SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ ƏRDƏBİLDƏ DANIŞIB: “YAŞASIN AZƏRBAYCAN!”

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ ƏRDƏBİLDƏ DANIŞIB: “YAŞASIN AZƏRBAYCAN!”

Gunaz.tv
İran adlanan yerin prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi iyunun 1-də Ərdəbilə səfər edib. 12 min nəfər qarşısında çıxışını Azərbaycan dilində və Şəhriyarın “Heydər babaya salam” poemasından bir bəndlə başlayan Musəvi Ərdəbilin İran tarixindəki önəmli rolundan danışaraq azərbaycanlı və türkdilli olduğuna görə iftixar hissi duyduğunu bildirib. Musəvi prezident Mahmud Əhmədinejadın xarici siyasətini kəskin tənqid edib: “Biz elə xarici siyasət yeritməliyik ki, xalqımızın mənafe və məsləhətinə uyğun olsun. Artıq ifratçı siyasətdən əl çəkməliyik. Həmin səhv siyasətin nəticəsidir ki, bir tərəfdən Xolokost məsələsini ortaya atır, digər tərəfdən İsrail xalqının dostumuz olduğunu deyirik. Bir tərəfdən ABŞ-ın tezliklə çökəcəyini deyir, digər tərəfdən də onlara cavabsız məktublar yazırıq. Qısa fasilələrlə Almaniya kanslerinə, Roma papasına və ABŞ prezidentinə 3 məktub yazıb göndəririk, lakin nəzərə almaq lazımdır ki, bu məktubların cavabsız qalması şəxsi məsələ deyil. Bunun xalqa da aidiyyəti var. Çünki xalqın heysiyyətinə xələl gətirir”. Ölkədə inflyasiyanın 25 faizə çatdığını vurğulayan Musəvi vətəndaşların alıcılıq qabiliyyətinin son dərəcə zəiflədiyini bildirib: “İnflyasiyanın 25 faizə qədər çatması o deməkdir ki, vətəndaşların alıcılıq qabiliyyəti hər il dörddəbir qədər azalır. Çıxışını “Yaşasın İran, yaşasın Azərbaycan!” sözləriylə bitirən Musəvi ölkədəki iqtisadi problemlərin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsinin və proqramlar hazırlanmasının vacibliyini vurğulayıb. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar