SON XƏBƏRLƏR

XİN İranın "Alov" yatağında kəşfiyyata başlamasını araşdırır

2021.10.20, 07:36
XİN İranın "Alov" yatağında kəşfiyyata başlamasını araşdırır

Gunaz.tv
Elmar Məmmədyarov, İranla delimitasiya məsələsi bitməyənə qədər burada iş aparmamaq barədə razılıq əldə edildiyini bildirib "Xarici İşlər Nazirliyi İran tərəfinin "Alov" yatağında kəşfiyyata başlaması barədə məsələni araşdırır". ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. Nazir bu barədə ilk məlumatın ingilis dilində nəşr edilən "Tehran Times" qəzetində olduğunu bildirib və vaxtı ilə Heydər Əliyev və İranın ali dini lideri Xomeyni arasında Xəzərin delimitasiya məsələləri başa çatmayana qədər adıçəkilən ərazidə iş aparmamaq barədə razılıq əldə edildiyini xatırladıb: "Xəzər dənizinin delimitasiyasını nə qədər tez bitirsək, orada işlərin aparılması üçün geniş imkanlar açıla bilər". Qeyd edək ki, adıçəkilən qəzet İranın neft nazirinin müavini Qulam Hüseyn Nozariyə istinadən yatağın mübahisəli olmasının işlərə problem yaratmayacağını yazıb. Onun sözlərinə görə, yataqda işlərə başlamazdan əvvəl Xəzər dənizinin hüquqi rejimi nəzərə alınıb. Məsələyə münasibət bildirən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev İran tərəfinin kəşfiyyat işlərini müəyyənləşdirilmiş sərhədlər çərçivəsində aparacağını bildirib. İranın "Alborz" adlandırdığı "Alov" yatağı Xəzər dənizində Bakıdan cənub-şərqə doğru təxminən 120 kilometrlik məsafədə yerləşir. "Alov", "Araz", "Şərq" perspektiv yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü sazişi Azərbaycan hökuməti ilə 1998-ci ilin iyulunda imzalanıb. Layihənin texniki qiymətləndirmə işləri isə 2002-ci ildə həyata keçirilib. Amma ilk quyunun qazılması İran ilə Azərbaycan arasında bu ərazidə sektor sərhədlərinə dair danışıqlar başa çatana qədər dondurulub. BP şirkətinin operator olduğu bu layihədə Dövlət Neft Şirkəti 40 faiz paya malikdir. BP Azərbaycan şirkətindən ANS-ə verilən məlumata görə isə, bu məsələ Xəzərin hüquqi statusu ilə bağlı olduğundan hökmətlər tərəfindən tənzimlənməlidir. Kəmalə Məmmədova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar