SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ NAMİZƏD AZƏRBAYCANI GƏZMƏKDƏ DAVAM EDİR. MUSƏVİ URMİYADA İRANA ETİBARSIZLIQDAN DANIŞIB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ NAMİZƏD AZƏRBAYCANI GƏZMƏKDƏ DAVAM EDİR. MUSƏVİ URMİYADA İRANA ETİBARSIZLIQDAN DANIŞIB

Gunaz.tv
İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi mayın 26-də ölkənin Qərbi Azərbaycan vilayətinin mərkəzində - Urmiyanın 6 min nəfərlik “Qədir” stadionunda tərəfdarları qarşısında çıxış edərək prezident Mahmud Əhmədinejadın daxili və xarici siyasətini kəskin tənqid edib. “Media forum” saytının məlumatına görə, hər əyalətə səfərində yerli əhalinin hökumətdən giley-güzarı ilə rastlaşdığını bildirən M.Musəvi ölkənin iqtisadi, mədəni və xarici siyasətdə xeyli gerilədiyini bəyan edib: “Bu gün biz ölkədə çoxlu ciddi problemlə üz-üzə qalmışıq. Bu, pafoslu siyasətin, vətəndaşlara verilən əsassız vədlərin və peşəkarların gücündən istifadə edilməməsinin nəticəsidir. Ölkəni ibtidai üsullarla idarə etmək olmaz. Həqiqət budur ki, biz yenidən xalqa və onun yetişdirdiyi elitaya qayıtmalıyıq”. M.Musəvi hökumətin səhv siyasəti nəticəsində ölkədə inflyasiya səviyyəsinin son dərəcə artdığını, İranın beynəlxalq imicinə ciddi xələl gəldiyini vurğulayıb: “Bizdə inflyasiya 25 faizə çatıb. Dünyada bizə qarşı hazırkı etibarsızlıq da elə-belə yaranmayıb. Bu gün dünyada İran pasportunun etibarsız sayılması da əsassız deyil. Bizim rəsmilər ekspert rəyinə əhəmiyyət vermədən müxtəlif beynəlxalq iclaslarda iştirak edir və bəzən həmin iclaslarda İran xalqının milli heysiyyətinin sual altına alınmasını milli iftixar kimi qələmə verirlər”. M.Əhmədinejadın vaxtaşırı dünyanı idarə etməyin zərurəti barədə çıxışlarına toxunan M.Musəvi deyib: “Dünyanı elm və təfəkkürlə idarə etmək olar. Bir də, hər şeydən əvvəl öz ölkəmizdəki problemləri aradan qaldırmağa çalışmalıyıq”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Prezidentliyə iddia edənlərdən dördünün namizədliyi rəsmən təsdiqlənib: hazırkı prezident Mahmud Əhmədinejad, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar