaycanlıların durumunu dəyişəcəyinə inanmır: “Rejim, sadəcə olaraq, Musəvinin milliyyətindən istifadə edib, seçkidə azərbaycanlıların aktivliyini artırmağa çalışır. Çünki İranda son 30 ildə hər zaman hakimiyyətin legitimliyi problemi olub. Bunun bir səbəbini əvvəldə dedim – seçkilərin azad və ədalətli keçməməsi. İkinci əsas səbəb odur ki, insanlar səsverməyə getmirlər. İndi azərbaycanlı namizədi qeydə almaqla azərbaycanlıların seçkiyə marağını artırmağa çalışırlar. Və mən inanmıram ki, Musəvinin türkçü şüarları, bəyanatları İranda yaşayan Azərbaycan türklərinin milli-mədəni haqlarının təmin olunmasına gətirib çıxarsın”. İranda ilk dəfə namizədlərin teledebata çıxarılmasını da əhalinin seçkiyə marağını artırmaq məqsədi güddüyünü deyən ekspertin sözlərinə görə, İran qapalı ölkə olsa da, əhalisi siyasi cəhətdən ayıqdır: “Onlar öz problemlərini yaxşı bilirlər. Ona görə də hakimiyyət bu kimi addımlarla insanları seçkiyə cəlb etməyə çalışır, digər tərəfdən də dünyaya İranda özünəməxsus demokratiyanın olduğunu göstərmək istəyir”. S.Soltan İrandakı seçkinin nəticələrindən azərbaycanlıların hüquqlarının təmini baxımından yenilik gözləməsə də, bu ölkənin beynəlxalq münasibətlərində dəyişiklik olacağını proqnozlaşdırır: “İran öz siyasətində dəyişiklik etməyə məcbur olacaq və Qərblə danışıqlara gedəcək. Çünki bütün dünyada proseslər İranın əleyhinə işləyir. Fikir verdinizsə, Şimali Koreya nüvə sınağı keçirdiyini açıqlayandan dərhal sonra diqqət İrana yönəldi. İran isə dərhal bəyanat verdi ki, biz kütləvi qırğın silahı istehsal etmirik. Şimali Koreya ilə atom sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, bu hadisədən dərhal sonra İran Cənubi Koreya ilə qarışıq tipli su-elektrik stansiyasının tikilməsinə dair müqavilə imzaladı. Bununla da İran dünyaya “mən Şimali yox, Cənubi Koreya ilə əməkdaşlıq edirəm” mesajını verməyə çalışır. Mən düşünürəm ki, seçkidən sonra İran Qərblə danışıqlara gedəcək”.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar