SON XƏBƏRLƏR

Ermənistan artistliklə məşğul olmasın

2021.10.20, 07:36
Ermənistan artistliklə məşğul olmasın

Gunaz.tv
Əhməd Davudoğlu: "BMT qətnamələri əsasında Azərbaycan torpaqları işğaldan azad olunmalıdır" "Azərbaycan bizim ikinci vətənimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim" Mayın 26-da Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin təkbətək və nümayəndə heyətlərinin iştirakıyla görüşü keçirildi. Danışıqlardan sonra nazirlərin birgə brifinqi oldu. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türk həmkarıyla Dağlıq Qarabağ münaqişəsi, enerji, mədəniyyət, iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri ətrafında müzakirələr apardıqlarını bildirdi: "Ölkələrimiz arasında mövcud 2 milyard dollar dəyərində mal dövriyyəsinin həcmi bizi qane etmir. Düşünürük ki, bu rəqəm artırılmalıdır, çünki bunun üçün böyük potensial var". Mədəni sahədə əməkdaşlığa gəlincə, Elmar Məmmədyarov hazırda Türkiyədə 3 min azərbaycanlı tələbənin, Azərbaycanda isə 1700 türk tələbənin təhsil aldığını vurğuladı. Raifə İki qardaş ölkə arasında indiyə kimi 150-yə yaxın sənədin imzalandığını bildirən nazir bu rəqəmin kifayət olmadığını söylədi. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 15 gün ərzində Azərbaycana ikinci dəfə gəldiyini dedi və ilk dəfə XİN başçısı qismində Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanı Bakı səfərində müşayiət etdiyini xatırlatdı: "Azərbaycan bizim ikinci vətənimizdir, mən Suriyadan birbaşa Bakıya gəldim. İki qardaş və strateji tərəfdaş ölkə arasında əlaqələr çox mükəmməldir". "Türkiyə münaqişələrin "dondurulmuş" vəziyyətdə qalmasını istəmir" Əhməd Davudoğlu Bakıda keçirdiyi görüşlər zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılması məsələsinin də müzakirə obyekti olduğunu dedi: "Türkiyə bölgədə münaqişələrin "dondurulmuş" vəziyyətdə qalmasını istəmir, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu beynəlxalq aləmin dəstəyi ilə ciddi işlər görməlidir". Türkiyə xarici siyasət idarəsinin rəhbəri bildirdi ki, rəsmi Ankara Azərbaycanın gələcəyinə Türkiyənin gələcəyi kimi baxır. O dedi: "Bizim üçün əsas Azərbaycanın ərazi bütövlüyüdür. Azərbaycan və Türkiyə qardaş, qonşu və tərəfdaş ölkələrdir". Türkiyənin tarixdə olduğu kimi, bundan sonra da hər zaman Azərbaycanın yanında olacağını vurğulayan Əhməd Davudoğlu Ermənistana da ismarıc göndərdi: "Ermənistan işğala son qoymalı, bölgəni gərginlikdən azad etməlidir. Azərbaycan əraziləri BMT-nin qətnamələri əsasında işğaldan azad olunmalıdır. Ermənistan regionda artistliklə məşğul olmasın. Regionu yalnız birgə inkişaf etdirmək mümkündür". Əhməd Davudoğlu əlavə etdi: "Azərbaycanlı qardaşlarımı Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarının boşaltması məsələsinin Türkiyə üçün çox vacib olduğuna əmin etmək istəyirəm və qoy heç kim buna şübhəylə yanaşmasın". Türkiyə xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin iyunun əvvəlində Sankt-Peterburqda keçirilməsi gözlənilən görüşlərinə mühüm əhəmiyyət verdi: "Bu tarixi anı qaçırmaq olmaz. Bu, çox önəmli fürsətdir. Göründüyü kimi, həmsədrlər arasındakı müzakirələr də intensivləşib. Türkiyə hər platformada artıq bu məsələnin həllinin vacibliyi yönündə mövqeyini bildirir. Keçən il Qafqazda yaşadığımız gərginlik hamımıza göstərdi ki, artıq "dondurulmuş münaqişələr"lə yaşamaq şansımız qalmayıb. Türkiyənin bu məsələ ilə bağlı siyasəti də açıqdır. Məhz buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli vacibdir". Məlumat üçün bildirək ki, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda keçiriləcək iqtisadi forum çərçivəsində görüşməyi və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yollarını müzakirə etməyi planlaşdırırlar. "Qarabağ münaqişəsinin həllində ilk dəfə ip ucu görünür" Türkiyənin xarici işlər naziri bildirdi ki, 17 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ilk dəfə ip ucu görünür: "Mən dünya ictimaiyyətinə səslənərək bu şansı əldən qaçırmamağa çağırıram". Davudoğlu hesab edir ki, son dövrlər həm prezidentlər, həm də nazirlər səviyyəsində görüşlərin çoxalması münaqişənin həlli prosesinə yardımçı ola bilər. Türkiyə XİN rəhbəri dedi ki, Türkiyə Dağlıq Qarabağ probleminin həllini həmişə diqqət mərkəzində saxlayır və bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlansını dəstəkləyir. Əhməd Davudoğlu bir daha vurğuladı ki, Azərbaycan Türkiyənin strateji ortağıdır və Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün əsas məsələdir. Davudoğlu söylədi ki, hər kəs bu məsələni ATƏT-in Minsk qrupu başda olmaqla BMT qərarları çərçivəsində həlli üçün əlindən gələni əsirgəməməlidir: "Bölgənin işğallardan, gərginliklərdən, yüksək təzyiqlərdən qurtulması lazımdır. Bölgənin "dondurulmuş" problemlərinin həllinin yolu bu problemləri davam etdirməkdə deyil, ikitərəfli və çoxtərəfli əlaqələri hərəkətə gətirməkdədir. Artıq bölgəmizin gələcəyini birlikdə cızmağımız lazımdır. Türkiyənin Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasını təklif etməsinin səbəbi də budur. Biz regionun iqtisadi baxımdan inkişaf etmiş, daxili ixtilaflardan təmizlənmiş bölgə olmasını istəyirik. Təbii ki, işğal olunmuş Azərbaycan torpaqlarının boşaldılmasını, Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını əsas məsələ sayırıq. Bölgəni təhlükədən qurtarmaq üçün Qafqaz Əməkdaşlıq və Təhlükəsizlik Platformasını irəli sürmüşük. İstəyirik ki, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi başda olmaqla, bölgədəki münaqişələr öz həllini tapsın. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün yardımlarını davam etdirəcək. Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Tarixdə olduğu kimi gələcəkdə də Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu Türkiyənin baş nazirinin, prezidentinin və 70 milyon xalqının Azərbaycana mesajıdır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar