SON XƏBƏRLƏR

Kamran Əsədov şeyxülislamı təhqir etdi

2021.10.20, 07:36
Kamran Əsədov şeyxülislamı təhqir etdi

Gunaz.tv
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədov və daha 19 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyiblər. Təqsirləndirilənlər Edqar Əliyev və Vüqar Əliyev son sözləri olmadıqlarını bildiriblər. İttiham olunan İlkin İsmayılov isə iş üzrə özünü təqsirli bilməyib. O deyib ki, ittiham olunduğu məqamlar üzrə günahı məhkəmədə sübuta yetirilməyib. İ. İsmayılov müsəlman olması ilə fəxr etdiyini də qeyd edib: “Quran doğru yola yönəldən Allahın kitabıdır. Mənim üçün başqa qanun yoxdur. Bütün bunlar isə teatrdır. Mən Allaha ibadət yolundan dönməyəcəyəm. Hər iki ildən bir belə tamaşalar quracaq, məni də bu məsələyə cəlb edəcəksinizsə, indidən ya ömürlük verin, ya da güllələnmə qərarı çıxarın, məsələ bitsin. Kimin terrorçu olduğunu Amerika da yaxşı bilir. İnanın ki, məni heç ABŞ-da bu şəkildə ittiham etməzdilər. Hətta həbsxanadan azad edərdilər”. İ. İsmayılov üzünü məhkəmə sədrinə tutaraq ədalətli hökm çıxarılmasını da istəyib. Təqsirləndirilən Kamran Əsədov isə əməlindən peşman olmadığını diqqətə çatdırıb: “Cihad etdiyim həmin iki həftəni ömrümün ən gözəl anları hesab edirəm”. K. Əsədov sön sözündə Azərbaycanın bəzi din xadimlərinin - Allahşükür Paşazadə, Vasim Məmmədəliyev və Rafiq Əliyevin ünvanına kəskin ifadələr işlədib: “Sübut edərəm ki, onların üçü də kafirdir”. İttiham olunanlar Kamran Babayev və Fərid Cabbarov da ittihamla razılaşmadıqlarını deyiblər. K. Babayev əqidəsinə görə saxlandığını deyib: “Bizi ABŞ-ı razı salmaq üçün tutublar. O, məhkəmədən ədalətli qərar gözləmədiyini də qeyd edib. Proses günün ikinci yarısında digər təqsirləndirilənlərin son sözü ilə davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehrəliyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yaşar Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Məhərrəmov, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar