SON XƏBƏRLƏR

Ermənistan-İran dəmiryolu layihəsinə Rusiya da qoşulur

2021.10.20, 07:36
Ermənistan-İran dəmiryolu layihəsinə Rusiya da qoşulur

Gunaz.tv
Rusiya da Ermənistan-İran dəmir yolunun inşası layihəsində iştirak etmək niyyətindədir. Lent.az-ın məlumatına görə, bu barədə İranın Ermənistandakı səfiri Seyid Əli Sahayan ötən gün “Armenpress” agentliyinə açıqlamasında bildirib. Dəmiryolunun strateji əhəmiyyətindən savayı, həm də bütün bölgə üçün əhəmiyyətli olduğunu söyləyən İran səfiri dəmir yolunun inşası nəticəsində iki ölkə arasında ticarət dövriyyəsinin artacağını vurğulayıb. Səfir 470 km uzunluğunda olan bu dəmir yolun inşaatı üçün 2 milyard dollar vəsaitə ehtiyac olduğunu qeyd edib. Layihəyə görə, 470 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Sözügedən xətt Ermənistan-İran sərhədindən İran Culfasınadək çəkiləcək və orada İranın ümumi dəmir yolu şəbəkəsinə qoşulacaq. Qeyd edək ki, dəmir yolunun Mehri-Qafan-Gorus-Cermuk-Martuni-Kamo-Qaqarin marşrutu üzrə, Göyçə gölünün cənubundan keçməklə çəkiləcəyi gözlənilir. Xatırladaq ki, Bakı-Tiflis-Qars dəmir yolu bağlantısı üzrə işlər aktivləşdikcə Tehran və İrəvan rəsmiləri İran Culfasında başlayıb Ermənistanın Qaqarin qəsəbəsində qurtaran, mütəxəssislərin “dalan” adlandırdıqları dəmir yolunu daha çox tərifləməkdə davam edirlər. Yalnız İran və Ermənistan ərazisi ilə məhdudlaşan bu dəmir yolun Ermənistanın “blokadadan” çıxarılması istiqamətində böyük addım olduğunu deyən Ermənistan rəsmiləri layihənin regionda həyata keçirilən Bakı-Tiflis-Qars dəmir yolu bağlantısına alternativ olduğunu belə söyləyirlər. Azərbaycan Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov Lent.az-a açıqlamasında Ermənistan-İran dəmir yolu layihəsinin reallaşmasını qeyri-mümkün sayır. S.Məmmədovun sözlərinə görə, Qafanla İran ərazisi arasında 2 km-ə yaxın hündürlük fərqi var. Bu fərqi aradan qaldırmaq və dəmir yolu yaratmaq üçünsə, Ermənistan ərazisində ən azı bir neçə yüz kilometr uzunluğunda tunel qazmaq lazımdır: “Bu hündürlük fərqi dəmir yolunun inşasına əsas maneədir, bunu İran və Ermənistan tərəfi yaxşı bilir. İran Qacarana qədər dəmir yolunun çəkilişinə maraqlıdır. Yəni Ermənistanın ən böyük mis mədənlərinədək. Qatarı hündürlüyə liftlə çıxarmaq mümkün deyil ki...” Ermənistan-İran dəmir yolunu səmərəsiz layihə və “ermənilərin uğursuz cəhdi” kimi qiymətləndirən S.Məmmədov hesab edir ki, Rusiyanın da bu layihəyə cəlbi istənilən effekti verməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar