SON XƏBƏRLƏR

İRANIN İKİ DİN XADİMİ AZƏRBAYCANDAN QOVULDU

2021.10.20, 07:36
İRANIN İKİ DİN XADİMİ AZƏRBAYCANDAN QOVULDU

Gunaz.tv
MTN-in açıqlanmayan ilginc əməliyyatı Hüquq-mühafizə orqanları əllərindəki kəşfiyyat məlumatları əsasında həbslər keçiriblər «Azərbaycan hakimiyyətində bəzi dini qüvvələrin ölkədə ciddi planlar həyata keçirməyə hazırlaşması ilə bağlı əməliyyat məlumatı var. Buna görə də müəyyən qrup dindarlara qarşı bir sıra addımlar atılacaq və son vaxtlar bəzi məscidlərin qapadılması, bəzilərinin isə daha ciddi nəzarətə götürülməsi də bununla bağlıdır». Bu barədə «Yeni Müsavat»a çox ciddi bir mənbə məlumat verib. Qaynaq bildirib ki, bəzi məscidlərin qapadılması, digər ibadət yerlərinin isə daha güclü nəzarətə götürülməsi gözlə görünən və ictimaiyyətə bəlli olan hadisələrdir. Daha ciddi olaylar isə pərdə arxasında baş verir. Bunların sırasında dindarlar arasında həbslərin həyata keçirilməsi, onların təqib olunması və digər bu kimi hallar da var. Mənbə bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) bir neçə gün öncə bir qrup dindara qarşı xüsusi əməliyyat zamanı Azərbaycan vətəndaşları olanlarla yanaşı, neçə illərdi Bakıda fəaliyyət göstərən iki iranlı din xadimini də saxlayıb. Əməliyyat «cuhudlar məhəlləsi» kimi tanınan ərazidə yerləşən (Sinaqoqun yanında) «Kəblə Abdulla» və «Şahmat məktəbi»nin yaxınlığındakı «Qasım Bəy Zakir» məscidlərində eyni anda keçirilib. Hər iki əməliyyatda saxlanılan iranlı din xadimləri - ağayi Bəlaği və ağayi Hicrani kimi tanınan şəxslər dərhal MTN-in təcridxanasına aparılıblar. Bir gün orda sorğu-sual edildikdən sonra isə hər iki şəxs İrana deportasiya olunub. Məlumatlara görə, onların dindarlar arasında böyük nüfuzu olub və 10 ilə yaxındır Bakıda fəaliyyət göstərirmişlər. Məlumatı İran səfirliyinə yaxın mənbələr də təsdiq etdilər. Lakin onlar iddia edirlər ki, hər iki din xadiminin İranın rəsmi rejimi ilə münasibətləri son illər pozulub və ağaların Azərbaycandan çıxarılmasının əsas səbəbi də budur: «Rəsmi Tehrana hər iki din xadiminin pozucu və təxribat xarakterli fəaliyyəti haqda bilgilər verilib. Tehran tam deşifrə olunmuş iki iranlının arxasından çəkilib və onların Azərbaycandan deportasiya edilməsinə razılaşıb». Mənbəmiz bildirir ki, hər iki din xadiminin Azərbaycan qanunlarına zidd fəaliyyət istiqamətləri haqda MTN-də mötəbər məlumatlar olub. Onlarla birgə saxlanılan azərbaycanlı dindarların taleyi barədə isə dəqiq məlumat yoxdur. Bu barədə xəbərdə o da bildirilir ki, belə əməliyyatların davam edəcəyi gözlənilir: «Hüquq-mühafizə orqanlarında neytrallaşdırılması planlaşdırılan dindarların böyük bir siyahısı var». *** Qeyd edək ki, son vaxtlar Azərbaycanda dindarlarla bağlı bir sıra hadisələr baş verib. Əvvəlcə «Əbu Bəkr» məscidində partlayış törədildi; oranı qapatdılar. Bunun ardınca isə Türkiyənin tikdirdiyi «Şəhidlər» camesi bağlandı. İndi isə BDU-nun yataqxanalarının həyətindəki «İlahiyyat» məscidinin də bağlanması istiqamətində ciddi iş aparılır. Hətta məscidin imamı polisə çagırılıb, ona bildiriblər ki, məscid qapanacaq. Məlum olub ki, universitetin rektoru Abel Məhərrəmov Allah evinin bağlanması tələbi ilə hakimiyyət orqanlarına müraciət edib... Bu arada həmçinin Yasamal rayonunda və Neft Daşlarında yeni tikilən iki məscid də sökülüb. *** Bütün bunlar göstərir ki, ya gerçəkdən ortada ciddi təhdidlər var; bu səbəbdən də hakimiyyət dini qruplaşmalara qarşı aqressiv davranmağa qərar verib. Ya da yalançı İslam terroru təhdidi təşkil edərək, dünya güclərinin ilgisini çəkməyə çalışaraq, eyni zamanda özlərinin gələcək müxalifətini bəri başdan darmadağın etməyə sanksiya almaq fikirləri var. Teymur HƏSƏNLİ musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar