SON XƏBƏRLƏR

PREZİDENTLİYƏ AZƏRBAYCANLI NAMİZƏD 30 MİN NƏFƏRDƏN ÇOX TƏRƏFDARI QARŞISINDA TÜRK DİLİNƏ QADAĞADAN DANIŞIB

2021.10.20, 07:36
PREZİDENTLİYƏ AZƏRBAYCANLI NAMİZƏD 30 MİN NƏFƏRDƏN ÇOX TƏRƏFDARI QARŞISINDA TÜRK DİLİNƏ QADAĞADAN DANIŞIB

Gunaz.tv
İran prezidentliyinə azərbaycanlı namizəd Mirhüseyn Musəvi mayın 25-də Təbrizin “Təxti” stadionunda tərəfdarları qarşısında çıxış edib. “Media forum” saytının məlumatına görə, 30 min nəfərdən çox tərəfdarının toplaşdığı stadionda çıxışını Azərbaycan dilində başlayan M.Musəvi Təbrizi qəhrəmanlar şəhəri adlandırıb: “Səttarxan və Bağırxan kimi ərənlərin, Şəhriyar kimi ədiblərin və digər böyük şəxsiyyətlərin bu torpaqda yetişməsi Azərbaycanın böyük potensialından xəbər verir, bu diyarın qeyrət mərkəzi olduğunu sübut edir. Bu diyarın tarixi göstərir ki, Azərbaycan həmişə diktatorluq qarşısında dayanıb və ölkənin qorunması uğrunda mübarizə aparıb. Azərbaycan bu kimi sınaqlardan başıuca çıxdığını dəfələrlə sübut edib”. Musəvi Azərbaycan əyalətinin əvvəlki iqtisadi və siyasi əzəmətinin bərpa olunması vacibliyindən danışıb: “Biz hesab edirik ki, İran İslam İnqilabı tarixində dəfələrlə ölkəni xilas edən və müxtəlif təhlükələrdən qurtaran Azərbaycan ölkə səviyyəsində əvvəlki yüksək mövqeyini yenidən bərpa edə bilər. Biz bir tərəfdən Avropa qonşuluğunda olan, digər tərəfdən isə 72 milyonluq bir millətə bağlı olan Azərbaycan əyalətinin yüksək potensialına fürsət kimi baxmalı, ondan yararlanmalıyıq”. Ölkədə türk dili ilə bağlı qadağa və problemlərin ortadan qaldırılması və Azərbaycan xalqına hər hansı ayrı-seçkiliyə son qoyulması üçün konstitusiya normalarını icra edəcəyini vurğulayan Musəvi Azərbaycanın İranın başı olduğunu deyib: “Azərbaycanın taleyi İranın taleyi deməkdir. Azərbaycan vaxtilə İranın ən böyük iqtisadi və ticarət mərkəzi olub. Onun əvvəlki yüksək mövqeyi bərpa olunmalıdır”. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Konstitusiyaya Nəzarət Şurası prezidentliyə iddia edənlərdən dördünün namizədliyini təsdiqləyib: hazırkı prezident Mahmud Əhmədinejad, “Sepah”ın keçmiş komandanı Möhsün Rzayi, İran parlamentinin keçmiş spikeri, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi və keçmiş baş nazir Mirhüseyn Musəvi. Mirhüseyn Musəvi 1941-ci ildə Şərqi Azərbaycan vilayətinin Xaminə şəhərində doğulub. 1969-cu ildə İran Milli Universitetini (hazırkı şəhid Beheşti Universiteti) bitirərək memarlıq ixtisasına yiyələnən Musəvi islam inqilabından sonra bir müddət Ali Mədəni İnqilab Şurasının üzvü olub. 1981-1989-cu illərdə, İranın hazırkı dini rəhbəri ayətullah Xamneyinin prezidentliyi dövründə baş nazir vəzifəsində işləyib. 1989-cu ildə ölkə konstitusiyasında dəyişiklik edilib və baş nazir postu ləğv olunub. Nəticədə M.Musəvi hökumət vəzifələrindən uzaqlaşaraq fəaliyyətini əsasən Tehran İncəsənət Akademiyasında davam etdirib. Hazırda bu akademiyanın rəhbəridir.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar