KƏRKÜKDƏN GƏLƏN VAR (İraqda fəaliyyət göstərən “Türkməneli” televiziya kanalının baş direktoru Yalman Hacəroğlunun müsahibəsi)
2021.10.20, 07:36
KƏRKÜKDƏN GƏLƏN VAR (İraqda fəaliyyət göstərən “Türkməneli” televiziya kanalının baş direktoru Yalman Hacəroğlunun müsahibəsi) İraqda fəaliyyət göstərən “Türkməneli” televiziya kanalının baş direktoru Yalman Hacəroğlu Azərbaycandadır. Asiya Dialoqu İctimai Birliyinin dəvəti və təşkilatçılığı ilə Bakıya gələn Y.Hacəroğlu “Media forum” saytının suallarını cavablandırıb. “Türkməneli”ni İraqda yaşayan türkmənlər qurub. 2004-cü il iyulun 14-də yayıma başlayıb. “Türksat” və “Nilsat” peykləri ilə yayımlanır. Türk və ərəb dillərində 30-dan artıq proqramı, 100-dən çox əməkdaşı, İraqın müxtəlif şəhərləri və Türkiyədə təmsilçiliyi var. 2008-ci ildən televiziyanın baş direktoru olan Yalman Hacəroğlu indi də “Türkməneli”nin Misirdə və Azərbaycanda təmsilçiliyini açmaq niyyətindədir. - Bu mənim Azərbaycan ilk gəlişimdir. Ancaq elə ilk gündən burada özümü öz ölkəmdəki kimi hiss edirəm. Hər tərəfdə bizim İraqda danışdığımız türkcənin eynisini eşidirəm, eyni adət-ənənələr görürəm. Sanki Kərkükdəyəm. Bakıda televiziyamızın bürosunu açmağı və Azərbaycandakı bəzi kanallarla əməkdaşlıq protokolları imzalamağı düşünürük. Bir neçə ay əvvəl TRT və İraq media şəbəkəsi ilə də əməkdaşlıq qurmuşuq, fəaliyyətimizi genişləndirmək istəyirik. - Hansı kanallarla əməkdaşlıq edəcəksiniz? - Dünən “Xəzər” televiziyasının xəbər müdiri ilə görüşdüm. İctimai Televiziyanın və Milli Teleradio Şurasının rəhbərliyi ilə də görüşmək niyyətimiz var. Büromuzu aça bilsək, çox məmnun olacağıq. İlkin mərhələdə bir müxbir və bir operator üçün iş şəraiti yaratmağı, sonra büronu genişləndirib studiya qurmağı planlaşdırırıq. - Azərbaycandan istəyiniz nədir? - Büro yaratmaq üçün icazə. Başqa istəyimiz yoxdur. - Büronun fəaliyyəti nədən ibarət olacaq? - Bilirsiniz ki, İraq bütün dünyada danışılan ölkədir. Hər kəsin gözü İraqdadır. Büro açsaq, həm İraqla bağlı bir məsələ olduğu zaman operativ məlumatlar ala və ötürə bilərik, həm də Azərbaycandakı gəlişmələri türkmən tamaşaçılara çatdıra bilərik. Azərbaycan türk dünyasının mərkəzində olan ölkədir, Orta Asiyaya da qapıdır. Biz Qafqaz və Orta Asiya üzrə mərkəzimizin Azərbaycan olmasını istəyirik. - Kərkük izləyicisi Azərbaycanın problemlərindən, Qarabağ münaqişəsindən xəbərdardırmı? Açmaq istədiyiniz büronun fəaliyyətində bu mövzuya nə dərəcədə önəm veriləcək? - Harda olur-olsun, türk davası bizim ümumi davamızın bir parçasıdır. Kərkükdə problem nədirsə, Qarabağda da odur. Biz İraqda, Türkməneli bölgəsində Qarabağ məsələsini yaxından izləyirik və tamaşaçılarımıza çatdırmağa çalışırıq. Bundan sonra da belə olacaq. Bizim üçün Qarabağla Kərkükün fərqi yoxdur. - İraq türkmənlərinin vəziyyətini Səddam zamanına və Səddamdan sonraya ayırmaq mümkündürmü, yoxsa dəyişən bir şey yoxdur? - Səddam Hüseynin zülmündən İraqda yaşayan bütün etnik qruplar pay alıblar. Amma bu zülmdən ən çox pay alan türkmən xalqı idi. Bilirsiniz, Kərkük Türkmənelinin mərkəzidir. Bu tarixi həqiqəti ört-basdır etməyə çalışırlar. Səddam dönəmində də bu vardı, indi də belədir. Ondan sonra İraqda bir hökumət məclisi formalaşdırıldı, ölkədəki etnik qruplarla Səddam dönəmindəki müxalif qrupların təmsilçilərini ora daxil etdilər. İraq Türkmən Cəbhəsi də Səddam dönəmində müxalif qruplar içərisində yer alırdı, önəmli mövqeyə sahib idi. Buna baxmayaraq 24 nəfərlik hökumət məclisinə türkmən adına cəmi bir qadın təyin edildi. Amma onun kim olduğunu türkmənlər bilmirdilər. Ona görə də biz onu təmsilçimiz olaraq tanımadıq. Daha sonra Ələvi hökuməti quruldu, yenə türkmənlər gözardı edildi, yalnız bir nazir türkmənlərdən oldu. Daha sonra seçkilər keçirildi, amma nəticələr saxtalaşdırıldı və nəticədə cəmi 3 türkmən millət vəkili parlamentə girə bildi. İndi isə İraq parlamentində 9 türkmən millət vəkili var. Amma bu da yetərli deyil. Türkmənlər İraqda bütün dönəmlərdə gözardı ediliblər, bu siyasət yenə də davam edir. Əsas problemimiz Kərkükdür. Səddam dönəmində bu bölgə ərəbləşdirmə siyasətinə məruz qalırdısa, indi də kürdləşdirmə siyasətinə məruz qalır. İraqın şimalından və xaricdən 500 min kürd yerləşdirilib Kərkükə. Keçmiş ordu qərargahı, stadion, şəxsi mülklər kürdlərin istilasına uğrayıb. Kərkükdə işğal içində işğal var. - Bunu Kərkükdə demoqrafik vəziyyəti dəyişmək üçünmü edirlər? - Bəli. Bir neçə il əvvəl İraqda müvəqqəti konstitusiya qəbul olundu. Həmin konstitusiyanın 53 və 58-ci maddələri Kərkükə xüsusi status verilməsini nəzərdə tuturdu. Amma daimi konstitusiya qəbul olunanda ora 140-cı maddəni əlavə etdilər. Bu maddə 2007-ci ilin sonuna qədər Kərkükdə vəziyyəti normallaşdırmağı nəzərdə tuturdu. Amma məsələ bundadır ki, bu normallaşma 2003-cü ilə qədərki dövrə aid edilirdi. Amma türkmənlər belə yanaşmanın doğru olmadığını, 2003-dən sonrakı dövrü də diqqətə almaq lazım gəldiyini, referendumun yalnız bundan sonra, həm də bütün İraqda keçirilməli olduğunu dedilər. - Söhbət nəyin normallaşdırılmasından gedir? - Şəhərin demoqrafik quruluşunun. 140-cı maddə 2003-cü ilə qədər Kərkükə yerləşdirilən gəlmə ərəblərin çıxarılmasını nəzərdə tutur. Türkmənlər isə deyir ki, 2003-cü ildən sonra yerləşdirilən kürdlər də çıxarılsın. Biz Kərkükdə kürdlərin yaşamasına qarşı deyilik, şəhəri kürdləşdirmək üçün gətirilənlərin əleyhinəyik. Bizim kürd xalqı ilə hər hansı problemimiz yoxdur. Biz orda həm onlarla, həm də ərəblərlə iç-içə, qardaş kimi yaşayırıq. Amma Kərkük siyasi hədəflərə qurban edilməməlidir. - Kərkükdə etnik qrupların say nisbəti necədir, bununla bağlı rəsmi statistika varmı? - Yoxdur. Amma gedin Kərkükün küçələrində gəzin, qarşınıza çıxan hər hansı vətəndaşdan məhəllələrin adlarını soruşun, o torpaqların hansı millətə aid olduğunu biləcəksiniz. Bizdə ərəb də, kürd də türkməncə danışır. - Nə üçün referendumun bütün İraqda keçirilməsini istəyirsiniz? - Çünki referendum sadəcə Kərkükdə keçirilərsə, nəticəsi pis olar. 500 min kürd məhz bu məqsədlə oraya yerləşdirilib. O səbəbdən biz referendumu rədd edirik və hesab edirik ki, keçirilsə belə, bütün İraqı əhatə etməlidir. - O zaman nəticə fərqlimi olacaq? - Əlbəttə. Biz deyirik ki, Kərkük İraq şəhəridir və xüsusi statusla İraqın mərkəzi hökumətinə bağlı olmalıdır. İraqın bir çox vətəndaşı da belə düşünür. Kimsə Kərkükün ayrı bölgəyə tabe etdirilməsini istəmir. - Sizin tələbiniz məlumdur. Kürdlərin istəyi də məlumdur – onlar Kərkükün “Kürdüstan” bölgəsinin tərkibində olmasını istəyirlər. Bəs İraqın mərkəzi hökumətinin mövqeyi necədir? - Mərkəzi hökumətin mövqeyini baş nazir Nuri əl-Maliki bugünlərdə ifadə edib. O deyib ki, konstitusiyaya dəyişikliklər edilməli və Kərkükə xüsusi status verilməlidir. Söhbət mərkəzə bağlı statusdan gedir. Hökumətin mövqeyi budur. - O zaman niyə reallaşdırılmır bu mövqe? - İraq hökumətində prezidentin, baş nazirin müavininin, ordu rəhbərinin kim olduğunu bilirsiniz. Hökumət təzyiq altında ola bilər... - Demək istəyirsiniz ki, hökumətdə Kərkükün statusu ilə bağlı fikir ayrılığı var? - Bəli. - Bəs Vaşinqtonun mövqeyi necədir? - Məncə, ABŞ hökuməti durumu anlamağa başlayıb. Mən İraq, ABŞ və Türkiyə yetkililərindən bu mövzuda müsahibələr almışam. Amerikalılar hesab eləyirlər ki, Kərkük partlamağa hazırlaşan bombadır. Maliki isə deyir ki, bu bombanın partlamaması üçün Kərkükə xüsusi status verilməlidir. - Bir ara Türkiyə hökumətinin Kərkükün hüquqlarını lazımınca qorumadığı, beynəlxalq platformada türkmənləri layiqincə müdafiə etmədiyi iddia edildi. Siz bu iddiaları bölüşürsünüzmü? - Türkiyə bu bölgədə çox önəmli mövqeyi olan bir dövlətdir, Orta Şərqin açarıdır. İraqın harasında bir partlayış olsa, etnik kökəninə fərq qoymadan burdakı zərərçəkənləri aparır və müalicə edir. Türkiyə İraq ordusunun tədris-təlimi üçün də öz qapılarını açıb. Türkiyədən başqa bütün qonşu ölkələr İraqa terrorçu güclər göndərir. Yalnız Türkiyə İraqın ərazi bütövlüyünü, sabitliyini səmimi şəkildə dəstəkləyir və bunun üçün əlindən gələni edir. Amma təbii ki, türkmənlərə daha fərqli yanaşır və daha özəl ilgi göstərir. Çünki arada kök, dil, tarix bağı var, eyni millətik. Bu baxımdan Türkiyənin türkmənlərə baxışında problem yoxdur. - İraq savaşından türkmənlər nə qədər zərər çəkdi? - Türkmənlər heç bir zaman İraqdakı hökumətlərə qarşı silah qaldırmayıb, hər zaman İraqın ərazi bütövlüyünün müdafiəsində durub. İran-İraq savaşında da türkmənlər şəhid verdi. Bu gün də İraqda partlamaların çoxu türkmən bölgələrində olur. Kərkükdən başqa Tuzhurmatuda, Təlafərdə, Amirlidə dəfələrlə partlayışlar törədilib – bunlar hamısı türkmən bölgələridir. Türkmən bölgəsində bir qətliam yaşanır. Kərkükdə məhz türkmənlərin sıx yaşadığı səmtlər hədəfə alınır. - Hədəfə alan kimlərdir? - Bunu İraq hökuməti belə hələ müəyyənləşdirməyib. Çünki ən müxtəlif istiqamətli hücumlar var. Türkmənlərə qarşı soyqırım yaşanır. - O zaman problemə başqa yöndən yanaşaq. İraqda sabitliyin bərpa olunmamasının əsas səbəbkarı kimdir? - 15-20 il əvvəl İraq xarici işlər naziri vəzifəsini tutmuş Admam əl-Paçaçi ilə görüşmüşəm. Deyir ki, İran İraqın daxili işlərinə çox müdaxilə edir və bütün zamanlarda İraqa terrorçu göndərib. İraq hökumətinin bəzi təmsilçiləri isə Suriyanı da ittiham edirlər. Yəni qonşu dövlətlərin bir çoxu İraqda sabitliyin təmin olunmasında maraqlı deyillər. İraqda sabitliyin olmasını arzulayan yeganə ölkə Türkiyədir. - Amma İraq da bunun qarşılığında PKK-ya öz sərhədləri daxilində sığınacaq verir... - Təəssüf ki. İraq prezidenti Cəlal Tələbani son zamanlarda PKK-nın terror təşkilat olduğunu dilə gətirməyə başlayıb. ABŞ da PKK-nı ortaq düşmən elan edib və hər il də öz terror siyahısına daxil edir. Amma nə yazıq ki, indiyə qədər PKK İraqın şimalında qalır. - İraq türkmənlərinə yönələn terror aktlarına əl atırmı PKK? - PKK yalnız İraq türkmənləri üçün deyil, İraq üçün təhlükədir. İraq əraziləri niyə bir terror qrupunun sığınacağı olmalıdır? Türkmənlər üçünsə PKK ikiqat təhdiddir. Kərkükdə, İraqın şimalında PKK-nın qaçırdığı insanların çoxu türkmənlər olur. İnsanları qaçırıb, əvəzində pul istəyirlər, öldürürlər, hücum edirlər. - Siz burada bizə söylədiklərinizi İraqda televiziyadan deyə bilirsinizmi? Mətbuat azadlığı hansı səviyyədədir? - “Türkməneli” televiziyası bu gün türkmən xalqının uğradığı haqsızlığı bütün dünyaya çatdırır. Televiziyamız 3-4 dəfə hücuma məruz qalıb. Amma buna baxmayaraq səsimizi çatdıra, istədiyimizi deyə də bilirik. İraqda bu baxımdan mətbuat azadlığı var. - Televiziyaya hücumlar hansı şəkildə olur? - Silahlı hücumlar edirlər. - Bəs bu hücumları edənlərin kimliyi məlum olmur? - Kərkükdə saat 11-dən sonra küçəyə çıxma yasağı var. Bizim televiziyaya gecə saat 11-12-də hücum edirlər. O saatda küçədə ancaq milislər olur. - Yəni onlarmı hücum edir? - Başqa kim ola bilər? Orada kimin milis gücləri var? Kürdlərin və ərəblərin. 11-dən sonra küçədə yalnız onlar olduğuna görə, demək, hücumu edən də onlardır. Kərkükdə hər kəsin milis gücü var, yalnız türkmənlərin yoxdur. - Bəs türkmənlər özlərini necə müdafiə edirlər? - Türkmənlər demokratiyaya inanan millətdir. Biz silahlı güc tərəfdarı deyilik. Biz heç bir zaman silaha sarılmadıq. Müdafiəni də İraq hökumətindən gözləyirik. - İraq türkmənlərinin problemlərini sıraladığımız zaman birinci yerə Kərkük, ikinci yerə təhlükəsizlik məsələsi çıxır. Digər problemləriniz nədir? - Bəli, bizim əsas problemimiz Kərkükdür. Bu, bizim üçün hər şeydən önəmlidir. Allah qorusun, Kərkük bölünərsə, bu, İraqın bölünməsi deməkdir. Kərkük bütün İraq üçün önəmlidir. Təhlükəsizlik bütün İraq vətəndaşlarının problemidir. Türkmənlərin əsas problemi isə gözardı edilmələridir. İraqda ən savadlı, ən təhsilli millət türkmənlərdir. Bu, hər zaman belə olub. Türkmənlərin çoxu təhsillidir. Amma onların dövlət işlərinə cəlb olunması baxımından ciddi problemlər var. Ən müxtəlif bəhanələrlə türkmənlərin idarəçilikdə təmsil olunmasına problemlər yaradırlar. Səddam zamanı birini dövlət işinə almaq üçün sənədində ərəb yazılmalıydı, indi də kürd yazılmalıdır. - İş üçün milliyyətini dəyişən türkmənlər çoxdurmu? - Çox azdır. Türkmənlər Səddamın sərt siyasətinə rəğmən dillərini, adət-ənənələrini mühafizə etdilər. 2003-cü ildən sonra da kürdlər saxta formalar dağıdırlar, guya əhali sayırlar və o formalara insanların milliyətini dəyişdirərək yazmağa çalışırlar. Amma türkmənlər hər zaman bu siyasətə qarşı olublar. Səddam dönəmində də, indi də bu zülmə qarşı dirənən tək millət türkmənlərdir. ALYA, Könül ŞAMİLQIZI