Ona görə ki, İranın Amerikaya və Orta Şərqə qarşı təhdidləri nüvə proqramından kənara çıxır və daha genişdir. İranın Orta Şərqdəki terrorçu proksi qüvvələrinə dəstəyi regional sabitliyi pozmaqla yanaşı amerikalıların, avropalıların da həyatını təhlükə altına qoyur. Eyni halda İranın Rusiyaya qeyri-qanuni neft ixracı vasitəsilə yardımı, rus ordusuna minlərlə PUA tədarükü Avropa və Amerikanın Ukraynadakı müharibəyə görə Moskvaya təzyiq imkanlarını əhəmiyyətli dərəcədə azaldır.
İran İsrailin son zərbələrindən sonra da bir neçə səbəbə görə hələdə bölgə üçün əhəmiyyətli təhlükə olaraq qalmaqdadır.
Bu səbəbdən də, indi syasi yanaşmalar və planlaşdırmalarda İranla bağlı iki sual səsləndirilir: Bu təhlükənin aradan qaldırılması üçün Tehran rejiminin dəyişdirilməsi, yoxsa yenədə ayətullahların islahat yolu ilə təhdi siyasətlərinin aradan qaldırılmasını gözləmək?
Tehran rejiminin bu günə kimi etdiklərini, həssas mərhələlərdə təslim olmaq həddinə qədər çatmasına baxmayaraq sonrakı mərhələdə yenidən təhlükə törətməyə davam etdiyini və tarixi təcrübəni nəzərə aldıqda cavab birdir:
Tehran rejiminin dəyişdirilməsi təhlükənin aradan qaldırılması üçün yeganə yoldur və bunu reallaşdırmaq üçün indi hərəkətə keçmək üçün ən yaxşı vaxtdır. Buna nail olmaq üçün isə İran opozisionuna dəstək vermək, sanksiyaları gücləndirmək və ayətullahları daha çox təcrid vəziyyətinə salmaq lazımdır.
Tehran rejimi İsrailin hava hücumlarından sonra düşdüyü vəziyyətdən çıxsa, Məsud Pezeşkianın timsalında "islahatçı" və "danışığa", "barışığa" meyilli mövqeyindən imtina edəcək, növbəti mühafizəkar prezidentin iş başına gətirilməsi ilə bölgədə siyasi-ideoloji təsirini yenidən artırmağa, "islam inqilabının ixracı" nəzəriyyəsini tətbiq etməyə və qonşu ölkələrin daxili işlərinə müdaxilə səylərini artırmağa çalışacaq.
Bu İranda ayətullahların hakimiyyətdə olduğu 47 il ərzində bir neçə dəfə təcrübə edilib, ayətullahlar "islahatçı" "mühafizəkar" cərəyanların "qarşıdurması"ndan məharətlə istifadə edərək hakimiyyətlərini qoruyub saxlamağı, bölgə üçün təhlükə mənbəyi olmağı bacarıblar.
Prezidentin kim olmasından asılı olmayaraq ayətullahların islahat və danışıq yolu ilə təhlükə törətmək missiyalarından imtina etmələri mümkün deyil.
Ona görə ki, Məsud Pezeşkian və onun kimi başqa islahata meyilli şəxslərin ölkədə ciddi dəyişiklik etmək, xarici siyasəti yönləndirmək səlahiyyətləri olduqca məhduddur.
Pezeşkiandan əvvəl Məhəmməd Xatəmi və Həsən Ruhani dövründə də Tehran rejiminin siyasətlərinin dəyişəcəyi barədə vədlərin heç biri özünü doğrultmayıb və onlardan sonra təyin olunan mühafizəkar prezidentlər "islam inqilabının ixracı nəzəriyyəsini", İranın Orta Şərqdə hegomonluğuna hesablanmış xarici siyasətini yenidən davam etdiriblər.
İddia olunan islahatların reallaşması üçün isə ilk növbədə mollaların mütləq hakimiyyətini təsbit edən İran konstitusiyası dəyişdirilməli, İran İnqilab Keşikçiləri Korpusu ləğv edilməli, ölkədə yeni referandum keçirilməlidir. Bu da İran ayətullahların hakimiyyətdən bir dəfəlik imtina etməsi anlamına gəldiyinə görə mümkün görünmür.
Cavid-an