SON XƏBƏRLƏR

Deputatlar İranın ünvanına sərt fikirlər səsləndirdilər

2021.10.20, 07:36
Deputatlar İranın ünvanına sərt fikirlər səsləndirdilər

Gunaz.tv
Fəzail Ağamalı: "Necə olur ki, Sərkisyanın Tehrana səfəri Azərbaycan-İran əlaqələrinə uyğun olur, ancaq İsrail prezidentinin Bakıya səfəri bu əlaqələrə uyğun olmur?" "İranda molla rejimidir, yaxşı olardı ki, öz ağıllarına dua yazsınlar" Dünən Milli Məclisdə İrandakı fars-molla rejiminin Azərbaycana qeyri-səmimi münasibəti, cənublu soydaşlarımıza qarşı təzyiqləri tənqid hədəfinə çevrildi. Yaxın günlərdə İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinin planlaşdırılması Tehranın Bakıya yönəlik hədələrini də artırıb. İran ordusunun qərargah rəisi Həsən Güzabadi az əvvəl təhdid xarakterli bəyanatlar verib və İsrail prezidentinin Bakıya dəvət olunmasının Azərbaycanla İranın dostluq münasibtləriylə bir araya sığmadığını bildirib. Millət vəkili, AVP sədri Fəzail Ağamalı dünən Milli Məclisdə çıxışı zamanı bu etirazın məntiqsiz olduğunu bildirdi: "Necə olur ki, Xocalı qətliamında, Azərbaycan torpaqlarının 20 faizinin işğalında iştirak edən Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın Tehrana səfəri Azərbaycan-İran əlaqələrinə uyğun olur, ancaq İsrail prezidentinin Azərbaycana səfəri bu əlaqələrə uyğun olmur? Azərbaycanın Müdafiyə Nazirliyi və digər rəsmi səviyyələrində Həsən Güzabadinin bəyanatına reaksiya verilməlidir. İranda molla rejimidir, yaxşı olardı ki, öz ağılları üçün dua yazsınlar". Millət vəkili Nəsib Nəsibli Cənubi Azərbaycanda soydaşlarımızın Milli Azadlıq Hərəkatının inkişaf mərhələsində olduğunu vurğuladı və molla rejimini insan haqlarını pozmaqda günahlandırdı. Millət vəkili Arzu Səmədbəyli Fəzail Ağamalı və Nəsib Nəsiblinin fikirlərinə şərik olduğunu vurğuladı: "İranda baş verənlərə Azərbaycan hakimiyyətinin susqunluğunu da qınayıram. İran hakimiyyəti cənublu soydaşlarımızın Konstitusiyada təsbit olunmuş haqlarını da tanımır. İş o yerə çatıb ki, İranın qərargah rəisi Azərbaycana İsrail prezidentinin səfərə gəlməsinə münasibət bildirir. Xarici İşlər Nazirliyi İrana nota verməli, İsraildə Azərbaycanın səfirliyi açılmalıdır". Ramiz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar