SON XƏBƏRLƏR

KOREYA YARIMADASI TİKAN ÜSTÜNDƏ

2021.10.20, 07:36
KOREYA YARIMADASI TİKAN ÜSTÜNDƏ

Gunaz.tv
Pxenyan atəşkəs müqaviləsindən çıxdı Güclü nüvə sınağı keçirərək beynəlxalq situasiyanın kifayət qədər mürəkkəbləşməsinə səbəb olan Şimali Koreya daha bir gözlənilməz addım atıb. Pxenyan bəyan edib ki, Cənubi Koreya ilə 1953-cü ildə əldə edilmiş atəşkəs razılaşmasından çıxır və əgər Seul ABŞ-ın başçılıq etdiyi nüvə silahının yayılmasına qarşı təhlükəsizlik təşəbbüsünə qoşulsa, bu ölkəyə müharibə élan edəcək. Beynəlxalq informasiya agentliklərinin məlumatlarına görə, Şimali Koreya həmçinin paytaxt Pxenyandan 80 kilometr məsafədə yerləşən Yonben nüvə reaktorunun fəaliyyətini bərpa edib. Amerikanın kəşfiyyat peykləri reaktorun borularından buxar qalxdığını qeydə alıblar. Yonben reaktorunun işinin dayandırılması uzun müddət Şimali Koreyanın nüvə proqramlarının dayandırılmasına dair çoxtərəfli beynəlxalq danışıqların predmeti olub. İl yarım əvvəl Pxenyan beynəlxalq yardımların əvəzində bu reaktorun fəaliyyətini dayandırmağa razılıq vermişdi. Yaponiya kəşfiyyatının məlumatlarına görə, Şimali Koreyanın əlində azı 5-6 nüvə başlığı var. Yonben reaktorunun işə düşməsindən sonra isə daha bir nüvə başlığı üçün yanacaq əldə ediləcək. Mayın 25-də keçirilən nüvə sınağından sonra Şimali Koreya bir-birinin ardınca yaxın mənzilli ballistik raketlərin sınağını da keçirir. Bu gün səhər daha iki raketin Yapon dənizi sularına buraxıldığı haqda xəbərlər yayılıb. Cənubi Koreya hökuməti isə hər an şimaldan gələ biləcək müharibə təhlükəsinə qarşı tədbirlər görməyə çalışır. Seul elan edib ki, kütləvi qırğın silahlarınln yayılmasına qarşı ABŞ-ın başçılıq etdiyi təhlükəsizlik təşəbbüsünə qoşulacaq. Bundan əvvəl Pxenyan Seulun həmin təşəbbüsə qoşulmasını müharibə elanı kimi qiymətləndirəcəyi haqda xəbərdarlıq edib. Bu təşəbbüsə 90-dan şox ölkə qoşulub və heç kimə qarşı deyil, lakin Pxenyan hesab edir ki, təşəbbüs ona qarşı yönəlib. Xəbərlərə görə, Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib, bölgədəki Amerika qüvvələri də vəziyyəti diqqətlə izləyir. BMT Təhlükəsizlik Şurasının yenidən toplanaraq Pxenyana qarşı sərt iqtisadi sanksiyalar barədə qətnaməni səsə qoyacağı gözlənilirdi. Lakin ehtiyat edilir ki, bu qətnamə Şimali Koreyanı daha sərt addımlara təşviq edə bilər. ABŞ administrasiyası da yaranmış vəziyyətdə ehtiyatlı davranmağa çalışır və Pxenyanla hədə dilində danışmaqdan çəkinir. Ekspertlərə görə, Barak Obama administrasiyası Şimali Koreya ətrafındakı vəziyyətin qəfildən bu cür dəyişməsinə hazır deyildi. Fərhad Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar