SON XƏBƏRLƏR

Prezident İlham Əliyev: “Danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur, ola da bilməz”

2021.10.20, 07:36
Prezident İlham Əliyev: “Danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur, ola da bilməz”

Gunaz.tv
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik”. APA-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə keçirilən mərasimdəki çıxışında deyib. Dövlət başçısı bunun yeganə səbəbinin Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası olduğunu bildirib: “Artıq heç kimə sirr deyil ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcək. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir”. BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamənin qəbul edildiyini xatırladan prezident bu qətnamələrin erməni qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini diqqətə çatdırıb: “Ancaq onlara məhəl qoyulmur. Digər beynəlxalq təşkilatların qərarları bizim mövqeyimizi dəstəkləyir. Biz çalışırıq və çalışacağıq ki, bütün beynəlxalq təşkilatlarda öz siyasi və diplomatik fəaliyyətimizi daha da gücləndirək və məsələnin tezliklə həll edilməsinə nail olaq. Bəzi hallarda Ermənistan tərəfi xalqların öz müqəddəratını təyinetmə prinsiplərini ərazi bütövlüyü prinsipləri ilə bərabər, eyni səviyyədə göstərmək istəyir. Ancaq bu, yalnız məsələ ilə tanış olmayan, siyasətlə məşğul olmayan insanlar tərəfindən qəbul edilə bilər. Təsadüfi deyil ki, dünya ictimaiyyəti bu yanaşmanı inkar edir. 1975-ci il Helsinki Yekun Aktına baxmaq, onu yaxşı oxumaq kifayətdir, orada hər şey göstərilib. Ərazi bütövlüyü prinsipləri əsas prinsiplərdir. Xalqların öz müqəddəratını həll etmə, müəyyən etmə məsələsi ərazi bütövlüyünü pozmamalıdır, ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməlidir. Bir də ki, Ermənistan artıq müstəqil dövlətdir və erməni xalqı öz müqəddəratını bir dəfə təyin edib. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt imkan verməyəcək”. Dövlət başçısı hazırda danışıqların daha da intensiv xarakter daşıdığını qeyd edərək, Azərbaycanın bütün dövrlərdə olduğu kimi, konstruktiv, ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqe ortaya qoyduğunu söyləyib: “Bu gün danışıqlar masası üzərində işğal edilmiş bütün torpaqların Azərbaycana qaytarılması, bütün köçkünlərin doğma torpaqlarına qayıtması məsələsi var. Bir daha bəyan etmək istəyirəm - çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür - danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur, ola da bilməz. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik”. Atəşkəsdən keçən 15 il ərzində Azərbaycanın konstruktiv mövqeyi nümayiş etdirdiyini bir daha təkrarlayan prezident bununla bərabər, ordu quruculuğuna da çox böyük diqqət yetirildiyini söyləyib: “Heç kim bu gün Azərbaycana döyüş meydanında öz iradəsini diktə edə bilməz. Biz qısa müddət ərzində - cəmi üç il ərzində güclü və böyük perspektivi olan müdafiə sənayesini yaratmışıq, üç il ərzində ilkin istehsalatdan artıq böyük istehsalata başlamışıq. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi avadanlıq beynəlxalq sərgilərdə nümayiş etdirilir və yüksək qiymət alır. Biz öz müdafiə gücümüzü daha da artıracağıq. Bu məqsədlər üçün nə qədər vəsait lazımdırsa, ayrılacaq. Bəzi hallarda beynəlxalq ictimaiyyətdə belə bir fikir yaranır ki, Azərbaycan bu istiqamətdə çox böyük işlər görür və bu siyasət narahatlıq doğurur. Biz sadəcə olaraq, öz təbii hüququmuzdan istifadə edirik. Biz öz vəsaitimizi xərcləyirik, Azərbaycan xalqının zəhməti hesabına qazanılmış vəsaiti ordumuzun güclənməsinə sərf edirik. Bu gün Azərbaycanın artan iqtisadi qüdrəti bizə imkan verir ki, ordu quruculuğuna 2 milyard dollar vəsait xərcləyək. Bu rəqəm Ermənistanın bütün büdcəsinə bərabərdir. Növbəti illərdə Ermənistanla Azərbaycan arasında bu gün mövcud olan böyük uçurum daha da dərinləşəcək, genişlənəcək, Azərbaycan daha da qüdrətli dövlətə çevriləcək, Ermənistan isə işğalçı siyasəti nəticəsində bütün beynəlxalq layihələrdən təcrid olunmuş vəziyyətdə qalmalıdır və qalacaq. Biz bundan sonra da Ermənistanı bütün regional və qlobal layihələrdən təcrid etmək üçün öz siyasətimizi davam etdirəcəyik, o vaxta qədər ki, torpaqlarımız azad olunacaq”. Prezident İ. Əliyev Azərbaycanın sülhsevər dövlət olduğunu bir daha vurğulayıb: “Biz sülhməramlı siyasət aparır, bütün ölkələrlə dostluq, mehribanlıq şəraitində yaşamaq istəyirik. Ancaq geniş mənada regional əməkdaşlığın təmin edilməsi üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. Biz istəyirik ki, bölgədə bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsun. Ancaq bunu etmək üçün başlıca şərt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, bunu artıq hamı bilməli və bu məsələnin həllinə çalışmalıdır. Bu, yeganə məsələdir ki, biz son beş il ərzində bunu həll edə bilməmişik. Bunun da səbəbi aydındır, çünki bu, təkcə bizdən asılı deyil. Eyni zamanda, ona görə ki, biz hələ sülh danışıqlarına ümidliyik, biz hələ bütün imkanlardan istifadə etmək istəyirik. Bizdə hələ ümidlər var ki, nəhayət, Ermənistan reallıqları, düşdüyü vəziyyəti dəqiq təhlil edərək düzgün nəticə çıxaracaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar