SON XƏBƏRLƏR

MAHMUD ƏHMƏDİNEJADLA MİRHÜSEYN MUSƏVİNİN TELEDEBATI QIZĞIN KEÇİB

2021.10.20, 07:36
MAHMUD ƏHMƏDİNEJADLA MİRHÜSEYN MUSƏVİNİN TELEDEBATI QIZĞIN KEÇİB

Gunaz.tv
İyunun 3-də İran Dövlət Televiziyasında prezidentliyə namizədlər – indiki prezident Mahmud Əhmədinejadla azərbaycanlı iddiaçı Mirhüseyn Musəvi arasında debat keçirilib. ilk söz alan Əhmədinejad keçmiş hökumət başçılarının ona qarşı təxribatla məşğul olduğunu deyib: “Bu gün mənə və mənim hökumətimə qarşı mənfi təbliğat aparan təkcə cənab Mirhüseyn Musəvi deyil. Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri Haşimi Rəfsəncani və keçmiş prezident Məhəmməd Xatəmi də mənə qarşı təbliğat aparmaqla məşğuldurlar. Misal üçün, mən prezident seçildikdən sonra cənab Rəfsəncani Səudiyyə Ərəbistanı kralına məktubunda hökumətimin 6 ay içində süquta uğrayacağını vəd etmişdi”. Musəvi cavabında Əhmədinejad hökumətini macəraçılıq, səbatsızlıq, şüarçılıq, xülyaçılıq, mövhumatçılıq, qanuna zidd hərəkətdə, hökumətin bir sıra tədbir və qərarlarını xalqdan gizlətməkdə, istibdad, bayağılıq və ifratçılıqda günahlandırıb. O, Əhmədinejadın bir müddət əvvəl casusluqda günahlandırdığı Böyük Britaniya dənizçilərinin təmtəraqlı şəkildə sərbəst buraxılması mərasimində iştirakının, prezidentin İraqda, İtaliyada və Səudiyyə Ərəbistanında oğurlanmaq təhlükəsi ilə üz-üzə qaldığı ilə bağlı iddialarının ölkənin imicinə xələl gətirdiyini deyib. Musəvi deyib: “Öz təsəvvür və xülyalarımızı ölkənin milli maraqları ilə əlaqədar olan xarici siyasətə qatmağımız düzgündürmü? Siz 4 ildir ABŞ-ın çökməkdə olduğunu deyirsiniz. Lakin bu iddianı etdiyiniz halda ABŞ prezidentinə iki məktub yazır, dörd dəfə də bu ölkəyə səfər edirsiniz. Bu ziddiyyəti necə izah etmək olar?” Debatı davam etdirən Əhmədinejad Haşimi Rəfsəncani hökuməti dövründə vəzifə tutanların yeyintilərə yol verdiyini, onun oğlanlarının şəraitdən yararlanaraq milyarder olduğunu, bir sıra rəsmilərin dövlət əmlakını mənimsədiyini deyib. Musəvi cavab olaraq İranın hazırkı daxili işlər naziri Sadıq Məhsulinin qısa bir zamanda necə milyarder olduğu ilə maraqlanıb. Əhmədinejad cibindən Mirhüseyn Musəvinin xanımı Zəhra Rəhnəvərdin də şəkili üstündə olan bir sənədi çıxararaq deyib: “Siz bu xanımı tanıyırsınız. Bu xanım hökumət işində işlədiyi vaxtda giriş imtahanları vermədən universitetə daxil olub və iki ixtisas üzrə doktorluq dərəcəsi alıb. Bax, belə qanunsuzluqlara qarşıyam”. Musəvi xanımını müdafiə edərək onun həqiqi bir ziyalı və elm adamı olduğunu və doktorluq dərəcəsini almaq üçün 10 il çalışdığını deyib. O həmçinin Əhmədinejadın yaxın adamı olan Əli Kürdanın saxta doktorluq sənədinə toxunub. Əhmədinejadın bunu bilə-bilə Kürdanı niyə himayə etdiyini soruşub. Əhmədinejad deyib: “Cənab Haşimi Rəfsəncani hökuməti dövründə çoxları gedib saxta sənəd aldılar. Əli Kürdan da onlardan biridir, nə olsun ki?” Musəvini ölkə ziyalılarının, incəsənət xadimlərinin Əhmədinejadın əlindən təngə gəldiyini deyib, onların fəaliyyətinə, eləcə də yazıçıların əsərlərinin çapına qoyulan qadağaları pisləyib.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar