SON XƏBƏRLƏR

“Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları Macarıstanda çap olunub

2021.10.20, 07:36
“Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposları Macarıstanda çap olunub

Gunaz.tv
Macarıstanda Azərbaycan folklorunun ən möhtəşəm epik abidələrindən olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları Azərbaycanın qəhrəmanlıq eposu seriyasından yüksək poliqrafik tərtibatda, nəfis şəkildə çapdan çıxıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kitabların giriş sözünün müəllifi macar tədqiqatçısı Hobbal Mihalidir. AMEA Folklor İnstitutunun direktoru, professor Hüseyn İsmayılov dastanlara xəlqi, elmi-tarixi, habelə bəşəri mahiyyətini açan giriş sözü yazıb. H.İsmayılov ön sözdə qeyd edib ki, burada təsvir edilənlər olduqca qədim dövrlərlə, türkün şanlı keçmişi ilə səsləşir: “İnanıram ki, dastan daim ciddi araşdırmalar mövzusu olacaq. Mübaliğəsiz demək olar ki, hazırda bütün dünyada “Kitabi-Dədə Qorqud” dastanına bərabər epos yoxdur. Qədimliyimizi bizə çox gözəl şəkildə çatdıran bu eposu oxumalı, öyrənməli, ənənəni gələcək nəsillərə çatdırmalıyıq. Bu dastan türkün qədim, zəngin ruha malik olduğunu sübut edir. Eposu oxuyan hər bir insan, şübhəsiz, fəxr edir ki, nə yaxşı belə bir mənəvi abidəmiz var”. Sözügedən «Koroğlu» dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında çap olunub. Hər qolla bağlı qeydlər, izah və şərhlər verilib. Qeyd edək ki, indiyədək macar alimlərindən Gusila Mesoros, İqnats Kunos, German Vambere “Koroğlu” eposunu araşdıran tədqiqatçılardır. Hər iki kitab AMEA Folklor İnstitutu ilə Macarıstanda mərkəzi yerləşən Avropa Folklor İnstitutunun birgə əməkdaşlığı sayəsində işıq üzü görüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar