«Məni bu şəbəkənin(NURÇULAR) əlindən qurtarın, yalvarıram» deyən gənclərin sayı artır
2021.10.20, 07:36
BAKI NURÇULARININ TÜKÜRPƏDİCİ CƏLBETMƏ ƏMƏLİYYATLARI Çünki oldun nurçu, çağır gəlsin... «Sənə qanım çox qaynayır. Tərbiyən, davranışın, əxlaqınla əsl türk qızısan. Biz sənin kimi cici gənclərin çevrəmizdə olmasını çox istəyirik. Bəlkə bu axşam bizə qonaq gələsən?» İlk baxışda təəccüblü, şübhə çəkəcək durum yoxdur. «Araz» hazırlıq kursunun sıradan, həyata yenicə addım atan abituriyentinə elə həmin kursun nəzarətçisi xoş bir jest edir. Amma bütün ssenari bu xoş jestlə yekunlaşmır. Az keçmədən «qonaqlıqlar»ın sayı sürətlə artır, abituriyentə hər viziti zamanı hədiyyələr verilir, daha sonra geyim, saç düzümü, davranış, hətta sevgi-məhəbbət mövzularında «abla» məsləhətləri dövrəyə girir. Beləcə, «ov» dişə taxılmağa hazırdır. Bakının mərkəzində daha bir «nurçu»nun doğuluş mərasimi gerçəkləşir... Ötən sayımızda sizi nurçuların pəncəsinə düşmüş və onların əməlləri barədə qısaca da olsa məlumat vermiş bir tələbənin müsahibəsi ilə tanış etmişdik. Yazını çapa hazırlayarkən həyata keçirdiyimiz araşdırma sübut etdi ki, bu «dərya» çox balıqları udub, çox gənclərimiz şüursuz şəkildə, şirnikləndirilərək, beyni təmizlənərək və hətta qorxudularaq bu şəbəkənin üzvünə çevriliblər. Nəticə? Bakını və ölkəmizin bir çox şəhərlərini əhatə edən bu cərəyanın qolları gün-gündən artmaqla yanaşı, bütöv bir nəsli məhv etməyə köklənir. «Sən nə şəkər qızsan, gəl bu gecə bizdə qal...» Söhbəti uzatmadan mətləbə keçək. Bugünkü qəhrəmanımız Bakının ali məktəblərindən birinin tələbəsi, uzun müddət nurçuların çevrəsində bulunmuş N.K.-dır. Adı şərti yazmamızın səbəbləri barədə aşağıda geniş bir arayışla tanış olacaqsınız. Hələliksə, N.K-nın nurçularla ilk günlərindən başlayaq. Müsahibimiz danışır ki, hər şey yazının girişində yazdığımız o məşhur qonaqlıq təklifindən başlayıb. Qəhrəmanımız həmin vaxt «Araz» hazırlıq kursunun tələbəsiymiş. 1 aydır ayaq döydüyü hazırlıq kursunda bəzi işçilərin təəccüblü mehribançılığı, qayğıkeşliyi və diqqətliliyi vaxtilə oxuduğu Bakı məktəblərindəki atmosferdən tamamilə fərqlənirmiş. O rüşvətxor, hədiyyə almayanda adamın gözünü çıxaran məktəb müəllimləri hara, başın ağrıyan kimi gətirib sənə dərman verən bu türkiyəli ablalar hara? Elə bu sıcaqlıq onu kursun bəzi işçiləri ilə yaxınlaşdırıb, ardınca isə qonaqlıq təklifi, gözqamaşdıracaq qonaqpərvərlik, nəfis yeməklər... «Sən çox tatlı qızsan» komplimenti ilə bünövrəsi qoyulan «dostluq» münasibəti daha sonra «utancaq» təkliflər, az keçmədən isə tələblər mərhələsinə keçib. N.K.: «Bu qonaqlıqlar bir müddət davam etdi. Hər dəfə mən bir yeniliklə tanış olurdum. Məsələn, ilk dəfə nəyin halal, nəyin haram olması barədə mühazirələrin dinləyicisi oldum. Süfrəyə otururduq, başlayırdılar ki, bax bu nemət halaldı, bu isə haram. Məsələn, deyirdilər ki, Banvit, Pınar, Aytac firmalarının məhsulu olan kolbasa və sosiskaları bir qayda olaraq halaldır, onlar yeyilir. Qalanlarını yeməksə məsləhət görülmür. Növbəti qonaqlıqlarda isə mənə namazla bağlı təbliğat aparmağa başladılar. Ardınca mobil nömrəmi götürüb, dini xarakterli mesajlar yazma mərhələsinə keçdilər. Sonra yenə də dəvətlər, təbliğat söhbətləri, gecə onlarda qalma təklifləri...» Geyimi dəyiş, makiyajı sil, qaşlarına əl vurma - orda bismillahi rəhmani rəhim yazılıb N.K danışır ki, gecələmə təkliflərinin arxasında əslində gizli mətləblər dayanır. Yəni gecə «ov»un dini söhbətlərə cəlbedilmə, dini ədəbiyyatları ona təqdimetmə, bir sözlə, beyninin təmizlənməsi üçün ideal zamandır: «Deməli, yemək yeyirdik, sonra çay süfrəsi açılırdı. Başlayırdılar dini ədəbiyyat oxumağa. Həmin vaxt hamının başını bağlayırdılar. Həmin gecələrdə xüsusilə Fətullah Gülənin kitabları populyar olurdu. Məsələn, mənim qaşımı aldığımı görüb, gecə söhbətlərdən birini bu mövzuya həsr etdilər. İz itirərək, təbliğat apardılar ki, sən demə, qaşlara «bismillahi rəhmani rəhim» yazıldığı üçün onlara toxunmaq günahmış. Ardınca makiyajlı olmam onları narazı saldı. Makiyajdan imtina etməm üçün xüsusi siyasət işlətdilər - hamısı bir qayda olaraq, «sən makiyajsız çox daha gözəlsən» sözləriylə komplimentlər yağdırmağa başladılar. Yəni ilk vaxtlar heç nəyi sərt qadağa şəklində tətbiq etmirdilər. Asta-asta, şirin dil, xüsusi siyasətlə məqsədlərinə çatırdılar". Müsahibimiz danışır ki, cərəyan nümayəndələri güclərini ən çox «ov»un geyiminə sərf edirlər. N.K. bu məsələnin də şirin dillə həll olunduğunu xatırladır: «Bir gün gəldilər ki, canım mənim, bəlkə pantalonunu (şalvarını) genişlədək, koftanın qolunu uzadaq? Gözəl olmazmı?» «Ov»un «axı mən bu stili bəyənirəm, yaraşır» kimi yüngülvari etirazı «daşdan keçən» arqumentlərlə qarşılanır: «Gözəlsən ya... Gözələ hər şey yakışır. Amma sən bu geyimlə erkəkləri kəndinə cəlb ediyorsun, bu da sənə o biri dünyada haram sayılacaq. Məsələn, bu dünyada ayaqların açıq şəkildə gəzirsənsə, o biri dünyada o ayaqların odun yerinə yandırılacaq». N.K.-nın sözlərinə görə, geyim «redaktə»sini tezləşdirmək üçün şəbəkə hədiyyə sisteminə üstünlük verir. Məsələn, geyimi «haram» sayılan «ov»a bir gün Türkiyə istehsalı olan enli, uzun yubka hədiyyə edilir, ardınca uzunqol kofta, sonra isə baş örtüsü. Öyrəşdirmək üçün bu tərzi öncə evdə geyməsini söyləyirlər, «qurban» özünə də, geyiminə də alışandan sonra bayırda rahatca gəzə bilir. Geyim, beynin dəyişdirilməsi, dostluq əlaqələri tamam... Bundan sonra əsas məsələ şəbəkəyə yeni cəlb olunan üzvə namaz qılmağı öyrətməkdir. N.K.-nın sözlərinə görə, bu məsələdə də onların öz qaydaları var. Belə ki, hətta şiə üslubunda namaz qılanları da dəyişdirib, öz bildikləri qayda ilə namaz qılmağa məcbur edirlər. «Abla»nı «abi»yə Botanika bağında «calaq edirlər»... «Səni bir abiylə evləndirəcəyik, abla olacaqsan, gözəl-gözəl cocuqlarınız dünyaya gələcək. Hətta səni Amerikada yaşamağa da göndərərik...» N.K «rəhbərliyin» etimadını qazanandan sonra, yəni qoyulan qadağalara əməl edəndən sonra belə bir vədlə qarşılaşır. Bunu ona şəbəkənin «abla» statuslu Türkiyənin Qaradəniz bölgəsindən olan Fatma adlı qız deyib: «Bir neçə tələbənin başçısı abla (abi), bir neçə ablanın (abi) başçısı səmtçi, bir neçə səmtçinin başçısı bölgəçi, bir neçə bölgəçinin başçısı isə regionçudur. Hər abla dörd-beş qıza nəzarət edir. Həmin qızlar bir evdə yaşayırlar. Abla onların geyimini, hərəkətlərini, telefonlarına gələn zənglərini belə diqqətdə saxlayır. Hətta oğlan qrup yoldaşlarından gələn zənglərə görə ablanın təzyiqləri olur. Abla onları ideologiyalarına yad olan konsertlərə, tamaşalara, kinolara getməyə qoymur. Əsas arzuları odur ki, öz ideyalarına uyğun dini bir ailə yaratsınlar. Buna görə də çalışırlar ki, şəbəkəyə daxil olan qızlar elə həmin şəbəkənin üzvü olan cavan oğlanlarla evlənsin. İşdi, qızlardan biri (eyni qadağa abilərə də aiddir-müəl) kənar birisi ilə eşq macərası yaşamağa cəhd edərsə, ablalar abiyə xəbər verir. Abilər də qızın görüşdüyü oğlana telefon açaraq, münasibətləri yekunlaşdırmaq üçün xəbərdarlıq edirlər. Bu müdaxilə nəticə verməyəndə isə qızı (və ya oğlanı) şəbəkədən azad edir, bütün imkanlarını isə əlindən alırlar. Abilərə qoyulan qadağa da bəllidir. Onlar qadın müğənnilərə qulaq asmamalı, qızlarla ünsiyyət qurmamalı, içki və siqaretdən imtina etməlidir. Həm qız, həm də oğlanların evə gəliş saatı axşam 7-dən gec olmamalıdır. Şəbəkəyə daxil olan qız və oğlanların əks cinsdən olan tələbə yoldaşları ilə salamlaşması belə qadağandır». *** Yuxarıda abla və abilərin evlənmə hekayələrindən danışdıq. Amma N.K. mühüm bir məqamı vurğuladı ki, cütlüklərin əsas görüş yeri Botanika bağıdır: «Cütlüklər cəmi 3 dəfə görüşə bilərlər. Bu da yalnız bir-birini tanımaq üçün. Əgər bu 3 dəfədə xasiyyətlərinin uyğun gəlmədiyi anlaşılırsa, yollarını ayırırlar. Abla və abilər bu dəfə də yeni «xoşbəxt ailə» modeli üçün qollarını çırmayır. Yeni cütlüklər yenə də Botanika bağında bir araya gəlirlər". Şəbəkə üzvlərinə super endirim və güzəştlər Söhbətin bu yeri bizi daha maraqlı faktlara doğru aparır - imkanlardan məhrum etmə cəzası... Məlum olur ki, şəbəkə öz üzvlərinə inanılmaz maddi güzəştlər edir. N.K. danışır ki, illik təhsil haqqı 1000 manat olan şəbəkə üzvü məhz himayədarlarının sayəsində həmin məbləğin yarısını - 500 manatını ödəyir. Xəstələndiyi halda, şəbəkəyə aid olan özəl klinikalarda endirimli müalicə olunur. Kirayə məsələsində də super güzəştlər var. Rayondan gələn və maddi imkanları məhdud olan gənclər cəmi 40-50 manata, bəzənsə tamam pulsuz şəkildə Bakının yüksək səviyyəli, hər cür şəraiti olan mənzillərində kirayə qalır: «Ev hər cür texniki avadanlıqla təmin olunur. Ərzaq və kommunal xərclər də ödədiyin kirayə haqqının içindədir. Təbii ki, onlara da xaricdən əlavə pullar gəldiyi üçün bütün bu xərclərin qabağında dayana bilirlər. Amma bu güzəştlər heç də qarşılıqsız deyil. Abla və abilər öz üzvlərini «Kardeşlər», «Büyükfırat»(xüsusilə «28 may» metrosu həndəvərində yerləşən), «Alantep», «Testil» (Amerika səfirliyinin binası yaxınlığında) restoranlarında yemək yeməyə, «Güllüoğlu» şirniyyat evindən alış-veriş etməyə məcbur edirlər. Geyim mağazalarına gəlincə, xüsusilə Rodi və Ustop mağazalarının geyimlərindən istifadə məsləhət görülür. Həmin mağazalarda qapalı geyimlərin, uzun, enli yubka, enli, qapalı koftaların çoxluğunu da xüsusilə yada salmağa dəyər". *** Su girdi qaba, oldu içməli... Yuxarıda yazılanlara hərfbəhərf riayət edən yeni şəbəkə üzvünün seyr edəcəyi telekanallar və oxuyacağı qəzetlərin də siyahısı bəllidir. N.K-nın bildirdiyinə görə, abla(və abi)ların nəzarət etdiyi evdə bir qayda olaraq, «Samanyolu» telekanalına baxılır. Bunun üçün həmin mənzillərdə xüsusi olaraq, kabel televiziyası quraşdırılır: «Heç kəsin ixtiyarı yoxdur ki, «Samanyolu» və «Xəzər»dən başqa bir kanala baxsın. Hətta «çaşıb» hansısa xarici müğənniyə pərəstiş edirsənsə, onun kliplərini başqa kanallarda seyr edirsənsə, «abla»nın təzyiqi ilə üzləşəcəyin yüz faizdir. Şəbəkə üzvləri «Zaman» qəzetinə abunədirlər. «Sızıntı», «Mənim ailəm», «Ramazan» jurnalları isə favorilər sırasındadır". N.K.-nın sözlərinə görə, burda yeganə məqsəd «abla»nın nəzarətindəkiləri manqurtlaşdırmaqdır. Hətta buna nail olmaq üçün onların digər kanalların xəbərlər proqramına baxması, habelə mətbu nəşrləri izləməsi də qadağan edilib. «Buluşmamızın tək noktası - «Nil» Şəbəkənin daha bir qolu isə Bakıda böyük setə sahib olan «Nil» Mağazalar Şəbəkəsidir. Diqqət etmisinizsə, hətta mağazanın girişindəki «buluşmamızın tək noktası - Nil» şüarı da təsadüfi deyil. Üzvlərin bu mağaza şəbəkəsinə yönləndirilməsinin səbəbi isə orada nurçu təriqətini yayan bədii ədəbiyyatın üstünlük təşkil etməsidir. N.K.-nın sözlərinə görə, «Quran»dan sonra ikinci müqəddəs kitabları sayılan Səid Nursinin (Kürdi) «Bediüzzaman» kitabı da ancaq və ancaq «Nil»də satılır. Fətullah Gülənin kitablarının satış nöqtəsi də məhz bu mağazalardır: «Hətta qızlardan biri Fətullah Gülənin «Metofizik teorem gelişimində» adlı kitabını oxuyandan sonra ruhi sarsıntı keçirmişdi. Tez-tez yuxuda cinlərin onu boğduğunu, qarabasmalar olduğunu, canına üşütmə gəldiyini deyirdi. Əslində mən də o kitabı oxudum, amma eyni hissləri keçirmədim. Sonradan bildim ki, həmin qız ətrafındakıların basqısına güclü müqavimət göstərə bilmədiyindən təsir altına düşüb və psixologiyası korlanıb. Yəni bu kitablar şəbəkə üzvlərinə narkotik kimi təsir göstərmək məqsədi daşıyır. Onların sırasında Ərtuğrulun «Kendini arayan adam», «Kendini bulan kadın», «Düzceli Mehmet» kimi kitabları saymaq olar. Bu kitablar əxlaqsız qadının haqq yoluna qayıtması, sərsəm tələbənin dindar olması kimi süjetlərə həsr olunub". Qurbanın gözü açılır və ... Bəs qəhrəmanımız bu bataqlıqdan necə qurtulur? Bizə necə üz tutur və indi nə istəyir? N.K.-nın nurçularla olan sərgüzəşti gözlənildiyi kimi sevgi-məhəbbət söhbətinə görə bitir. Müsahibimin «kənar» sevgilisi olduğu üzə çıxan kimi abi və ablaların ciddi müdaxiləsi başlayır. Abilər N.K.-nın sevgilisini təhdid edir, zəng edərək, bu münasibəti bitirməsini istəyirlər. Bu israrlı və çirkin davranış isə qəhrəmanımızın gözünün açılması ilə nəticələnir. Nəticədə münasibətlər ən gərgin nöqtəyə çatır: N.K. onlarla birgə yaşadığı evi tərk edir, imkanları əlindən alınır. Amma buna qədər israrlar davam edir. Şəbəkənin səmtçiləri, bölgəçiləri, abla-abiləri yığışıb qızı bu addımdan vaz keçirməyə çalışsalar da, N.K. vaz keçmir. Qəhrəmanımız bundan sonra hər yerdə gördüyü adamlara, yaxın və uzaq çevrəsinə bu şəbəkənin əməlləri barədə danışır, onları ifşa edir. Və günlərin bir günü eks «abladan» N.K-ya təhdid gəlir: «Ayağını dəng al, hər yerdə saçma-sapan danışırsan. Bizim qolumuz uzun, arxamız güclüdür. Əlindən gələni ardına qoyma. Nə etsən, əvəzinə onqat artıq görəcəksən...» İndi N.K elə qəzetimiz vasitəsilə üzünü əlaqədar orqanlara tutur. Müsahibimizin sözlərinə görə, o və onun kimi yüzlərlə gənc bu şəbəkənin qurbanı olublar. Çoxları isə qurban həyatını davam etdirməkdədir: «Bizi xilas edin! Bu şəbəkə təhlükəlidir». Türkan TURAN, Sevinc TELMANQIZI musavat