SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏDLİYİ RƏDD EDİLMİŞ AZƏRBAYCANLI İRANIN DİNİ RƏHBƏRİNI XALQA ZÜLMDƏ GÜNAHLANDIRIB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏDLİYİ RƏDD EDİLMİŞ AZƏRBAYCANLI İRANIN DİNİ RƏHBƏRİNI XALQA ZÜLMDƏ GÜNAHLANDIRIB

Gunaz.tv
Əkbər Ələmi İran prezidentliyinə səlahiyyəti dini rəhbərin birbaşa nəzarəti altında fəaliyyət göstərən Konstitusiyaya Nəzarət Şurasında rədd edilmiş keçmiş deputat, azərbaycanlı Əkbər Ələmi ayətullah Əli Xamneyiyə açıq məktub yazaraq onu və onun tabeliyində olan bu qurumu kəskin tənqid edib. “Media forum” saytının məlumatına görə, sözlərinə “Bir Allah bəndəsinin Allahın digər bəndəsi sayılan möhtərəm rəhbərə açıq məktubu” ifadələriylə başlayan Əkbər Ələmi islam rəvayətlərindən misal gətirərək şiələrin birinci imamı Həzrət Əlinin öz ətrafındakı insanlarla necə davrandığına diqqət çəkib: “Nəzərə alsaq ki, nə siz məsum və Həzrət Əlidən üstünsünüz, nə də mən o bədəvi yəhudi və ərəblərdən aşağıyam, hər ikimiz Allah bəndəsi və torpaqdanıq, gec-tez torpağa da qovuşacağıq, bu şəfqətli məktubu sizə yazmaqla haqq sahibi olan bir vətəndaş kimi öz şikayət və giley-güzarımı paylaşmaq istədim”. Vətəndaşların konstitusiyadakı hüquqlarına toxunan Ə.Ələmi rəhbərin səlahiyyətlərinin hüduduna da aydınlıq gətirib: “Sizin mütləqiyyətə söykənən səlahiyyətləriniz və sizin əmrinizdə olan digər hökumət strukturlarının hərəkətləri yalnız xalqın inkarolunmaz hüquq və azadlığına riayət ediləndə etibarlı sayılır. Elə buna görə də heç kəs xalqın konstitusiyada qeyd olunmuş öz tale və müqəddəratını təyin etmək hüququnu əlindən alıb müəyyən şəxs və ya qrupun mənafeyinə qurban edə bilməz”. Konstitusiyaya Nəzarət Şurasının fəaliyyətini tənqid edən Ə.Ələmi yazıb: “Bu xalqın taleyi sınanmışların yenidən sınanması və o qədər də parlaq keçmişi olmayan 12 nəfərin əyləşib 70 milyonluq bir xalqın seçiminə məhdudiyyət qoyulmasının şahidi olmaqdırsa, onda bu xalqın halına ağlamaq lazımdır”. Ələmi deputat olduğu vaxtda yalnız xalqın dilindən danışdığı üçün Konstitusiyaya Nəzarət Şurasının qəzəbinə məruz qaldığını vurğulayıb: “Mənim yeganə günahım odur ki, İran parlamentində 8 il deputat olduğum vaxt həmişə müxtəlif güc mərkəzlərinə boyun əymədən yalnız xalqın dilindən danışmışam, onların istək və arzularını dilə gətirmişəm. Əmin olun ki, mən bundan sonra da heç vaxt doymaq bilməyən güc mərkəzləri qarşısında baş əyməyəcəm”. Ələmi dini rəhbərə yazdığı məktubda onu islam müqəddəsləri ilə də müqayisə edib: “Əgər sizin xətrinizə dəymirəmsə, acı bir həqiqətə də toxunmalıyam. Sizinlə islamın yeni yayılmağa başladığı dövrdəki müqəddəslər arasında olan ən mühüm fərq odur ki, onlar və onların tərəfdarları nəinki heç vaxt ədaləti məsləhətə qurban vermədilər, hətta özlərini də ədalət yoluna qurban etdilər. Halbuki üzvlərini sizin təyin etdiyiniz bu qurum açıq-aşkar ayrı-seçkilik edir, müəyyən bir qrupun mənafeyini qorumaq üçün həmişə ədaləti məsləhətə qurban verir”. Ələmi məktubunun sonunda konstitusiyadan yayınma hallarına yol verilməsində dini rəhbərin bilavasitə məsuliyyət daşığını da bildirib: “Möhtərəm rəhbər, cənab Xamneyi! Siz mütləq güc və səlahiyyətə əsaslanan vilayəti-fəqih kürsüsünə əyləşən bir şəxs kimi Konstitusiyaya Nəzarət Şurasının ana yasadakı müddəalardan yayınmasında və bu qurumun inqilabın əvvəlki ideyalarına arxa çevirməsində, xalqa zülm etməsində məsuliyyət daşıyırsınız. Bu isə konstitusiyada rəhbərin xüsusiyyət və şəraiti barədəki maddələrlə ziddiyyət təşkil edir”. Əkbər Ələminin iqtisadiyyat, beynəlxalq iqtisadi əlaqələr və hüquq ixtisasları üzrə ali təhsili var. Siyasətə 1979-cu il islam inqilabından əvvəl qoşulub. İnqilabdan sonra İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») Tehran bölməsində mədəniyyət və siyasət işləri üzrə məsul olub. Tehran aeroportunun mühafizə xidmətinə başçılıq edib. 33 ay hökumət tərəfdarı olan könüllülər dəstəsinin - "Bəsic"in üzvü kimi İran-İraq müharibəsində vuruşub. Cəbhədə bir neçə dəfə yaralanıb. Daxili İşlər Nazirliyinin bir neçə idarəsində rəis müavini olub. 8 il jurnalist kimi fəaliyyət göstərib. İki dəfə İran parlamentinin deputatı seçilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar