SON XƏBƏRLƏR

İranın gücü yetməz...

2021.10.20, 07:36
İranın gücü yetməz...

Gunaz.tv
Asim Mollazadə: "Şimon Peresin səfərinə heç bir qüvvə mane ola bilməz" "İsrail prezidenti Şimon Peresin Azərbaycana səfər etməsinə heç bir qüvvə mane ola bilməz". Bunu Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkil etdiyi "İsrail-Azərbaycan münasibətləri və İran İslam Respublikasının bu münasibətlərə yanaşması" ilə bağlı dəyirmi masada deyib. "Bu gün bizə İsraillə əməkdaşlığı irad tutan İran rəhbərliyi qarşısında məsələ qaldırmalıyıq ki, niyə onlar 17 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan, Qarabağda minlərlə gəncimizi, körpələrimizi qətlə yetirən Ermənistanla əməkdaşlıq edirlər?!", - deyən Asim Mollazadənin fikrincə, Azərbaycan İran qarşısında məsələ qaldırmalıdır ki, niyə bizim İranda yaşayan milyonlarla soydaşımıza öz dilində danışmaq, təhsil almaq, öz mədəniyyətini qoruyub saxlamaq, təbliğ etmək qadağan edilib?! Onun sözlərinə görə, söhbət BMT-nin müdafiə etdiyi, heç bir ölkənin daxili məsələsi olmayan milli haqlardan gedir. "Biz soruşmaq istəyirik ki, niyə İranda ermənilərə bütün imtiyazlar verildiyi halda, orda yaşayan digər xalqların heç bir hüququ tanınmır?!" - deyən Mollazadə bu gün Ermənistanın Rusiyadan çox İrandan dəstək aldığını vurğulayıb. Deputat bildirib ki, yəhudi xalqı Avropada, Rusiyada qətliamlara məruz qalanda Azərbaycan torpağına gəlib və Azərbaycan xalqının tolerantlığı nəticəsində özünə burda sığınacaq tapıb. DİP sədrinin fikrincə, məhz bu amil imkan verir ki, dünyanın istənilən guşəsində yaşayan yəhudi Azərbaycan türklərinə diqqətlə yanaşsın. 500 il bundan əvvəl türklərin yəhudilər qarşısında göstərdiyi xidmət nəticəsində bu gün yəhudilərin "erməni soyqırımı"na dəstək vermədiyini xatırladan A.Mollazadə İsraillə Azərbaycanı yaxınlaşdıran terror məsələsinə də toxunub: "İsrail uzun müddətdir terrorla mübarizədə təcrübə toplamış dövlətdir. Azərbaycan dövlətinə qarşı da oxşar qüvvələr terror aktları həyata keçirib. Azərbaycanın mülki vətəndaşlarını öldürənlərlə İsrailə qarşı terror törətmiş qüvvələr eyni mərkəzdə təlim keçmiş terrorçulardır. Vaxtilə Livanda, Fələstində radikal təməlçi qruplaşmalar erməni terrorçuları ilə birlikdə təlimlər keçirdilər. Təyyarədən terror vasitəsi kimi ilk dəfə istifadə edən 1973-cü ildə erməni terror təşkilatı ASALA olub ki, bunda da hədəf İsrail olub. Erməni Milli Komitəsinin keçmiş sədri Murad Topalyan ABŞ-ın Ohayo ştatında ticarət mərkəzini partladan dini terror qruplaşmasına silah satmışdı. Bu bütün dindən və millətdən olan terrorçuların eyni mənbədən idarə olunduğunu göstərir. Qeyri-məntiqidir ki, ermənilər özlərini xristianlığın banisi adlandırırlar, amma islam təməlçi qrupları ilə birgə fəaliyyət göstərirlər". A.Mollazadə Azərbaycanın səhrada möcüzə yaradan İsraildən həm qeyri-neft sektorunun inkişafını, həm elm, təhsil sahəsində müvəffəqiyyət əldə etməyin yollarını, həm də terrorizmə qarşı mübarizəni öyrənməli olduğunu bildirib. Qənirə MƏMMƏDLİ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar