SON XƏBƏRLƏR

İranda təhlükəli vəziyyət

2021.10.20, 07:36
 İranda təhlükəli vəziyyət

Gunaz.tv
Hələ bir neçə ay əvvəl İran rəsmiləri bildirmişdilər ki, bir neçə partlayış törətmə planlarını aşkarlayaraq və bu planların baş tutmasını əngəlləyiblər. İLNA agentliyi Milli Təhlükəsizlik və İnformasiya nazirliyinə istinadən bildirmişdi ki, bir terror qrupu İrandakı prezident seçkiləri zamanı Tehranda və digər böyük şəhərlərdə partlayışlar törədərək “seçkilərin sağlam şəraitdə” keçirilməsini əngəlləməyə çalışır. Lakin onların planları baş tutmadı. Nazirlik onları “aldanmış İran vətəndaşı” kimi qiymətləndirərək əlavə etmişdi ki, bu qrup sionistlərlə bağlıdır. Dünən isə İran polis qüvvələrinin yüksək rütbəli bir məmuru bildirib ki, İyunun 2-də Nüsrətabaddan Bəm şəhərinə gedən yolda naməlum silahlılar iki yük maşınına hücum edərək maşına atəş açıblar. Bu hadisə nəticəsində bir nəfər olüb, 2 nəfər isə yaralanıb. İran polis qüvvələrinin başqanı General Əhməd Radan İRNA-ya verdiyi məlumatda bildirib ki, bu məntəqədə silahlı qruplarla atışma və bu qüvvələri təqib etmə əməliyyatları davam edir. Polis rəsmisi yük maşınlarına hücum edənləri qaçaqçı adlandırsa da maşınlarda nə daşındığı və ya hansı orqana aid olduğu haqda məlumat verməyib. Digər tərəfdən İran məhkəmə sisteminin sözcüsu Əlirza Cəmşidi də bildirib ki, Təbrizdə və Zahidanda baş verən hadisələrlə bağlı 30 nəfər həbs olunub. Onun sözlərinə görə, Zahidanda Əli ibni Əbutalib məscidində baş vermiş partlayışdan sonrakı hadisələrdə ölən və yaralananların dəqiq sayı elan olunacaq. Bu o deməkdir ki, indiyə qədər hələ dəqiq sayı da bildirilməyibmiş. Cəmşidinin sözlərinə görə, Təbrizdəki iğtişaşlarda da 11 nəfər həbs olunub. Onun sözlərinə görə bunlardan 4 nəfəri “nizamın əleyhinə fəaliyyətdə”, 6 nəfəri isə eyni ittihamla yanaşı milli təhlükəsizliyə qarşı qruplaşmada eləcə də, partlayıcı və silah saxlamaqda ittiham olunur. Təbrizdə həbs olunanlardan 1 nəfəri isə silah və partlayıcı maddələrin tədarükündə ittiham olunur. Digər xəbərə görə Əhvazdan Tehrana uçan təyyarədə partlayıcı maddə tapıldığı üçün təyyarə təcili olaraq yerə endirilib. Bu partlayıcı maddəni təyyarəyə daşıyan həbs olunub. Açıqlamaya görə terror təhlükəsi Sipah qüvvələrinin vaxtında müdaxiləsi nəticəsində itki vermədən aradan qaldırılıb. Şübhəsiz ki bu hadisələrin seçkilərdən öncə baş verməsi xüsusi diqqət çəkir. Hansısa bir qüvvə tərəfindən hadisələrin idarə olunması da mütlıəq mənada istisna deyil. Amma ümumilikdə, baş verənləri, sadəcə İranda seçkilərlə bağlamaq tam düzgün deyil. Bunlar əsasən əvvəlki problemlərin davamı olaraq cəmiyyətin narazı təbəqələrinin etiraz formalarıdır, yalnız İranın müxtəlif ərazilərində və xalqların əhval-ruhiyyəsinə uyğun olaraq fərqli şəkillərdə baş verir. Bu arada qeyd etməliyik ki, bu hadisələr əsasən qeyri-Farslar yaşayan xalqların vilayətlərində baş verir və hamısi etnik zəmində olan mübarizələrin tərkib hissəsidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar