SON XƏBƏRLƏR

Bakıdan Tehrana xəbərdarlıq

2021.10.20, 07:36
Bakıdan Tehrana xəbərdarlıq

Gunaz.tv
"Alov"da kəşfiyyat işləri aparılmamalıdır... "Bakı və Tehran arasında Xəzər dənizinin sərhədlərinin delimitasiyası məsələsi həll olunmayınca dənizin cənub hissəsində "Araz"-"Alov"-"Şərq" neft strukturlarında geoloji kəşfiyyat işlərinin aparılmaması barədə razılıq var". Bu barədə dünən keçirdiyi mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, bu razılaşmalar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və İranın ali dini lideri Seyid Əli Əkbər Xamneyi arasında əldə olunub. Xəbər verdiyimiz kimi, İran KİV-ləri ölkə rəsmilərinə istinadən İslam Respublikasının "Alov" strukturunda geoloji kəşfiyyat işlərinə başlayacağı haqda məlumat yayıb. "Tehran Times"ın xəbərinə görə, İranın neft sənayesi naziri Qulam Hüseyn Nozari bildirib ki, bu məqsədlə "Alborz" (İran "Alov"u belə adlandırır- red.) yatağında qazma qurğusunun tikiləcək. Yatağın mübahisəli olması ilə bağlı məsələyə gəlincə, nazir Xəzər dənizinin hüquqi rejiminin nəzərə alındığını və burada heç bir problemin olmadığını qeyd edib. Nazir onu da bildirib ki, hazırda iki İran şirkəti layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır. Bəzi məlumatlara görəsə, artıq İran ötən aydan yataqda qazma hazırlıqlarına başlayıb. Məmmədyarov mətbuat konfransında bununla bağlı bildirib ki, Azərbaycan tərəfi məsələni öyrənir və xarici işlər nazirinin müavini Xələf Xələfova müvafiq tapşırıq verilib. Azərbaycanın xarici siyasət idarəsinin başçısı, eyni zamanda, dənizin dibinin delimitasiyası məsələsinin tez bir zamanda həllinin tərəfdarı olduğunu bildirib. Çünki bu, adı çəkilən strukturlarda işləmək imkanı yaradacaq. " İran mübahisəli "Alov" yatağında deyil, Xəzərin digər cənub ərazilərində kəşfiyyat-qazma işləri aparmaq niyyətindədir". Bu sözləri isə İranın mübahisəli "Alov" yatağında kəşfiyyat işlərinə başlayacağı barədə yayılan xəbərlərə münasibətini açıqlayan ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu həll olunmayınca Azərbaycan və İran mübahisəli "Araz", "Alov", "Şərq" strukturlarında kəşfiyyat işləri aparmayacaqları barədə öhdəlik götürüb: "İran "Alov"da deyil, Xəzərin digər ərazilərində geoloji kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bununla bağlı Azərbaycan və İran arasında heç bir problem yoxdur". Xatırladaq ki, 2001-ci ilin iyulunda İran hərbi gəmiləri hədə-qorxu yolu ilə BP tərəfindən icarəyə götürülmüş "Kaspian geofizikl" tədqiqat gəmisini göstərilən strukturlarda axtarış-kəşfiyyat işlərini dayandırmağa məcbur ediblər. Bundan sonra ARDNŞ və xarici şirkətlər konsorsiumu arasında olan müqavilə çərçivəsində bu strukturlarda aparılan işlər dayandırılıb. "Alov" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərqə doğru təxminən 120 kilometrlik məsafədə yerləşir. "Alov", "Araz", "Şərq" perspektiv yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan hökuməti ilə 1998-ci ildə imzalanıb. Sazişin iştirakçıları: SOCAR 40.00% "Statoil" (Norveç) 15%, BP (Böyük Britaniya) 15%, "ExonMobil" (ABŞ) 15%, TPAO (Türkiyə) 10%, "Alberta Energy" (Kanada) 5% paya malikdir. BP şirkəti layihənin operatorudur. Bəkir Nərimanoğlu Elvin Mirzə /EXPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar